Aşağı balla universitetə qəbul olan tələbə gələcəkdə hansı problemlə qarşılaşa bilər? - Ekspertdən CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşağı balla universitetə qəbul olan tələbə gələcəkdə hansı problemlə qarşılaşa bilər? - Ekspertdən CAVAB

Aynurə Xudaverdiyeva15:38 - 05 / 09 / 2023
Aşağı balla universitetə qəbul olan tələbə gələcəkdə hansı problemlə qarşılaşa bilər? - Ekspertdən CAVAB

Son zamanlar ali təhsil müəssələrinə giriş ballarının aşağı endirilməsi sosial şəbəkələrdə insanlar tərəfindən qınaq obyektinə çevrilib.

Əgər bir gənc aşağı bal yığıbsa, universitetdə təhsil alması ona uyğun deyil deyə fikirlər qeyd edənlər belə var. Qəbul balı sadəcə universitetə giriş üçün nəzərdə tutulub. Bəs, 4 illik təhsilin sonunda yüksək bal yığan məzun əmək bazarına daxil olduğu zaman keçmiş göstəricisinin ona nə kimi faydaları olacaq? Və ya tam əksi aşağı balla universitetə qəbul olan gənc gələcəkdə iş axtaran zaman nə kimi çətinliklərlə rastlaşa bilər?

Məsələ ilə bağlı 1news.az-a Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov danışıb.

Ekspertin sözlərinə görə, çox aşağı balla universitetə qəbul olan tələbə gələcəkdə dərslərin çətinliyindən dolayı problemlər yaşayacaq.

İlqar Orucov
İlqar Orucov

“Biz nə qədər də onu motivasiyadan salmamağa çalışsaq da təəssüf ki, həqiqət belədir. Əlbəttə ki, bunu hər kəsə aid etmək olmaz. İstisnalar ola bilər. Məsələn elə tələbələr olur ki, ciddi həyəcan içərisində qəbul imtahanında iştirak edir. Bu da onun nəticəsinə pis təsir edir, balını aşağı salır. Test tapşırıqlarının həllində yaxşı nəticə göstərə bilməyib, aşağı bal yığıbsa, bunun müxtəlif səbəbləri ola bilər. Bütövlükdə mən qəbul imtahanı prosesinin asanlaşdırılmasının tərəfdarıyam. Universitetdə təhsil müddətində dərsləri daha da ciddi etsək bütün zəif tələbələr universiteti yarımçıq qoyub gedəcək. Biz əgər şərt qoysaq ki, universitetə giriş balı 500-dür, bunu təmin etmək çox çətin olacaq. Fikrimcə, universitetlərdə oxumayan tələbələrə güzəşt olmamalıdır".

İ.Orucov giriş balı yüksək olan tələbələrə bu balın gələcəkdə nə kimi faydaları ola bilər məsələsi ilə bağlı toplanılan balın əmək bazarında heç bir işə yaramadığını bildirib:

“Əmək bazarına daxil olan zaman heç bir şirkətə gəncin universitetə qəbul balı maraqlı deyil. Lakin o, öz CV-də bunu qeyd edib, üstünlük qazana bilər. Əgər tələbə xarici universitetlərə qəbul olmaq istəyirsə, bu zaman bəzi hallarda qəbul balı da önəm kəsb edir. Yüksək bal yığan tələbənin ilkin bilik bazası daha çox olur. Amma işə qəbul zamanı onun universitetə qəbul balı ilə bağlı hər hansısa sorğu-sual olmur. Tutaq ki, bir gənc “Harvard University” məzunudur. Bu əlbəttə ki, onun yüksək savadlı olmasının göstəricisidir. İşə qəbul zamanı məzun olduğun universitetin də müəyyən rolu olur.

Ekspert həmçinin peşə məktəblərinə tələbatın aşağı olduğunu da qeyd edib:

“Təəssüf ki, bu gün bir çox valideynlər övladlarının peşə təhsili almasını istəmir. Bunun əsas səbəblərindən biri də peşə məktəblərinin kifayət qədər çox olmamasıdır. Həmçinin ərazi baxımdan bəzi bölgələrdə peşə məktəbləri yoxdur. Lakin son illər ölkəmizdə peşə məktəbləri ilə bağlı maarifləndirmə işləri həyata keçirilir. Bu əlbəttə ki, çox yaxşı haldır. Çünki gələcəkdə gənclərin işsiz qalmamasına səbəb olacaq. Lakin Azərbaycanda çox valideynlər “qonşudan geri qalma” prinsipi ilə hərəkət edirlər. Yəni, başqalarının övladı universitetdə oxuyursa, mənim də övladım mütləq ali təhsil almalıdır. Əlbəttə ki, çox aşağı balla universitetə qəbul olub, orada təhsil ala bilməyən gənclə, peşə məktəbində mükəmməl təhsil alan gəncin əmək bazarına girişi əlbəttə eyni olmayacaq. Məncə, bu yöndə maarifləndirmə işləri daha da gücləndirilməlidir”.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər