Füzuli şəhərinin içməli su təchizatı layihəsinin birinci mərhələsi icra olunur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihələrinin icrası intensiv qaydada davam etdirilir.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, 05 may 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin birinci mərhələsi icra olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. İlkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir. Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan mərkəzi su anbarları inşa edilir. Layihəyə əsasən, Füzuli şəhərinin su mənbəyindən götürülən suyun şəhərə çatdırılmasını təmin etmək üçün 10,7 km uzunluğunda magistral su kəmərinin inşası yekunlaşıb.
Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə növbəti mərhələdə Gövşadlı kəndi yaxınlığında 15 subartezian quyusu qazılacaq. Bu mənbə hesabına Füzuli şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi də içməli su ilə təmin olunacaq.
Layihə çərçivəsində Füzuli şəhərində 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək.
Qeyd edək ki, Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb.