Avtomobil bazarında vəziyyət: “Xərcləri artanda o avtomobillərdən imtina edəcəklər”
“Hazırda avtomobil bazarında vəziyyət stabildir”.
Bunu 1news.az-a açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyinin sədrinin birinci müavini Ramil Osmanlı deyib.
“Qəbul edilən qərarlar bazara az da olsa təsir edir. Hazırda ən çox avtomobillərin utilizasiyası məsələsinin bazara təsirləri müzakirə olunur. Növbəti aydan texniki baxışın keçirilməsi zamanı avtomobilin yaşına uyğun utilizasiya üçün əlavə vəsait tələb olunacaq. Bu, ilkin mərhələdə nəqliyyat vasitələrinin qiymətində özünü göstərəcək, amma qısamüddətli dövr üçün olacaq”. Tədricən həmin nəqliyyat vasitələrinə tələbat aşağı düşüəcək, zamanla istismara yararsız vəziyyətə gəlir. İnsanlar xərclərinin optimallaşdırılmasına diqqət edirlər. Görəndəki ili köhnə avtomobilin xərcləri artır, o zaman ondan imtina edəcəklər. Bu da həmin avtomobillərin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq”.
“Ötən il ekoloji standartlarla bağlı bəzi avtomobillərin Azərbaycana gətirilməsinə məhdudiyyət qoyuldu” – deyə R.Osmanlı bildirib:
“Bu az da olsa ölkədə olan ikinci əl avtomobil bazarında təsir etdi, qiymətlərin artımı müşahidə olundu. İstismarda olan nəqliyyat vasitələrinin idxalı məhdudlaşdığına görə, həmin nəqliyyat vasitələrinin artımlar oldu. Həmin dövrdə baş verən artımlar bu gün dəyişməz olaraq qalıb”.
R.Osmanlı deyib ki, yerli avtomobil istehsalı ümumi bazarın heç 1 faizini də təşkil etmir.
“Bu da bazara ciddi təsir etmir. Həmin nəqliyyat vasitələrinə tələb aşağı olduğuna görə hələki bazarda böyük pay sahibi deyil.
Ekspert deyib ki, son zamanlar Azərbaycanda hibrid və elektrik mühərrikli avtomobillərin sayı sürətlə artmaqdadır.
“İnsanlar daha az xərclə avtomobil idarə etməyə çalışırlar. Amma ölkəmizdə elektromobillə bağlı infrastruktur hələ də istənilən səviyyədə deyil. Digər istiqamətlərdən keçiddə də oxşar problemlər yaşamışıq, sovet maşınlarından xarici maşınlara keçərkən benzinin keyfiyyətinin aşağı olması bu qəbildən olan problemlərdir. Zamanla bütün məsələlər qaydasına düşdü. Hazırda da elektromobillərlə bağlı insfrastruktur yaxşılaşdırılır. Hazırda Azərbaycanda elektromobilin şarj edilməsi zamanı sürücü ən azı 40 dəqiqə vaxt itirir, elektomobillərin çox yayıldığı Çində isə bu 2-3 dəqiqəyə və daha tez şarj olur. Bizdə də infrastruktur məsələsi həllini tapsa, o zaman elektromobillərə maraq daha da artacaq”.