Boşanmalar, selektiv abortlar, erkən nikahlar – Problemlər və onların həlli
“Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”.
Məhəmməd Əmin Rəsulzadənin dilə gətirdiyi bu fikir 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Beləliklə də, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Həmin vaxtdan nə az-nə çox bir əsr ötüb keçib. Lakin cəmiyyətimizə kirpik çala-çala baxan problemlər sayəsində hələ də qadın hüquqlarına münasibətin birmənalı olmadığını görmək mümkündür.
Gender, ailə və demoqrafiya məsələlərinin fonunda yaranan problemlər bəzən cinayət xəbərlərinə çevrilib ürəyimizi ağrıdır, bəzən ana bətnindəcə həyatına son qoyulan qız uşaqlarının şəklinə düşüb bizi utandırır, bəzən də gender bərabərsizliyi olub nəhayətsiz hiddətimizə səbəb olur.
Cinsi ayrıseçkilik, ailədaxili münaqişələr, bu münaqişələrdən əziyyət çəkən uşaqlar, törədilən cinayətlər, selektiv abortlar və s. Bütün bu problemlərin kökündə nə dayanır? Niyə 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququ verən babalarımızın davamçıları olduğumuzu unuda bilirik? Niyə qız uşaqlarına yük kimi baxırıq?
Artıq tüpürgahımıza çevrilmiş bu problemlərlə bağlı 1news.az-a açıqlama verən sosioloq Lalə Mehralı hazırda ailələrdə qız övladının doğulması böyük sevinclə qarşılandığını söyləyib.
“10 il bundan əvvəl selektiv aborta görə Azərbaycanda ciddi təhlükə vardı. Lakin olduqca ciddi maarifləndirici işlərdən sonra gender əsaslı təhsil və selektiv abortların sayı çox aşağı düşdü. Burada mətbuatın ciddi təbliğatı, jurnalistlərin bu işdəki böyük əməyi danılmazdır. Mən televiziyaları demirəm. Televiziyalar bu sahədə iş görmür, yalnız çal-çağırla məşğuldur. Maarifləndirici sosial çarxların nümayiş etdirildiyini görmürük. Bu cür layihələr etmək olmazmı? Bunun üçün o qədər də böyük büdcə tələb olunmur. Sosial çarxın ərsəyə gəlməsi 3-5 min maliyə vəsaiti ilə olan bir şeydir. Bu cür çarxlar böyük təsir imkanlarına malikdir. Televiziyalarda, ictimai nəqliyyatda, küçələrə qoyulmuş monitorlarda boş-boş reklamlar, kliplər əvəzinə sosial çarxlar yayımlanmalıdır. Bu istiqamətdə yazılı və onlayn mətbuatın çox böyük əməyi var. Məncə, bu sahədə gördüyü işlərə görə mətbuata təşəkkür edilməlidir”.
Sosioloq qız uşaqlarının təhsildən yayındırılması və erkən nikaha cəlb edilməsindən də bəhs edib:
"Hesab etmirəm ki, Azərbaycanda təhsildən yayındırma məsələsi də faciəvidir. Düzdür, var. Amma bəzi bölgələrdədir və çox az hallarda olur. Belə halları aşkar etmək, təhsilin bərpa edilməsi üçün lazımi işlər görmək əlaqədar komitənin borcudur. Azərbaycanda ailələr xüsusən qız uşaqlarının təhsil almasına önəm verir. Çünki, necə deyərlər, gözü çıxmış qardaş göz qabağındadır. Valideynlər təhsilsiz qızların gələcəkdə çəkdiyi əziyyətləri görürlər. Qız oxumayanda başına nələr gəlir, özünü qarşısına çıxan çətinliklərdən çıxarmaq üçün ya təhsili, ya xüsusi bir bacarığı, əl qabiliyyəti, peşəsi olmalıdır. Bunlar olmadıqda o qız çətinliklərin öhdəsindən gələ bilmir. Mən özü təhsilsiz olan, lakin qız övladlarının oxuması üçün bütün imkanlarını səfərbər edən valideynlər çox görmüşəm".
"Erkən nikahlara şahid olan insanların çoxu yaxalarını kənara çəkir" - deyə, o fikirlərinə əlavə edib:
"Ətrafımızda bu cür hadisə olanda yaxamızı kənara çəksək, bunu ictimailəşdirməsək, bu hadisələrin kökü kəsilməyəcək. Övladını təhsildən yayındıran, erkən nikaha məcbur edən insanlar anlamalıdırlar ki, onlar bu hərəkətləri ilə ajiotaj yarada bilərlər. İndi əvvəlki, dövr deyil ki, insanların əli heç yerə çatmasın, ictimailəşdirmək problem olsun. Hamının əlində telefon var. İnsanlar kameranın önündə oynayaraq özünü çəkib paylaşmağı bilirsə, problemi də paylaşmağı özlərinə borc bilməlidirlər. Necə ki, yolun dağılmasını, suyun gəlməməsini, işığın olmamasını problem bilib paylaşırlarsa, qonşuda 16 yaşında ərə verilən qızı da çəkib paylaşmağı bilməlidirlər. Əgər biz hamılıqla mübarizə aparmasaq, erkən nikahların sayı getdikcə artar. Tutaq ki, Əli öz qızını 16 yaşında evləndirir. Qonşudakı Vəli isə görür ki, Əliyə heç kəs heç nə demədi, heç bir dövlət orqanı tərəfindən qadağa qoyulmadı, artıq Vəli də öz qızını 16 yaşında evləndirəcək. Ona da baxan başqaları da eyni hərəkəti edəcək. Amma Əlinin 16 yaşında qızına toy edilərkən hüquq-mühafizə orqanlarından, əlaqədar təşkilatlardan nümayəndələr gəlib toyun qarşısını alsa, Vəli də, başqaları da buna cəsarət edə bilməz. Bilər ki, bu qızların arxasında dövlət dayanıb. Onların haqqı, hüququ var. Təhsili bitirmək haqqında Azərbaycan Respublikasının qanunu var. Heç kəs o uşaqları təhsil almaq hüququndan məhrum edə, nikaha məcbur edə bilməz. Bilməliyik ki, qonşunun 16 yaşında evləndirilən qızı təkcə o uşağın faciəsi deyil, həm də cəmiyyətin faciəsidir. Necə ki, Qarabağı geri almağı “biz”im uğurumuz, şəhidlərimizi “biz”im şəhidimiz qəbul etdik, problem olanda da “biz”im problemimiz kimi qəbul etməliyik.
Selektiv abortlar gələcəyimizin faciəsidir. Sabah övladlarımız evlənməyə qız tapmayanda, eynicinsli nikahlar baş alıb gedəndə geri dönüşü olmayan bu problemlərin əsasını qoymağımızı özümüz özümüzə bağışlaya bilməyəcəyik ki, niyə vaxtında buna etiraz etməmişik? Ayılmaq, etiraz etmək, gözünü açmaq, problemlərə biganə qalmamaq hamımızın bacarağı bir şeydir”.
L.Mehralı ölkəmizdə işləmək istəyən qadınların qarşılaşdığı problemlərdən də söz açıb:
“Bəzən qadınların çalışmasını boşanma və əxlaqsızlıqla eyni tərəziyə qoyurlar. Televiziyalar boşanmış qadınları efirə çıxarır, onların boşanandan sonra uğurlu iş qadını kimi təqdim olunması barədə süjetlər hazırlayırlar. Siz, mən, bir başqası efirə baxanda görürük ki, bu qadın boşanmamış iş həyatı uğurlu olmayıb, işlərində irəliləyiş əldə edə bilməyib. Elə bir təqdimat verirlər ki, qadınların önü boşanmadan sonra açılır. Qadının əvvəlcə ailə həyatını mühafizə etməyi və bunun fonunda uğurlu iş qadını olmasını təqdim etmək lazımdır. Mən 18 ildir evliyəm. Evlilikdən öncə də işləmişəm, indi də işləyirəm. Çox uğurlu ailəm və iş həyatım var. Boşanandan sonra uğurlu iş qadını olmaq cəmiyyətimizin ailə modelinin dağıdılması üçün xüsusi işlənmiş bir proqramdır. Dövlət və özəl müəssisələrdə işləyən ailəli xanımlar var.
Ailədə oğlan uşaqlarını elə böyüdürlər ki, özlərində həyat yoldaşlarının işləməsinə qadağa qoymaq ixtiyarını görürlər. Yəni uşaqlar “evləniriksə, sən mənim əmlakımsan” düşüncəsində böyüdülürlər. Hər şey ailədə başlayır və ailədə bitir. Əgər oğlanın atası yoldaşını işləməyə qoymayıbsa, bu onun üçün normal olacaq. Çünki gördüyü budur”.
Sosioloq boşanmaların bu qədər artması ilə bağlı narahatlığını da dilə gətirib:
“Təəssüf ki, biz boşanmalara görə lider ölkəyik. Statistika çox dəhşətli həddədir. Ailələrlə işlənilmir, boşanma səbəbləri, boşanmaya gətirib çıxaran prosedur nəzarətdə saxlanılmır. Etiraf etmək lazımdır ki, qadınların boşanma istəyi pik həddədir. Qadınlar ən xırda belə ailədaxili çəkişmədə belə nəfəsi gedib məhkəmədə dərirlər. Ailələrdə güzəştə getmək, empatiya qurmaq, bir-birini anlamaq hissi demək olar ki, yoxdur. Bunun da sonu ya boşanma olur, ya ölüb-öldürmə olur, ya da ki, aliment davası, mülk çəkişməsi olur. Qadınlar ailələrində kiçik bir problem olan kimi boşanmaq üçün müraciət edirlər. Amma bəzən boşanma qətldən sığortalayır. Xüsusən də qadınların amansızlıqla öldürülməsinin şahidi oluruq. Yaxın vaxtlarda Leyla övladı ilə birlikdə öldürüldü. Gələcəyin parlaq bir müəllimi azyaşlı vaxtında evlənib, bu yaşında körpəsi olub. Ər o qədər gözüdönmüş vəziyyətdə olub ki, övladını belə qətlə yetirməkdən çəkinməyib. Bu cür vəziyyətlərdə boşanma o qadının xilası ola bilərdi. Amma bütün hallarda da boşanma xilas demək deyil”.
Sosioloq uğurlu evlilik üçün nişanlılıq dövrünün necə önəmli olduğunu vurğulayıb və nişan qaytaran qızların məruz qaldığı çirkin münasibəti qınayıb:
“Bizim çox yaxşı bir adətimiz vardı: nişanlılıq dövrü. Tərəflər 1-2 il nişanlı qalırdılar və bir-birlərinin xarakterinə bələd olurdular. İndi nişanlı qalmaq demək olar ki, yoxa çıxıb. Bunun da çox gülməli bir səbəbi var. Nişanlı qalmaq oğlan tərəfinə o qədər baha başa gəlir ki, oğlan tərəf nişanlı qalmaq istəmir. Hər bayramda qıza hədiyyələr alınmalı, qız evinə pay-puş göndərilməlidir. Bayramlarda bu qədər xərc çəkən oğlan evi təbii ki, nişanlılıq müddətini uzatmaq istəməyəcək, tez-bazar toyu edib gəlini gətirmək istəyəcək ki, xərci azalsın. Artıq nişanlı qız saxlamaq ailə saxlamaqdan ağır olub. Üstəlik gənclər bir-birlərini tanımağa meyilli deyillər. Gördü, xarici görünüşü xoşuna gəldi, vəssalam, evlənmək istəyir. Nə düşüncə üst-üstə düşür, nə baxışlar, nə də dünyagörüşü. Bunun fərqinə isə evləndikdən sonra varırlar. Axı bircə ayın içində tanış olub evləniblər.
Cəmiyyət nişanı qayıdan qızlara pis baxmamalıdır. Qızlar bir az da ondan qorxub evlənir. Çünki nişan qayıdan kimi ətrafdakılar damğa vurmağa başlayacaq. “Yaxşı qız olsaydın, nişanın qayıtmazdı”, “Görəsən, nə eyib iş görüb ki, nişanını qaytarıblar?” və s. Qızlar bu cür qınaqlara görə nişanı qaytarmır və özlərini istəmədiyi evliliyə təhkim edirlər”.
Qıza lazımdır əgər bilmək:
o da ev işi, paltar tikişi,
köhnə yumaq, yun daramaq, don yamamaq,
səhnü səranı süpürüb,
kasəni, qabı üfürüb,
küftə, kələm dolması, mət halvası, ət bozbaşı,
ya lobyalı aş, bir dəxi təndir lavaşı
eyləməyindəndir ibarət.
Ümid edirik ki, görkəmli şairimiz Mirzə Ələkbər Sabirin öz dövründə görüb anladığı və kəskin şəkildə tənqid atəşinə tutduğu məsələlərlə bağlı cəmiyyətin baxış bucağını dəyişə bilərik və başqa Leylalarımızı, körpə Aylalarımızı cəhalətin pəncəsinə təslim edib məhvlərinə şahid olmarıq.
Müəllif: Ayşən İsmayılova
Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.