Rahat şəhər həyatını Qrız kəndinə dəyişən müəllim: “Nəyisə öyrətmək üçün həvəslə məktəbə yollanıram” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Rahat şəhər həyatını Qrız kəndinə dəyişən müəllim: “Nəyisə öyrətmək üçün həvəslə məktəbə yollanıram” - MÜSAHİBƏ

Ayşən İsmayılova09:56 - 16 / 05 / 2023
Rahat şəhər həyatını Qrız kəndinə dəyişən müəllim: “Nəyisə öyrətmək üçün həvəslə məktəbə yollanıram” - MÜSAHİBƏ

Türkiyə İstiqlaliyyət müharibəsi və ya türklərin təbirincə desək, Türk Qurtuluş savaşı dövründə Anadoluda hökm sürən çətin və ağır günləri əks etdirən “Çalıquşu” romanı yazılmasından bir əsr ötməsinə baxmayaraq, hələ də “çalıquşu” olmağa çalışanlar üçün ən böyük ilham mənbələrindən biridir.

Sevindirici haldır ki, təhsil sistemimizin nəzərlərindən uzaq qalan ucqar kənd məktəblərinin çırağı işinə könül vermiş əqidəli "Fəridə"lər sayəsində hələ də yanmaqdadır. Həmin fədakar müəllimlərdən biri də Aişən Hüseynsoydur.

1news.az Quba rayonu, Qrız kənd ümumi orta məktəbinin dil-ədəbiyyat müəllimi olan Aişən Hüseynsoy ilə həmsöhbət olub.

- Aişən müəllim kimdir? Bir az özünüz haqqında danışardınız.

- Mən, Aişən Hüseynsoy Əfqan qızı 2 sentyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qışlaqabbas kəndində doğulmuşam. 2016-cı ildə Bakı şəhər Xətai rayonu Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin , 2020-ci ildə isə BDU Filologiya fakultəsinin məzunu olmuşam.

- Müəllimlik peşəsini seçməyinizdə valideynlərinizin rolu olub? Olubsa, bundan peşmanlıq duymusunuzmu?

- Sözün doğrusu, bəli. Mən arxeologiya, jurnalistika ilə daha çox maraqlanırdım. Lakin atamın bir qadına yaraşdırdığı ən gözəl peşə müəllimlikdir. Müəllim olmağımda atamın rolu böyükdür, və bu gün ona borclu olduğumu hiss edirəm. Çünki məhz elə müəllimlik üçün yarandığımı və bu ixtisasla bütünləşdiyimi düşünürəm.

- Necə oldu ki, Qrız kəndində işləməyə qərar verdiniz?

- Həm kənd məktəbində, həm liseydə, həm də şəhər məktəbində təhsil almışam. Və bu üçü arasındakı fərqi kiçik yaşlarımdan görürdüm. Əgər müəllim olacaqdımsa, bu ən ucqar bölgələrdən birində başlamalı idi. Kənd məktəbindəki şagirdlərin daha çox müəllimə ehtiyacı olduğunu düşünürdüm. Buna görə də seçimlərim ucqar bölgələrdən ibarət idi.

Bəzi müəllimlər şagirdlərin həyatında dönüş nöqtəsi yaradırlar. Mən elə müəllimlərdən olmaq istəyirdim, kiməsə stimul olmaq, kimisə uğura inandırmaq, oxumağın maraqları metodlarını öyrənərək öyrətmək istəyirdim.

Səs-küylü şəhər həyatı, şagird və tələbə olaraq keçirdiyim yorucu illər də bu qərarı verməyimdəki digər səbəblərdən idi. Çünki buraya gəlməmişdən Qrızın təbiətinə valeh olmuşdum.

- Valideynləriniz belə ucqar bir kənddə müəllimlik etməyinizi necə qarşılamışdılar?

- Onları razı salmaq bir az çətin oldu. Amma hər zaman mənə dəstək oldular və qərarlarımın arxasında durdular. Anam və ən əsas nənəmin zəhməti də danılmazdır. Bütün həyatını bir kənara qoyub mənimlə çətin şəraitli və ucqar bölgədə yaşayan nənəmə çox şey borcluyam.

- Gənc bir müəllim kimi kənddə sizə münasibət necədir?

- İnsanları mehriban və düşüncəlidirlər. Və yaşımın az olmağına baxmayaraq, belə cəsarətli addım atdığıma görə məni təqdir edirlər. Əvvəllər şəhərdən gəlmiş biri olaraq buraya uyğunlaşacağımı və uzun müddət qalacağımı düşünmürdülər. Qrız dilini bilmədiyimi nəzərə alsaq, bu o qədər də asan olmadı. Ən sevdiyim şey isə bəzi valideynlərin qızlarına məni örnək göstərməsidir.

