Milli məfkurə sahibi
Ulu öndər, ümummilli lider, mərhum Heydər Əliyev heç bir mübaliğəsiz ən böyük azərbaycanlı deyib onunla qürur duya biləcəyimiz qüdrətli dühadır.
Heydər Əliyev böyük siyasi xadim və müdrik lider olmaqdan əvvəl, sözün əsl mənasında, milli məfkurə sahibi idi.
Bu, bütün dünya azərbaycanlılarını vahid və bölünməz müstəqil dövlətinə və millətinə bağlayan azərbaycançılıq məfkurəsidir. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi o dahi şəxsiyyətin vəfatından sonra da xalqımıza, dövlətimizə ən sevincli günlərdə də, ən çətin dövrlərdə də bələdçilik edir.
Onun azərbaycançılıq məfkurəsinə görə, din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan dövlətinə, millətinə və torpağına bağlı hər kəs azərbaycanlıdır. Buna görə də dünyəvilik, milli-mənəvi dəyərlərimizə sadiq qalmaqla inkişafımızın dünyəvi xarakteri, dinlə dövlətin ayrılması prinsipini özündə ehtiva edən sekulyarlıq azərbaycançılıq məfkurəsində mühüm yer tutur. Ulu öndər dünyəvilik məsələsini milli ənənələrimiz kontekstinə gətirərək öz baxışlarını belə ifadə edirdi: “Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini qazandıqdan sonra, bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin”.
Ulu öndərin dünyəvilik prinsipinə müdrik baxışı hazırkı şəraitdə də Azərbaycan üçün nəinki öz aktuallığını saxlayır, hətta tarixi bir zərurət kimi ön plana çıxıb. Heydər Əliyevin uzun illər öncə söylədiyi həmin sözlər hazırkı yeni geosiyasi şəraitdə və mürəkkəb beynəlxalq və regional durumda Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxışı zamanı dediyi sözlərlə həmahəng surətdə səsləşir: “Bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq”.
Dövlət başçımız sonra daha bir mühüm bəyanatla fikrini tamamlamışdır: “Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.”
Prezident İlham Əliyevin bu sözlərinin ideoloji qaynağı azərbaycançılıq məfkurəsidir. Deməli, ulu öndərin azərbaycançılıq məfkurəsi bizim həm ölkə daxilində cəmiyyətimizin birliyinin qorunması, həm ölkə xaricində azərbaycanlıların Azərbaycan dövlətinə bağlılığı, eləcə də dünya azərbaycanlılarının hüquqlarının qorunması üçün bir ideoloji istinad, mənəvi dayaq və siyasi əsas olaraq fundamental xarakterli tarixi rol oynayır. Bu fundamental xarakterli rolu dərindən anlamaq zərurəti dünya fəlsəfə və siyasət elmlərinin klassik məxəzlərinə istinad olunmasını tələb edir.
Britaniyalı ictimai xadim və mütəfəkkir Volter Beyghot qeyd edir ki, ənənələr cəmiyyətin, toplumun birliyi üçün vacibdir, amma, eyni zamanda, müəyyən mənada, adətlər, ənənələr tərəqqi, inkişaf üçün buxova çevrilə bilər. Cəmiyyətin birliyi ilə onun tərəqqisi arasındakı bu dixotomik xarakterli paradoksu həll etmək məsuliyyəti böyük liderlərin üzərinə düşür. Bu mənada, şəxsiyyətlərin rolunun tarixdə necə həlledici, tale müəyyənləşdirici rol oynadığı üzə çıxır. Heydər Əliyev məhz belə nadir şəxsiyyətlərdən idi. O, azərbaycançılıq məfkurəsi ilə milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə sadiq qalmaqla qüdrətli rəhbər kimi xalqımızın və dövlətimizin inkişaf və tərəqqisi yoluna çıxmasına, inamla addımlamasına liderlik, öndərlik etmişdir.
Heydər Əliyev haqqında istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində olan tanınmış şəxslər yüksək fikirlər söyləmiş, gözəl epitetlər demişlər. Yuxarıda qeyd olunan fikirlər də göstərir ki, Heydər Əliyev şəxsiyyətinə ən çox yaraşan, onun ömür yolunu və fəaliyyətini ən layiqli surətdə nümayiş etdirən epitetlər ulu öndər və ümummilli lider ifadələridir. Çünki o, böyük bir öndər kimi uçurum qarşısında və iqtisadi-siyasi, hərbi və mədəni kataklizmlər içərisində çapaladığımız bir dövrdə xalqımıza və dövlətimizə öndərlik etmiş, xilaskarlıq missiyasını yerinə yetirmişdir. Eləcə də, xalqımız, millətimiz ideoloji böhran və ekzistensial boşluq keçirdiyi, cəmiyyətimizdə fraqmentləşmə və bölünmə baş verdiyi halda birləşdirici lider kimi önə çıxmış, millətimizi azərbaycançılıq məfkurəsi ətrafında möhkəm birləşdirən ümummilli liderə çevrilmişdir.
Əhməd bəy Ağaoğlu 100 il əvvəl qeyd edirdi ki, Qərbin əsas səhvlərindən biri millətlərin, xüsusən də müharibədə uduzmuş millətlərin içindəki dərin, daxili qüvvəni nəzərə almamasıdır. İkinci Dünya müharibəsindən sonra müəyyən dərəcədə Qərb bu səhvini düzəltməyə çalışdı. Bu, özünü xüsusilə “Marşal planı”nın hazırlanmasında və icra edilməsində göstərdi. Amma bu məsələ hələ də tam həll olunmayıb. Belə problematik yanaşma ATƏT-in Minsk qrupunun həmsədrlərinin simasında Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalı məsələsində göstərdikləri mövqedə də aydın görünür. Həmsədrlər Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlub duruma düşməsi ilə barışacağını gözləyirdilər, onun dərin, daxili qüvvəsini, milli ruhunu nəzərə almırdılar. Amma Azərbaycan milləti həmin məğlub durumdan sarsılmadı, ona müvəqqəti hal kimi baxdı və daxili qüvvəsi hesabına toparlanmağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycan millətinin dərin, daxili ruhunun səfərbər olunmasına, yenidən toparlanmasına öndərlik etdi. Belə milli ruh ətrafında birləşmiş millətimiz Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi zəfər çaldı.
Məhz Azərbaycan xalqının milli ruhunu və işğalla barışmazlığını nəzərə ala bilməyən Fransa kimi dövlətlər həmin haqq zəfərimizlə bu gün də barışa bilmirlər və nəticədə öz milli maraqlarına zidd olan addımlar atmalı olurlar. Deməli, Əhməd bəy Ağaoğlunun qeyd etdiyi “səhvi” Fransanın simasında həm bəzi Qərb dövlətləri, eləcə də Qərbə aid olmayan digər dövlətlər də Azərbaycana qarşı bu gün də davam etdirirlər. Ancaq artıq Azərbaycan 1990-cı illərin zəif, məğlub duruma düşmüş Azərbaycanı deyil, azərbaycançılıq ideyası ətrafında birləşərək “Dəmir yumruğa” dönmüş, qalib və güclü Azərbaycandır. Ulu öndər Heydər Əliyev həyatdan köçsə də, onun Azərbaycan xalqının “Dəmir yumruq” ətrafında birləşməsinin bünövrəsində dayanan azərbaycançılıq məfkurəsi əbədi yaşayır.
Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin, ruhu şad olsun!
1news.az