BMT Təhlükəsizlik Şurasından da əliboş qayıdan Ermənistanın xilas yolu - ŞƏRH
“Ermənistan BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələrdən əliboş qayıtdı”
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, bildirib ki, Azərbaycanın səsləndirdiyi arqumentlər, faktlar və təkliflər əksər dövlətlərin nümayəndələri tərəfindən dəstəklənmiş oldu. Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Albaniya və digər dövlərlər alternativ marşrutların öyrənilməsi və işə salınmasının Ermənistan tərəfindən daha məqsədəuyğun olacağı fikirləri dəstəkləndi.
Deputat qeyd edib ki, bu iclas Ermənistan üçün növbəti uğursuzluq və Ermənistanın reallıqları dərk etməsi üçün şans kimi qiymətləndirilməlidir.
“Azərbaycan növbəti dəfə dünyaya nümayiş etdirdi ki, biz, həqiqətən regionda uzunmüddətli və dayanıqlı sülh istəyirik. Azərbaycan öz daxili işlərini beynəlxalq hüquqa söykənərək həll etmək gücündədir və bunu da edir. Çox təəssüflər olsun ki, son dövrlərdə Ermənistanın yaratdığı humanitar tır şousuna qoşulan, bunu dəstəkləyən və bu dezinformasiyaları yayan bir çox xarici dövlətlərin media nümayəndələri də var. Elə bir fon yaradılırdı ki, sanki dünya ictimaiyyəti ermənilərin mövqeyini dəstəkləyir. Onların yaratdığı bu ucuz ictimai rəy, mən düşünürəm ki, erməni lobbisinin pulları hesabına formalaşdırılıb. BMT Təhlükəsizlik Şurasında onların heç biri reallaşmadı, faktiki olaraq bu günə qədər dərc edilmiş məqalələr, hesabatlar ermənilərin köməyinə gəlmədi”.
“Ermənilər qarşılaşdıqları bu uğursuzluq fonunda Azərbaycanın təklif etdiyi sülh versiyasını seçməlidirlər” – deyə, N.Həmzəyev əlavə edib:
“Onlar ən qısa zamanda Azərbaycanın 5 baza prinsipi əsasında irəli sürdükləri təklif əsasında sülhün imzalanması istiqamətində ciddi addımlar atmalıdırlar. Azərbaycanın Naxçıvanla kommunikasiyalarının bərpasını reallaşdırmaq üçün tikinti işlərinə Ermənistan tərəfi vaxt itirmədən başlamalıdır, ən qısa zamanda bu kommunikasiyalar işə düşməlidir”.
O, qeyd edib ki, ermənilər Laçın Sərhəd Buraxılış Məntəqəsindən yalnız humanitar məqsədlər üçün istifadə etməlidirlər.
“Əgər onlar Xankəndinə hansısa humanitar yardım göndərmək istəyirlərsə, bu zaman daha təhlükəsiz olan Xankəndi-Ağdam yolundan istifadə etmək məcburiyyətində qalacaqlar. Yox əgər onlar bu yardımı da göstərmək istəmirlərsə, Azərbaycan tərəfi həmin erməni sakinlərə lazımı humaniyar yardımları göstərməyə hazırdır. Mən düşünürəm ki, qanunsuz erməni silahlə dəstələri tez bir zamanda Azərbaycan ərazilərini tək etməlidir. Qanunsuz olaraq qondarma vəzifələr tutan şəxslər də tərksilah olunaraq Azərbaycan ərazilərdən çıxmalı və erməni sakinlərin əsir saxlanması dayandırılmalıdır. Belə olacağı təqdirdə biz regionda dayanıqlı sülhə nail ola biləcəyik. Ermənistan nəhayət ki, özü üçün yaratmış olduğu problemi bu yolla həll etmiş olacaq. Özlərinin törətdiyi təxribatlar onlara ağır başa gələcək. Proseslər belə davam edəcəyi təqdirdə, Ermənistan onsuz da rüsvay olduğu bu vəziyyətlərdə daha biyabırçı vəziyyətlə qarşılaşacaq və Azərbaycan da öz istəklərini mərhələli şəkildə reallaşdıracaq”.
Qeyd edək ki, avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib.