ADA Universitetində Azərbaycan Jest Dili Tətbiqi – yeni mobil tətbiq təqdim olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA Universitetində Azərbaycan Jest Dili Tətbiqi – yeni mobil tətbiq təqdim olundu

16:55 - Bu gün
ADA Universitetində Azərbaycan Jest Dili Tətbiqi – yeni mobil tətbiq təqdim olundu

Oktyabrın 8-də ADA Universitetində Azərbaycan jest (işarət) dilinin öyrənilməsi üçün nəzərdə tutulmuş yeni mobil tətbiqin təqdimatı keçirilib.

Layihə ADA Universiteti və ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. bp və tərəfdaşları, həmçinin Nar şirkətinin maliyyə dəstəyi ilə reallaşan bu təşəbbüs inklüzivliyin təşviqini məqsəd qoyur.

Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Nar şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova çıxış ediblər. Tədbir zamanı tətbiqin hazırlanma prosesi barədə qısa video da nümayiş olunub.

Layihənin rəhbəri, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin müəllimi Nurəddin Sədili çıxışında qeyd edib ki, JestPlus tətbiqi sayəsində Azərbaycan jest dilini öyrənmək artıq həm asan, həm də əyləncəli olacaq. O bildirib ki, bu tətbiq istifadəçilərə istənilən vaxt və məkanda, müəllimə ehtiyac duymadan jest dilini öyrənmək imkanı yaradır. Nurəddin Sədilinin sözlərinə görə, layihə sadəcə bir tətbiqin yaradılmasından ibarət deyil, həm də inklüziv cəmiyyətə doğru atılmış mühüm addım, cəmiyyətin bu istiqamətdə inkişafına körpü rolunu oynayacaq bir təşəbbüsdür.

Yeni tətbiq yalnız jest dilini öyrətməklə kifayətlənmir. Pedaqoji yanaşmaya əsaslanan platforma istifadəçilərə dərslər, interaktiv tapşırıqlar və testlər vasitəsilə jest dilini sistemli şəkildə öyrənmək imkanı yaradır. Tətbiqdə 789 video, 358 jest sözü, 27 illüstrativ şəkil və 32 animasiya yer alır ki, bu da istifadəçilərə real ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Tətbiqin hazırlanmasında ADA Universitetinin məzunları texniki dəstək göstəriblər, məlumatların toplanması isə “Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilib.

Qeyd edək ki, JestPlus tətbiqi yaxın zamanda Azərbaycan jest dilini öyrənmək istəyən hər kəs üçün əlçatan olacaq.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər