Köçürmə məhdudiyyətləri, limitlər, vergilər, azalan keşbek: Yeni qaydalar bank sektoruna necə təsir edəcək? - İqtisadçıdan ŞƏRH

Azərbaycanda bank kartlarından istifadə, kartdan-karta pul köçürmələri, terminallar vasitəsilə nağd ödənişlər və əmanətlərdən əldə olunan gəlirlərlə bağlı qaydalar mərhələli şəkildə dəyişir.
Avqustun 1-dən kartdan-karta köçürmələrə məhdudiyyətlər tətbiq edilib, noyabrın ortalarından isə MilliÖn terminallarında 500 manatdan artıq əməliyyatlar zamanı rəqəmsal şəxsiyyət təsdiqi tələb olunmağa başlanıb. Bununla yanaşı, əmanət faizlərinin vergiyə cəlb olunması məsələsi yenidən gündəmə gəlib. Banklar isə müştərilərə təqdim etdikləri keşbek imkanlarını da getdikcə məhdudlaşdırırlar.
Bütün bunlar bank xidmətlərindən istifadə edən vətəndaşlar üçün hansı dəyişiklikləri yaradır? Yeni qaydaların tətbiqində əsas məqsəd nədir?
Avqustdan yeni məhdudiyyətlər: gündə maksimum 5 köçürmə
Mərkəzi Bank və kommersiya bankları arasında əldə olunan razılaşmaya əsasən, kart sahibləri gün ərzində maksimum 5 dəfə kartdan-karta pul köçürə və eyni sayda köçürmə qəbul edə bilərlər. Gündəlik köçürmə məbləğinə ayrıca məhdudiyyət qoyulmasa da, bu əməliyyatların ümumi aylıq həcmi 20 min manatla məhdudlaşdırılıb. Şəxsin özünə məxsus kartlar arasında həyata keçirdiyi köçürmələr isə bu qaydalara daxil deyil.
Dəyişikliklər elektron cüzdanların və bank kartlarının sayına da aiddir. Mətbuatda yayılan məlumatlara görə, istifadəçilər manatla 2, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdana sahib ola bilərlər.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) açıqlamasına əsasən, hər bankda bir məhsul üzrə müştəriyə bir ödəniş kartı təqdim olunur. Bununla belə, əməkhaqqı, pensiya və sosial müavinət kartları, sahibkarlıq və depozit hesablarına bağlı kartlar istisna təşkil edir. Müştəri əlavə karta ehtiyacını və onun istifadə məqsədini əsaslandırarsa, bank tərəfindən əlavə kartın verilməsi də mümkündür.
Məhdudiyyətlərin səbəbi nədir?
Mətbuatda yayılan məlumatlarda yeni məhdudiyyətlərin əsas məqsədi maliyyə əməliyyatlarında şəffaflığın artırılması və mümkün fırıldaqçılıq hallarının qarşısının alınması kimi göstərilir. Vergidən yayınma və qanunsuz mərc oyunları ilə mübarizə də bu addımların mümkün hədəfləri sırasında qeyd olunur. Bununla belə, həmin məqsədlərlə bağlı məlumatların hansı rəsmi qurumun mövqeyinə əsaslandığı dəqiqləşdirilməyib.
Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə yarımillik hesabatın təqdimatı zamanı bildirib ki, gündəlik əməliyyatların sayı ilə bağlı limitlər banklar tərəfindən müəyyən edilir.
Onun sözlərinə görə, gün ərzində 5 və ya daha çox köçürmə qəbul edilməsi özlüyündə qanunsuz əməliyyat hesab olunmur. Müəyyən edilmiş limiti aşan müştərilər banka müraciət edə bilərlər. Bank əməliyyatların qanuniliyinə əmin olduqdan sonra müştərinin əlavə köçürmələr həyata keçirməsinə icazə verə bilər.
Noyabrdan terminallarda QR kodla şəxsiyyət təsdiqi
Ödəniş sahəsində digər yenilik MilliÖn terminallarından istifadə ilə bağlıdır.
Mətbuatda yayılan məlumatlara görə, ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə terminallar vasitəsilə nağd vəsait qəbulu zamanı yeni identifikasiya qaydası tətbiq olunur.
