Qəsəbə məktəblisinin böyük uğuru: Universitetə qəbul olsa da, imtahana girib yüksək nəticə əldə etdi - FOTO - MÜSAHİBƏ
Bu il ali məktəblərə qəbul imtahanlarında kifayət qədər yüksək nəticə toplayan abituriyent oldu.
Onlardan biri də Binəqədi rayonu 182 nömrəli məktəbdən məzun olan Elmir İsmayılovdu. Elmir Respublika Fənn Müsabiqəsi, Respublika Fənn Olimpiyadasında və Lütfi Zadə adına olimpiyadalarda iştirak edərək yüksək nəticə göstərib. Olimpiyadada medal qazanması onun universitetə imtahansız qəbul olmasına imkan versə də, o, könüllü şəkildə imtahana daxil olaraq yüksək bal toplayıb.
Bununla bağlı Elmir İsmayılov 1news.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Elmir, əvvəlcə səni tanıyaq.
- Mən İsmayılov Elmir Mikayıl oğlu. 182 saylı tam orta məktəbi bitirmişəm. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 684 bal toplamışam. RFM dən 2 qızıl (riyaziyyat-biologiya) RFO dan 2 bürünc medal Lütfizadə adına olimpiadadan qızıl medal qazanmışam. 9-cu sinfi fərqlənmə attestatı ilə 11-ci sinfi qızıl nişanla bitirmişəm.
- Olimpiyadalarda qalib gəldiyin üçün üniversitetə müsabiqədənkənar qəbul olmaq imkanın olduğu halda qəbul imtahanlarının ikinci mərhələsinə də girdin və yenə də qəbul oldun. Buna səbəb nə idi?
- Blok imtahanında özümü sınamaq istədim. Fikrimcə uğurlu oldu.
- Təhsilini hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?
- Təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirmək istəyirəm.
- Seçimin niyə bu universitet oldu?
- Bakı Ali Neft Məktəbində təhsilin keyfiyyətinin yüksək olduğunu düşünürəm. Aşağı siniflərdən bu ali məktəbi hədəfləyirdim.
- Təhsildə uğur qazanmağın sirlərindən danışmağını istəyirdik. Uğur qazanmaq üçün hansı addımlar atılmalıdır?
- Mən aşağı siniflərdən gündəlik dərslərimi oxumuşam. Mütəmadi olaraq öz üzərimdə çalışmışam. Uğur qazanmağın sirri məncə budur.
- Bəzi həmyaşıdların təhsillərini xaricdə davam etdirmək istəyir. Bəs sənin gələcəkdə belə bir fikrin var?
- Bakalavr təhsilimi bitirdikdən sonra magistr təhsilimi xaricdə davam etdirmək istəyirəm. Eyni zamanda, bakalavr təhsili müddətində də dəyişim proqramlarından yararlanıb xarici universitetlərin təcrübələrini öyrənmək üçün cəhd edəcəyəm.
- Hazırlaşdığın zaman asudə vaxtını necə dəyərləndirirdin? Ancaq dərs oxuyaraq yoxsa, əyləncəyə də vaxt ayrırırdın? Bu məsələ ilə bağlı ətraflı fikirlərini bilmək istərdik.
- Dərslərimi oxuduqdan sonra qalan vaxtımda futbola baxırdım , musiqiyə qulaq asırdım.
- Uğurlu nəticə əldə etməndə ən böyük dəstəkçilərin kimlər oldu?
- Bu uğuru qazanmağımda valideynlərim və müəllimlərim mənə dəstək olublar. Hər birinə öz təşəkkürümü bildirirəm.
- Necə düşünürsən, əldə etdiyin yüksək nəticədə repetitorların rolu çoxdur yoxsa, məktəbin?
- İmtahanlarıma məktəb müəllimlərimlə hazırlaşmışam. Onlar həm məktəb vaxtı həm də hazırlıqlarda mənə kömək ediblər.
- Bildiyimiz kimi məktəb müəlimlərinin sertifikasiyası ilə bağlı imtahanlar keçirilir. Sertifikasiya prosesinin təhsilimizə təsirlərini nələrdə görürsən?
- Düşünürəm ki, bu proses təhsilimizin inkişafına səbəb olacaq. Müəllimlər nə qədər hazırlıqlı, savadlı olsa təhsilimizin səviyyəsi də o qədər yüksək olar. Müəllim və şagird fərqi yoxdu hamı öz üzərində daim çalışmalıdır.
- Universitetə hazırlaşanlara məsləhətlərin nədir?
- Abituriyentlər qarşılarına məqsəd qoyub buna nail olmaq üçün çox çalışmalıdırlar. Hər dərsi öz vaxtında oxumalıdırlar. Ali məktəb yolunda bütün abituriyentlərə uğurlar arzu edirəm.