Bu gün unudulmaz sənətkar, “Bir qalanın sirri”nin Kamran babasının ölümündən 61 il ötür
Bu gün görkəmli sənətkarımız Əli Qurbanovun ölümündən 61 il ötür.
Azərbaycan teatrında orijinal yaradıcılıq istedadı olan sənətkarlardan biri də xalqımızın hörmət və ehtiramını qazanmış qocaman səhnə ustası Əli Mirzə oğlu Qurbanovdur.
1news.az xatırladır ki, Əli Mirzə oğlu Qurbanov 1898-ci il 20 iyunda Tbilisi şəhərində dünyaya gəlib. Onun uşaqlıq və gənclik illəri çox ağır və acınacaqlı keçib. Əlinin atası Mirzə Əli dəmir yolunda fəhləlik edib. Fəhlə olmasına baxmayaraq, mutərəqqi fikirli adam idi. Atasının ən böyük arzusu Əlini savadlı bir ziyalı görmək idi. Lakin onların ailəsi üçün o zaman bu istəyi həyata keçirmək çox çətin bir problem idi. Əli bir müddət məktəbdə oxuduqdan sonra atası ailəni dolandırmaq üçün oğlunu da özu ilə muxtəlif iş yerlərində fəhləlik etməyə aparırdı. Lakin Əlinin çalıb oxumağını, muğənnilik istedadını və dərslərdə fərqlənməsini görən məktəbin müdiriyyəti ona işləyə-işləyə təhsilini davam etdirməyə icazə verib. Bu işdə ona məktəbin muəllimi dahi Nəriman Nərimanovun qohumu Əli Mirzə Nərimanov kömək edib. Əlinin teatrla yaxınlığı da elə bu illərdən başlanır. Hətta bir neçə dəfə yaxın qohumu və dostu Möhsünlə (Möhsün Sənani) tamaşaya da gedib. Həmin tamaşalardan aldığı təəssürat onu sakit buraxmayıb.
Əli Qurbanov birinci dəfə M.Sənaninin təkidi ilə Həvəskarların "Gaveyi-Ahəngar" tamaşasında yalnız bircə kəlmə ("Gedək") sözü ilə səhnəyə çıxıb. Bu ildən (1915) sonra isə M.Sənaninin təşəbbüsü ilə hazırlanmış "Məşədi İbad" tamaşasında Əli Qurbanov Rüstəm bəy rolunu kifayət qədər yaxşı oynayır. Məlahətli səsi onun muvəffəqiyyətini daha da artırır.
Tbilisi Azərbaycan Dram Teatrının özünəməxsus maraqlı tarixi vardır. İlk dəfə 1880-ci ildə fəaliyyətə başlamış bu teatr uzun muddət tələbə və muəllimlərdən ibarət olub, həvəskar xarakter daşıyıb. Yalnız 1906-cı ildə Tbilisinin qabaqcıl teatr həvəskarları rəsmi teatr təşkil etmək üçün şəhər idarəsinə müraciət edirlər və 1910-cu ildə bu arzularını həyata keçirə bilirlər. Daha sonra, yəni 1917-ci ildə Tbilisidə "İttihad" adlanan ikinci bir teatr truppası təşkil olunur. Bu truppaya İbrahim İsfahanlı, Kəsən Səbri, Möhsün Sənani, Xəlilov, Naxçıvanlı, Tağızadə, Əhməd Salahlı və b. daxil idi. Həmin ilin axırında truppaya Əli Qurbanov da dəvət edilir.
Xalqımızın mutərəqqi fikirli ziyalılarından olan Mirseyfəddin Kirmanşahlı, M.Zamanov və Naxçıvanlı Əlinin təbiətindəki sadəlik, çeviklik, cəldlik, musiqiyə meyl kimi xüsusiyyətləri görərək, onun inkişafına hər cür kömək ediblər. Gürcüstanda Sovet Hakimiyyəti qurulduqdan (1921) sonra Əli Qurbanov başqaları ilə birlikdə artist-təşviqatçı kimi Borçalı mahalının Sarvan, Şüləver, Qarayazı, Bolus, Sadaxlı, Qaçağan və s. məntəqələrində kəndli kütlələri qarşısında dadlı-duzlu çıxışlar edir. Başqaları kimi, Əli Qurbanov da öz sənətindən ilham alaraq yorulmaq bilmədən çalışıb. N.Nərimanov adına klubda xalq çalğı alətləri orkestri təşkil edib yerlərdə konsertlər verir. 1922-ci ildə belə konsertlərdən birində olmuş N.Nərimanov orkestrin çıxışını bəyənib və onun üzvlərinə şəxsən təşəkkur edib.
Başqa sovet aktyorları kimi Əli Qurbanov da xarici ölkə qastrolları zamanı (1922-ci ildə Türkiyə, 1925-ci ildə İranda) bir sıra maraqlı çıxışlar edib. Əli Qurbanovun səhnə fəaliyyətinin daha məhsuldar dövrü 1925-ci ildən sonraya təsadüf edir. 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Tbilisi teatrının bir sıra tanınmış aktyorları ilə birlikdə Əli Qurbanov da Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur.
50 ilə yaxın bir muddətdə Ə.Qurbanov Niyaz rolunun yeganə ifaçısı olduğu "Pəri Cadu"nun muxtəlif quruluşlarında bu rolu dəfələrlə oynayıb. 1930, 1957 və 1959-cu illərdə Moskvada keçirilən milli teatrlara Ümumittifaq baxışlarda paytaxt tamaşaçıları Əli Qurbanovun Yanardağ, Məmmədəlibəy, Əsgərbəy ("Hacı Qara"), Mor Amurim ("Zaqmut"), Lord Mounten ("Gülən Adam"), Hacı Əhməd və s. rollarda dəfələrlə görublər. 1957-ci ildə Moskvada keçirilən teatr festivalı zamanı V.Komissarjevskaya və Nazim Hikmət xususilə Hacı Əhməd rolunda Əli Qurbanovun böyük bir ifaçılıq məharəti ilə obrazı aça bildiyini qeyd ediblər. "Pravda", "İzvestiya", "Sovetskaya Kultura", "Literaturnaya Qazeta", "Veçernyaya Moskva" və "Trud" qəzetlərində Əli Qurbanovun təqdirəlayiq bir sənətkar olduğu vurğulanır.
Əli Qurbanov 50 ildən artıq böyük səhnədə olub. Bu muddətdə 200-ə yaxın muxtəlif rollarda çıxış edib, bəzi rolları bir neçə yüz dəfə oynayıb. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa edib.
Aktyor 40 ildən artıq C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilib. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov, sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma xalqıma" (buruq ustası), "Mahnı belə yaranır" (Kor aşıq), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (Usta Ramazan), "Ögey ana" (çoban), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək səviyyəli obrazlar yaradıb.
Xalqımız və dövlətimiz Əli Qurbanovun xidmətlərini nəzərə alaraq ona 1938-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1940-cı ildə isə “Azərbaycan SSR Xalq artisti” adı verib. O, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və bir neçə medallara layiq görülüb. 1951-ci ildə “Lenin” ordeni ilə təltif olunub.
Xalq artisti Əli Qurbanov 14 oktyabr 1962-ci ildə vəfat edib.