Belə ki, 500 manatdan artıq ödəniş və ya köçürmə etmək istəyən istifadəçi şəxsiyyətini Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiqləməlidir.
Prosedur kifayət qədər sadədir: istifadəçi terminalda müvafiq xidməti seçərək ödəniş məbləğini daxil edir. Məbləğ 500 manatı keçdikdə terminalın ekranında şəxsiyyətin təsdiqi üçün seçimlər və QR kod əks olunur. İstifadəçi mobil telefonundakı müvafiq tətbiq vasitəsilə kodu skan edir və identifikasiya tamamlandıqdan sonra əməliyyatı həyata keçirə bilir.
Bu yenilik kifayət qədər geniş istifadəçi kütləsinə təsir göstərə bilər. Belə ki, MilliÖn sentyabr ayından etibarən 6500 terminalla ölkənin ən böyük ödəniş şəbəkəsi hesab olunur.
Əmanət faizlərinə vergi qayıdır?
Bank sektorunda müzakirə olunan digər məsələ əmanətlərdən əldə edilən faiz gəlirlərinin vergiyə cəlb olunması ilə bağlıdır.
Deputat Vüqar Bayramov mövcud vergi güzəştlərinin daha 3 il müddətinə uzadılmasını təklif edib. Güzəştlərin müddəti artırılmasa, gələn ildən bir bankda milli valyutada yerləşdirilən əmanətlər üzrə aylıq 200 manatdan artıq faiz gəlirlərinin vergiyə cəlb olunması gündəmə gələ bilər.
Qeyd edək ki, fiziki şəxslərin bank əmanətləri üzrə faiz gəlirlərinin 10 faiz dərəcə ilə vergiyə cəlb olunması 2023-cü ilin fevralından tətbiq edilir. Bundan əvvəl əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildə baş vermiş iki devalvasiyasından sonra bank sektorunda əmanət axınının qarşısını almaq məqsədilə atılan addımlardan biri idi.
Hazırda isə güzəştlərin uzadılması ilə bağlı müzakirələr davam edir. Xüsusilə vurğulamaq lazımdır ki, söhbət hələlik qəbul edilmiş qərardan deyil, deputatın təklifindən gedir.
Keşbek imkanları da azalır
Bank müştərilərinin üzləşdiyi dəyişikliklər bununla da bitmir. Son dövrlər bankların keşbek proqramlarında da məhdudiyyətlər müşahidə olunur. Bir sıra banklar geri ödəniş faizlərini azaldır, digərləri isə keşbekimkanlarını yalnız müəyyən kateqoriyalar və xidmət sahələri üzrə təqdim edirlər.
Bəzi bankların tariflərində geri ödənişlər üçün aylıq maksimum məbləğ də müəyyənləşdirilib.
Beləliklə, əvvəlki dövrlə müqayisədə bank müştərilərinin keşbek vasitəsilə əlavə gəlir əldə etmək imkanları da daralır. Geri ödənişlər artıq daha çox konkret kateqoriyalar, müəyyən edilmiş limitlər və bankların fərdi tarif siyasəti çərçivəsində təqdim olunur.
Ümumilikdə, son aylarda tətbiq edilən və müzakirəyə çıxarılan dəyişikliklər bank xidmətlərindən istifadə qaydalarının daha sərt və nəzarət olunan mexanizmlər əsasında qurulduğunu göstərir. Kart köçürmələrindən terminal ödənişlərinə, əmanət faizlərindən keşbek proqramlarına qədər baş verən yeniliklər isə vətəndaşların gündəlik maliyyə əməliyyatlarına birbaşa təsir edir.
Bəs bütün bu dəyişikliklərin Azərbaycanın bank sektoruna və rəqəmsal bankçılığın inkişafına təsiri necə olacaq? Yeni məhdudiyyətlər müştərilərin bank xidmətlərindən və nağdsız ödənişlərdən istifadə vərdişlərinə, eləcə də banklara olan etimadına təsir göstərə bilərmi? Ümumiyyətlə, tətbiq edilən qaydalar maliyyə əməliyyatlarının şəffaflığını artırmaqla yanaşı, bank sektorunun inkişafına hansı nəticələri vəd edir?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, terminallar vasitəsilə pul köçürmələrinə tətbiq edilən limitlər və digər məhdudiyyətlər, ilk növbədə, maliyyə əməliyyatlarının şəffaflaşdırılmasına xidmət edir.
"Onlayn köçürmələr, kartdan-karta əməliyyatlar və mobil bank tətbiqləri vasitəsilə həyata keçirilən ödənişlər zamanı pulu göndərən şəxsin kimliyi bəlli olur. Amma MilliÖN və digər terminallar vasitəsilə həyata keçirilən əməliyyatlarda əsasən vəsaiti qəbul edən tərəf müəyyən edilir. Pulu köçürən şəxsin kimliyi isə məlum olmur. Buna görə də köçürməni həyata keçirən şəxsin də kimliyinin müəyyən edilməsi, şəxsiyyətinin təsdiqlənməsi baxımından belə bir tələbin tətbiq olunduğunu düşünürəm", - deyə iqtisadçı bildirib.
E.Əmirov depozit gəlirlərinin vergiyə cəlb olunması ilə bağlı dəyişikliklərin də yeni olmadığını, sadəcə 2027-ci ildən etibarən bu sahədə yanaşmanın dəyişdiyini bildirib.
"Əvvəlki qaydalara əsasən, hər bir depozit hesabı üzrə aylıq 200 manatdan artıq olan faiz gəlirinin 10 faizi vergiyə cəlb edilirdi. Bu isə bəzi şəxslərin vergidən yayınmaq məqsədilə vəsaitlərini müxtəlif hesablara bölərək yerləşdirməsinə şərait yaradırdı. İndi isə beş deyil, hətta 20 hesab açılsa belə, eyni bank daxilində bütün depozitlər üzrə aylıq faiz gəlirlərinin cəmi 200 manata qədər olan hissəsi vergidən azad ediləcək, bu məbləği aşan gəlirlər isə vergiyə cəlb olunacaq", - deyə o qeyd edib.
İqtisadçı əlavə edib ki, bu cür dəyişikliklər dövlət qurumlarının maliyyə əməliyyatlarının şəffaflaşdırılması, vergi yığımlarının artırılması və mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atdığı addımlardır.
"Burada tənzimləyici qurumlarla mövcud qaydalardan yayınmağa çalışan şəxslər arasında qarşılıqlı mübarizə prosesi gedir. Dövlət müəyyən mexanizmlər tətbiq edir, insanlar isə həmin mexanizmlərdən yayınmağın yollarını axtarırlar. Bu yollar aşkar edildikdən sonra tənzimləyici qurumlar boşluqları aradan qaldırmaq üçün yeni qaydalar formalaşdırırlar. Bu, təkcə iqtisadiyyatda deyil, həyatın digər sahələrində də belədir. Hüquqda, beynəlxalq münasibətlərdə, gömrük sahəsində və digər istiqamətlərdə də tənzimləyicilərlə qaydaların təsirinə məruz qalan tərəflər arasında belə bir qarşılıqlı mübarizə müşahidə olunur", - deyə E.Əmirov vurğulayıb.
O, tətbiq edilən dəyişikliklərin bank sektoruna ciddi mənfi təsir göstərməyəcəyini və nağdsız ödənişlərdən istifadənin həcmini əhəmiyyətli dərəcədə azaltmayacağını düşünür.
"Qısa müddətdə vergi tutulmaları və nəzarət mexanizmləri səbəbindən bəzi insanlar nağdsız ödənişlərə daha çox meyil edə bilərlər. Amma həyatın inkişaf istiqaməti insanların daha çox rahatlığa üstünlük verməsidir. İnsanlar mobil telefon vasitəsilə oturduqları yerdə ödəniş etməyə üstünlük verirlər. Nəinki terminala gedib 499 manat ödəməyə, sonra başqa terminala yaxınlaşaraq yenidən 499 manat köçürməyə. Buna görə də hesab edirəm ki, bu dəyişikliklər uzunmüddətli perspektivdə nağdsız ödənişlərə ciddi mənfi təsir göstərməyəcək", - deyə iqtisadçı fikrini yekunlaşdırıb.







