“Əkin sahələri tələbata uyğun suvarma suyu ilə təmin olunur” - Salyanda yerləşən nasos stansiyalarından REPORTAJ
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Salyan rayonunda olan Kürkənd və Birləşmiş Baş Akuşa nasos stansiyalarına mediatur təşkil olunub.
1news.az xəbər verir ki, ilk olaraq media nümayəndələri Salyan rayonunda yerləşən
Kürkənd nasos stansiyasında olub.
Media nümayəndələrinə açıqlama verən Azərbaycan Meliorasiya və Su təsərrüfatı” ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov deyib ki, Kürkənd nasos stansiyası Salyan Suvarma Sistemləri İdarəsinin balansında olan 29 nasos stansiyasından biridir.
“Bu stansiyası rayonun Xurşud, Noxudlu və Kürkənd kəndlərininin 2840 hektar torpaq sahələrini su ilə təmin edir, 1982-ci ildən fəaliyyət göstərən və 2022-ci ildə əsaslı təmir olunmuş 2 aqreqatlı “Kürkənd” nasos stansiyası uzunluğu 16,2 kilometrdir. Ümumi məhsuldarlığı 3,2 kubmetr/saniyədir”.
“Kürün mənsəbində yerləşdiyi üçün Salyanın su təminatında müəyyən çətinliklər olur” - deyə, Q.Kərimov əlavə edib:
“Zəruri tədbirlər nəticəsində əkin sahələrinin suvarılmasındakı bu çətinliklər aradan qaldırılır. Salyan rayonunda ümumilikdə 46 min ha əkin sahəsi su ilə təmin edilir. 15 min hektarda taxıl bitkilərinin birinci və ikinci mərhələli suvarılması başa çatdırılıb. 10 min hektar sahədə əkiləcək pambıq sahələri də su ilə təmin edilib”.
Daha sonra media nümayəndələri Birləşmiş Baş Akuşa nasos stansiyasında olub.
Stansiya ilə bağlı məlumat məlumat verən Qulu Kərimov deyib ki, 1957-ci ildən fəaliyyət göstərən Birləşmiş Akuşa nasos stansiyası Vlaqa-7, Vlaqa-8 üzən və Akuşa-2 stasionar nasos stansiyalarından ibarətdir.
“Ümumi suburaxma qabiliyyəti 20 kubmetr saniyədir. Həmin kanal vasitəsilə Salyan rayonunun 12 kəndinin kənd təsərrüfatı torpaqlarının suvarılması üçün nəzərdə tutulub. 25 kilometr uzunluğunda kanaldır”.
O, deyib ki, Ulu Öndər Heydər Əliyev təməlini qoyduğu 12 aqreqatlı Akuşa-2 stasionar nasos stansiyası 1981-ci ildə istismara verilmişdir.
Qulu Kərimovun sözlərinə görə, Salyan rayonunda müəyyən vaxtlarda Kür çayından suyun götürülməsində çətinliklər olsa da, görülmüş tədbirlər nəticəsində hazırda rayonda nasos stansiyalarının işləməsində heç bir çətinlik yoxdur.
“Əkin sahələri tələbata uyğun suvarma suyu ilə təmin olunur. Bütün rayonlar üzrə, əsasən də Mingəçevir su anbarından aşağıda yerləşən rayonlarda ötən illərdə müəyyən çətinliklər olub. Ona görə də müvafiq tapşırığa əsasən bütün rayonlar üzrə su tələbatı müəyyən edilərək Nazirlər Kabineti tərəfindən təsdiq edilib və Mingəçevir su anbarından buraxılacaq suyun həcmi aylar üzrə müəyyənləşdirilib. Dünəndən etibarən iyun ayı üzrə Mingəçevir su anbarından 160 kub metr suyun buraxılması təmin edilib. Əvvəl bu, 110 kubmetr idi” .
FOTO: Nadir İbrahimli