Təbii ki, hər yerin yaxşısı və pisi olur. Mənə əsas motivasiyanı şagirdlərim verir. Hər səhər dərs keçmək, nəyisə öyrətmək üçün həvəslə məktəbə yollanıram. Dərsin necə bitdiyini, vaxtın necə keçdiyini anlamıram.

- Belə ucqar məktəbdə müəllim işləməyin hansı çətinlikləri var?

- Əvvəla, ailədən ayrı qalmaq. Mən yatılı liseydə oxuduğum üçün buna alışmışdım. Amma istədiyin vaxt sevdiklərini görə bilməmək darıxdırıcıdır. Və kənddə dalğa çox zəif olduğundan, hətta sadəcə bəzi yerlərdə internet olduğundan bəzən əlaqə saxlamaq da olmur.

Çalışdığım yerin şəraiti olduqca çətindir. Hava çox soyuqdur, kənddə qaz yoxdur, isti su problemdir, qışda sular donur, aylarla başqa yerdən su daşımalı olursan. Həyatımda görmədiyim qədər qarı 2 il ərzində Qrızda gördüm. Burada market, aptek, marşrut və s. yoxdur. Hər zaman yolların bağlana biləcəyini nəzərə alaraq 1-2 aylıq ərzaq tədarükü görmək lazımdır. Hətta xəstələndiyimiz zaman aptekdən dərman ala bilməyəcəyimizdən, onlar da əvvəlcədən alınmalıdır.

- Dil-ədəbiyyat müəllimisiniz. Özünüzü ədəbiyyat dünyasından kimə bənzədirsiniz?

- Bəxtiyar Vahabzadənin qələmə aldığı "Mərziyyə" poemasının qəhrəmanına bənzədirəm özümü. Ana dilimizi, ədəbiyyatımızı, hətta tariximizi şagirdlərimə öyrətmək üçün əlimdən gələni edirəm.

Amma sadəcə bununla kifayətlənmirəm. Onlara əylənərək və sevərək öyrənəcəkləri bir şərait yaratmaq istəyirəm. Burada çalışdığım müddətdə ssenarist, rejissor və s. kimi fəaliyyətlərim olub. Şagirdlərimlə kiçik film çəkməklə, teatr səhnələrini canlardırmaqla, onlara milli rəqslərimizi, musiqilərimizi, şeirlərimizi səsləndirməyi öyrətməklə, bəzən onlarla film izləməklə, kəndi ekskursiyaya çıxmaqla və s. onların həyatında bir çox ilkə imza atdığımı bilirəm. Məqsədim onlara milli adət-ənənələrimizi, ziyalılarımızı, xalqımızın başına gələn faciələri və bir xalq olaraq nə qədər güclü olduğumuzu öyrətməkdir. Sadəcə təhsil vermək deyil, tərbiyə və dünyagörüşlərini də formalaşdırmağa kömək etməkdir.

- Kənddəki təhsillə şəhərdəki təhsil arasında hansı fərqlər var?

- Şəhərdə təhsil almaq üçün şərait daha yaxşıdır. Şəhər məktəbləri avadanlıqlarla təmin olunub, şagirdlərin ekskursiya edə bilmələri üçün şəraitləri var. Ən əsası öyrəndiklərini tətbiq edəcək, təcrübələr həyata keçirəcək laboratoriyaları var. Kəndlərdə nəinki laboratoriya, o fənləri tədris edəcək müəllim də tapılmır.

Şəhər məktəblərindəki siniflərdə şagird sayı çox olur, hətta buna görə bəzən yeni siniflər açılır. Kəndlərdə isə əksinə bütün uşaqları bir sinifdə toplayıb, komplekt siniflər yaradırlar. Uşaq sayı az olduğu üçün çalışdığım məktəbdə 1,2,3,4- cü siniflər bir yerdə dərs keçirlər. Və bir müəllim 45 dəqiqə ərzində bütün şagirdlərə dərsi izah etməli, onların suallarını cavablandırmalıdır. Hətta bəzən bir sinfə Azərbaycan dili dərsi, digər sinfə isə riyaziyyat dərsi keçirilməli olur. Komplekt siniflərdə təhsil alan şagird 5-ci sinifdə ayrıldığı zaman yazmaq, oxumaqda çətinlik çəkir.

Ölkəmizdə hər uşağın təhsil almaq hüququ var. Amma hər uşaq eyni şəraitdə təhsil ala bilmir. Bəzi şagirdlər təəssüf ki, bu hüququndan lazımi qədər yararlana bilmir.

Buradakı uşaqların dünyagörüşü daha məhdud olur. Uşaqlar teatr, muzey, sərgi və s. anlayışlardan uzaq olurlar. Kənd yerində təhsilin demək olar ki, üstün cəhəti yoxdur.

- Bir qədər kənd məktəbinin problemlərindən danışaq.

- Şagird sayı az olduğundan modul tipli məktəbdə çalışıram. Texnologiya dövründəyik və dərsləri də buna uyğun keçməliyik. Amma ağıllı lövhə, projektor və s. avadanlıqlar olmadığından bu çox çətindir. Kimya, fizika dərslərinin tədris olunması üçün laboratoriyalar yoxdur. Fiziki tərbiyə dərsi üçün ərazi və ya avadanlıqlar da yoxdur. Demək olar ki, sanitar qovşaqlar istifadəyə yararsızdır.

Hava şəraitindən asılı olaraq, işıqlar bəzən günlərlə yanmır. Bu zaman buz kimi sinif otaqlarında dərs keçmək məcburiyyətində qalırıq. Bu da həm şagirdlərin, həm də müəllimlərin xəstələnməsi ilə nəticələnir.

- Rayonlarda qız uşaqlarının təhsildən yayındırlması və erkən nikaha cəlb edilməsi halları çox olur. Belə hallarla qarşılaşmısınızmı?

- Çalışdığım kənddə bu cür hadisə ilə rastlaşmamışam. Amma rayon və kəndlərdə ailə quran qızların yaşlarının təhsilli qızların yaşlarından daha az olduğunun şahidi olmuşam.

Nəinki Azərbaycanda, dünyanın hər yerində bu problemlə rastlaşmaq mümkündür. Hər bir vətəndaşımızın təhsil almaq hüququ var. Hətta mənim fikrimcə, qız uşaqlarının oğlanlardan daha çox təhsilə cəlb olunması lazımdır.

Hər uşaq ailənin güzgüsüdür, ailədə isə əsas tərbiyə anadan asılıdır. Ana bilikli, savadlı olmalıdır ki, onun tərbiyə edəcəyi, yetişdirəcəyi övlad da bu keyfiyyətlərdə olsun. Və bilikli ananın yetişdirəcəyi oğlanlar, kişilər də azyaşlı qızlarla ailə həyatı qurmaqdan yayınacaqlar.

Sadəcə azyaşlı qızlar deyil, yaşı az oğlan oğlanların da evləndirildiyi hər kəsə məlumdur. Bunların qarşısını almaq üçün sağlam cəmiyyət formalaşdırmalıyıq. Bu da düzgün tərbiyə və təhsildən irəli gəlir. Hər bir vətəndaşımız öz hüquqlarından xəbərdar olmalıdır və öz gələcəyi üçün yrri gəldikdə “YOX” deməyi bacarmalıdır.

Əslində qız uşaqlarının təhsildən yayındırılmasının səbəbi də budur. Çünki insan nə qədər az bilsə, o qədər çox razı olacaq. Və hüquqlarını bilməyən birini nəyəsə inandırmaq və məcbur etmək daha asandır.

- Hansı təklif gəlsə, pedoqoji fəaliyyətinizi atıb Bakıya gələ bilərsiniz?

- Təhsilimi davam etdirmək və daha çox öyrənmək şansım olsa, bəlkə də. Və ya bildiyimi daha çox şagirdə çatdırmaq, düzgün tərbiyə, təhsil verə bilmək imkanım olsa, Bakı və ya daha böyük şəhərlərdə işləməyi düşünərdim.

Kənd məktəblərindəki şagirdlərin gələcəyi və təhsili üçün layihələrin hazırlanması və ya həyata keçirilməsi də buna səbəb ola bilər.

- Kənd məktəbində çalışmaq istəməyən müəllimlərə nə demək istərdiniz?

- Təəssüf ki, hər il minlərlə müəllim MİQ imtahanlarında iştirak edir, lakin əksəriyyəti şəhər məktəblərinə müraciət edirlər. Və kəndlərdə, ucqar bölgələrdəki vakansiyalar boş qalır. Universitet bitirib diplom almaq asandır, amma hər diplom alan şəxsə müqəddəs müəllim adını vermək düzgün deyil. Müəllim gələcəyimizi yetişdirməli, xalqımızı savadlandırmalı, vətənə xeyirli, layiqli şəxsiyyətlər formalaşdırmalıdır. Hər bir ixtisas sahibi hansısa müəllimin şagirdi, tələbəsi olur.

Kənd məktəblərində savadlı, oxumağa həvəsli şagirdlərimiz olduqca çoxdur, ancaq onlara düzgün yol göstərən, motivasiya verən, onları bilikləndirən müəllimlər azdır. Bir şəxs pul qazanmaq üçün deyil, kiməsə bilik vermək, yol göstərmək istədiyi üçün müəllim olmalıdır.

Mən müəllim olmaqdan, şagirdlərə nəsə öyrətməkdən şərəf duyan, zövq alan həmkarlarımı kənd məktəblərinə dəvət etmək istəyərdim. Düzgün gələcəyi formalaşdırmaq bizim əlimizdədir.

- Təhsilimiz və müəllimlərimizlə bağlı dilə gətirmək istədiyiniz hansı istəkləriniz var?

- Kitab bilik mənbəyidir, lakin texnologiya dövründə olduğumuzdan, deyəsən, internet bilik mənbəyinə çevrilib. Kitablarda məlumat yox dərəcəsindədir.

Kurikuluma görə müəllim şagirdə yön verməlidir, şagird özü tapşırıqları yerinə yetirməlidir. Şagird bir şeyi bilməmiş onu necə tətbiq etsin? Müəllim yenə də əlavə vəsaitlərdən, öz biliyindən istifadə edərək şagirdə məlumat verir, amma bu məlumatlar dərslikdə öz əksini tapsaydı, şagird üçün daha rahat olardı. Çünki hər bir şagirdin əlavə vəsait almağa imkanı və ya hər bir müəllimin o məlumatları mühazirə kimi şagirdə yazdırmağa vaxtı yoxdur. Dərsdə danışılanı isə bütün şagirdlər eyni dərəcədə mənimsəyə bilmirlər.

Bundan əlavə, bəzi müəllimlər sırf maddiyyat düşünərək sinif otaqlarına daxil olurlar. Müəllimi şagirdin dərsi nə dərəcədə mənimsədiyi maraqlandırmır, dərsini deyib qarşılığını alır. Və davamlı maaşını aldığı müddətcə hansı şagirdin mövzunu nə dərəcədə anladığı onun üçün problem yaratmır.

- Son illər şagirdlərin böyük əksəriyyəti repetitor yanına gedirlər. Siz özünüz repetitorluq fəaliyyəti ilə məşğul olursunuzmu? Şagirdlər repetitor yanına getmədən universitetə qəbul ola bilərlərmi?

- Bunun müxtəlif səbəbləri var. Hər bir insan dərsini deyib, işi bitdikdən sonra istirahət etmək istəyər. Amma bəzi müəllimlər maddi baxımdan repetitorluq fəaliyyəti göstərirlər. Düşünürəm ki, maaş qane etmədiyindən, bir çox müəllim öyrədə biləcəyi hər şeyi dərs vaxtında öyrətmir və şagirddə mövzu haqqında sual yaranır. Bu zaman şagird əlavə hazırlığa ehtiyac duyur və müəlliminə müraciət edir. Dərs saatında izah edə biləcəyi dərsi müəllim əlavə pul qarşılığında öyrədir. Bu ölkəmiz və təhsilimiz üçün faciədir. Çünki müəllim maddiyyat düşünməli deyil, bildiyini, hətta bilmədiyini necə və hansı üsullarla şagirdlərə çatdıra bilər deyə düşünməlidir.

Digər bir səbəbi isə MİQ imtahanından uğur əldə etmək, hətta sertifikasiyadan keçə bilmək üçün müəllimlərin də hazırlığa getməsidir. Əgər məktəbdə dərs deyən bir müəllimin hazırlığa getməyə ehtiyacı varsa, onun şagirdi necə uğur əldə edə bilər? Öyrənməyin yaşı yoxdur, hər kəs öz biliyini daima artırmalı, yeniliklərdən xəbərdar olmalıdır. Lakin bir müəllim tədris etdiyi fəndən və şagirdlərə öyrətdiyi mövzulardan imtahan vermək üçün başqa bir müəllimin ( repetitorun ) köməyinə ehtiyac duyursa, artıq düşünmək lazımdır.

Savadlı müəllim ordusu sağlam bir nəsil formalaşdıra bilər. Əgər müəllim işini sevərək, başqa heç bir problem düşünmədən yerinə yetirsə, sadəcə biliyini şagirdin anlayacağı metodla ona ötürmək üçün çalışsa, repetitorlara ehtiyac qalmayacaq. Repetitor hazırlıqda öyrətdiyini dərs saatında öyrətsə, və ya həqiqətən müəllim adına layiq olan, savadlı, ixtisasına yiyələnmiş şəxslər məktəblərdə çalışsa, hər bir şagird məktəbdə öyrəndikləri ilə universitetə daxil ola bilər. Nəzərə alsaq ki, universitetə qəbul olmaq üçün hazırlanan suallar məktəb dərslikləri çərçivəsində hazırlanır.

Paylaş:
1270

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər