Kabusa çevrilən imtahan - Abituriyent intiharlarının qarşısını necə almaq olar? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Kabusa çevrilən imtahan - Abituriyent intiharlarının qarşısını necə almaq olar? - ŞƏRH

Ayşən İsmayılova11:00 - 21 / 04 / 2023
Kabusa çevrilən imtahan - Abituriyent intiharlarının qarşısını necə almaq olar? - ŞƏRH

“Yaxşı yaz, əziyyətimizi itirmə” deyərək övladlarına “ürək-dirək verən” valideynlər, qonşusunun əmisi nəvəsinə “mənəvi dəstək” üçün təşrif buyuran qonum-qonşu komandası, ürəyi gedənlər, ağlayanlar, dua edənlər və s.

Azərbaycanda qəbul imtahanlarının “qılıncının altından keçən”, lakin bu mənzərə ilə qarşılaşmayan insan tapmaq olduqca müşkül məsələdir. Bu yoldan keçmiş insanlar özləri də müxtəlif kateqoriyalara bölünürlər. Başını aşağı salıb “çərəkə” oxuyanlar, izdihamın içində əsim-əsim əsənlər, yadından çıxan mövzulara sonuncu dəfə göz gəzdirənlər, stressə dözə bilməyib huşunu itirənlər, ağlayanlar və b.

Medalın digər bir üzü isə imtahan nəticələri açıqlandıqdan sonra üzə çıxır. Budəfəki mənzərə isə daha dəhşətli və faciəvi olur. Az bal topladığı üçün valideynləri və ətraf mühit tərəfindən edilən tənələrə dözə bilməyib intihar edən gənclər və onların yazıb qoyduğu vida məktubları...

Bəs bu mənzərənin yaranmasında günahkar kimlərdir? Azərbaycanda qəbul imtahanı niyə bu qədər həyati önəm daşıyır? Universitet oxumaq insan canından daha dəyərli ola bilərmi?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri cəmiyyətimizdə universitet amilinin yanlış anlaşıldığını və problemin kökünün də məhz bunda olduğunu söyləyib.

“Artıq uzun illərdir ki, universitetin mahiyyəti bir kənarda qalır, camaat ona həyati əhəmiyyətli psixoloji bir maneə kimi baxır. Əlbəttə, universitet oxumaq, ali təhsil almaq, özünü cəmiyyət üçün bir kadr olaraq formalaşdırmaq çox vacibdir. Lakin universitetə qəbul olmağı psixoloji bir maneə səviyyəsinə çatdırmaq həmin cəmiyyətin bir nöqsanıdır.

Ailədə olan universitet amilinə olan baxış, anormal münasibət, ifrat istək uşaqların üzərində əlavə psixoloji basqı yaradır. Bu gün Azərbaycan təhsilində məktəb anlayışı demək olar ki, sıradan çıxıb. Biz 11 il ona görə oxuyuruq ki, ən sonda universitetə qəbul ola bilək. Universitet nədir? Universitet dünyanın hər yerində əmək bacarığı üçün kadr hazırlayan yerdir. Amma Azərbaycan reallığında universitet bu cür qəbul olunmur.

Hər kəs ali təhsilli olmalı deyil. Hər kəs öz istiqamətində cəmiyyət üçün yararlı kadr olmalıdır. Dünyanın universitet amilinə baxışı dəyişir, bizdə isə bu qəlib daha da daşlaşır”.

Ekspert qeyd edib ki, şagirdi intihara sövq edən onun psixoloji travmalarıdır.

“Bu gün orta məktəblərdə müəllimlər, məktəb rəhbərliyi, ən əsas da məktəb psixoloqları buraxılış sinfinin şagirdləri ilə bircə dəfə də olsun söhbət etmirlər ki, universitetə qəbul olmamaq dünyanın sonu deyil. Universitetə qəbul olmamaq sənin yararsız olmağın demək deyil. Bunlar deyilmir. Ailədə isə bunların əksi şagirdlərin şüuraltına yeridilir. Hər bir şagird imtahana əlavə bir ağırlıqla girir. Bu ağırlıq zehni ağırlıq, yəni onun hazırlaşdığı müddətdə topladığı informasiyaların cəmi deyil, bu psixoloji bir ağırlıqdır. Bu, ata-ananın, hətta qonşuluqdakı qeybətcil bir insanın onun üzərində olan psixoloji basqısıdır. “Mən zəif yazsam, valideynlərim, qonşum nə deyəcək? Abituriyentlər bu düşüncələr altında imtahan zalına daxil olur və həmin ağırlıq altında nələrisə cavablandırmağa çalışırlar. Bizim əsas problemimiz budur. Bu psixoloji maneəni aradan qaldırmaq lazımdır.

Bunu qarşısını almaq orta məktəbdən başlamalıdır. Psixoloji istiqamətli söhbətlər bu məsələnin ilkin həlli olmalıdır. Bu gün təhsilimizi iflic edən əsas məsələ psixoloji maneədir. Hər il imtahan nəticələrindən sonra bir və ya bir neçə məzun intihar edir. İntihar məsələnin görünən tərəfidir. Bir çoxları ailəsi tərəfindən daş-qalaq edilir. Bunlar psixoloji zərbələrdir. Az qala hər evdə, hər ailədə bunlar yaşanılır. Məktəb psixoloqları valideynlərə bu istiqamətdə təlimlər keçməlidirlər. Valideyn uşağını rəqabət obyekti kimi görür. “Mənim övladım məni başqasının yanında gözükölgəli qoymayan bir obyektdir. Uşağı psixoloji cəhətdən əzən məqam da məhz budur. Nə etmək lazımdır?

Birincisi, hər məktəbdə 9 və xüsusən də 11-ci siniflər üçün mütəmadi olaraq psixoloji konsultasiyalar keçilməlidir. Onlara təlqin edilməlidir ki, universitet vacibdir, amma həyati əhəmiyyətli deyil. Peşə bacarığı ilə fərqlənən bir şagird üçün universitet vacib deyil, əksinə bir əngəldir. Məsələn, çox yaxşı dərzilik qabiliyyəti olan bir şagird dərziliyi deyil, hər hansı bir universiteti seçirsə, universitet onun həyatının əngəlinə çevriləcək. Mən belə insanlar çox görmüşəm. Yüzlərlə insan var ki, onlar ali məktəb tələbəsi olduqdan sonra öz təhsilini yarımçıq qoyub sonradan peşə məktəbinə gediblər. Onlar arasında sorğu keçirəndə bildiriblər ki, biz universitet oxumaqla 4 ilimizi itirmişik və çox peşmanıq.

İkinci məsələ isə ixtisas seçimində uşaq düzgün istiqamətləndirilməlidir. Bu gün bizə bacarığımıza adekvat ixtisas seçimi təlqin olunmur. Buna görə də belə boşluqlar yaranır”.

Psixoloq Gülnar Orucova isə son dövrlərdə universitetə qəbul olmaq həvəsinin abituriyentlərdən çox valideynlərdə yarandığını deyib.

“Sanki valideynlər bir-biri ilə yarışa giriblər ki, hər kəsin övladı universitet oxumalıdır. Niyə belədir? Bunun kökü təhsil sisteminə gedib çıxır. Çünki təhsil sistemində normal təhsil verilsə, abituriyentlər bu təhsillə orta məktəblərdən universitetə daxil ola bilsələr, valideyn artıq pul verib repetitor tutmasa, övladına da bu təkidləri etməz ki, mən bu qədər pul xərcləyirəm, sən universitetə girməlisən. Mənim əziyyətimi boşa çıxarmamalısan.

Nəzərə alsaq ki, Azərbaycanda o qədər də yüksək deyil, valideynlər aldıqları bütün maaşı övladının repetitor yanına getməsi üçün xərcləyir. Valideyn öz istəklərini, arzularını həyata keçirə bilmir və bunun fonunda da pul xərclədiyi üçün övladını məcbur edir ki, universitetə girməlisən. Övlad da bunu bacarmayanda sanki intiharla valideynini cəzalandırır. Amma bu düzgün deyil”.

Psixoloq həmçinin valideynlərin öz övladlarını vaxtında düzgün yönləndirməli olduğunu vurğulayıb.

“Valideyn olaraq övladınızın yalnız uğurlu zamanında deyil, uğursuz zamanlarında da yanında olmalı və ona dəstək olmalsınız. Hər kəs universitet oxuya bilməz. Hər universitet oxuyan işlə təmin olunub yüksək yerlərdəmi çalışır? Elə universitet oxuyanlar var ki, diplomları “evdə yatır”. Eləsi var, oxuyur, bacarığı olmur, işini inkişaf etdirə bilmir. Sadəcə diplom olsun deyə oxuyur. Bunun fonunda valideynlər yarışa giriblər. Övladımızla dost olmalıyıq. Ona “sən qəbul olsan da, olmasan da hər zaman sənin yanındayam” deməliyik. Övladımızla şərtlər kəsməli deyilik. Marağının nəyə olduğuna baxmalı və onu o istiqamətdə inkişaf etdirməliyik.

Bu cür hallar sosial şəbəkələrdə, mətbuatda paylaşılmamalı, göz önünə çəkilməməlidir. Tez-tez göstərəndə yeniyetmələr bunu düzgün kimi qəbul edirlər.

İllər öncə biz də universitetə qəbul olmuşuq, özü də repetitor yanına getmədən. Deməli, o vaxtlar təhsil sistemi daha yaxşı idi. İndi bəzi məktəblərdə müəllimlər dərs keçmir ki, hazırlıqda öyrədəcəyəm. Niyə müəllim dərs zamanı dərsini keçməməlidir? Niyə uşaqlar universitetə girmək uğrunda bu qədər mübarizə aparmalıdır?”

Paylaş:
1136

Son xəbərlər

Bütün xəbərlər