Psixoloq: “Gələn dəfə yaxşı olar” cümləsi uşaqları yanlış yönləndirir
Uşaqların özünə inamını zədələyən ən böyük problem valideynlərinin davranışlarıdır.
Valideynlərin tez-tez fərqinə varmadan söylədikləri bəzi sözlər, hərəkətlər və davranışlar uşaqların özünəinamına dərin ziyan vurur və xarakterlərində qalıcı gələcəkdə ciddi problemlər yarada bilir. Hər ailə övladının uğurlu olmasını istəyir. Ancaq bu məsələ uşaqların özünə inamı ilə bağlıdır. Əgər valideyn övladına o inamı verə bilmirsə, qarşılığını da tələb edə bilməz. Bütün zamanların ən aktual mövzusu şagirdin məktəbdəki dərslərinə yanaşmasında övlad-valideyn-müəllim münasibətləri ilə bağlı araşdırma etdik.
Məsələ ilə bağlı 1news.az-a Psycho Clinic klinik psixoloq Anara Quliyeva açıqlama verib. Psixoloqun sözlərinə görə, əksər valideynlər və pedaqoqlar uşaqların psixologiyasına bələd deyillər:
“Öncəliklə qeyd etmək istərdim ki, bu dövrdə valideynlər 2 yerə ayrılır: Laqeyd valideynlər və avtoritet valideynlər. Laqeyd valideynlər il ərzində övladının dərsləri ilə maraqlanmır, il sona çatanda və ya imtahan ərəfəsi gələndə uşaqdan yüksək nəticə tələb edirlər. Avtoritet valideynlər isə əksinə uşağa qarşı çox ciddi yanaşır onun göstərdiyi nəticədən heç vaxt razı qalmırlar.
Burada müəllimlərin də davranışı çox önəmlidir. Şagird düşünür ki, qiymətlərdən və ya imtahanlardan sonra müəllim mənimlə necə davranacaq, sinif yoldaşları arasında nə kimi fərqlər qoyacaq, bu artıq problemdir”.
“Bir də valideynlərin tez-tez istifadə etdiyi zərərli cümlə var ki, “gələn dəfə yaxşı olar” bu uşaqları yanlış yönləndirir” - deyə, o bildirib:
“Gələn dəfə hər şey yaxşı olmaya da bilər. Onun əvəzinə uşaqlara bu problemi necə aradan qaldırmaq olar, gündəlik iş bölgümüz necə olacaq deyə plan tərtib etməlidirlər. İntahar hallarına gətirib çıxaran əsas amillərdən biri uşaqlarda sadəcə bir mənəvi dəyərin formalaşdırılması olur. Məsələn, uşağın sadəcə dərs oxuması, qiymətlərinin yaxşı olması üçün çalışması əsas faktorlardan biridir. Əlbəttə, məktəblinin dərslərə yönləndirilməsi yaxşı amildir, amma tutaq ki, otağını yığışdırmaq əvəzinə sırf dərsə yönləndirildiyi zaman uşaqda fərqli düşüncə yaranır. Məsələn, uşaq yaxşı nəticə göstərməyəndə düşünür ki, ailəm məni sadəcə qiymətlərə və bala görə sevir. Yaxşı nəticə göstərmədim məni daha sevməyəcəklər və s. şüuraltında formalaşır”.
Psixoloq deyib ki, müəllimlərin çoxu uşaqların psixologiyasına bələd deyillər.
“Məsələn, ibtidai sinfi bitirən və 9-cu sinifə qədər bütün şagirdlərin ərgənlik dönəmi olur. Bu dövrdə onlar daha fərqli olurlar. Daha aqressiv, aqresiyaya reaksiya verməyə meyilli olurlar. Təəssüf ki, bu dövrdəki uşaqların bu cür davranışları onlara əyləncəli gəlir. Çünki tələb etdikləri ünsiyyət tələbatıdır”.
Psixoloq qeyd edib ki, məktəb vaxtı verilən əsas qərarlardan biri də gələcək ixtisas seçimidir:
“Peşə seçiminə gəldikdə uşaq-valideyn-müəllim qərarı ortaq olmalıdır. Məsələn kimya, fizika, biologiya fənnlərində zəif olan uşağın valideyninin arzusu övladının həkim olmasıdırsa, bu çətindir. Çünki akademik bacarıq da önəmlidir. Uşağın nə istədiyinə də önəm verilməlidir, ailədə dəyirmi masa qurulmalı söhbət aparılmalıdır. Peşə seçimi o cür verilsə daha yaxşı olar. Bir də ailənin düşüncə tərzi də ixtisas seçimində rol oynayır. Elə peşələr var ki, onlar bəzi ailələr tərəfindən normal qarşılanmır. Ən vacib məqam ortaq məxrəcə gəlməkdir”.