“Gənclər Prezident seçkilərində yüksək fəallıq nümayiş etdirəcək”
“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkən, Azərbaycan gəncliyinin gücünə, onun cəmiyyətimizin aparıcı qüvvəsi kimi çıxış edə biləcək potensialına hər zaman inanan Ulu Öndər demişdir: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.” Ümummilli Lider H.Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1997-ci il fevral ayının 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. 2002-ci il aprelin 9-da isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir”.
Bu sözləri Gənclər Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, hazırda respublikamızın bütün sahələrində dinamik inkişafın təmin olunmasında Azərbaycan gəncliyinin müstəsna rolu vardır: “Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Gənclər siyasəti ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində müstəsna rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır”.
K.Qafarov Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında gəncliyin rolundan bəhs edərək deyib: “Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların igidliyi və fədakarlığı sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Azərbaycan gəncləri Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Birmənalı olaraq demək lazımdır ki, bu gün bütün Azərbaycan gəncliyi ölkəmizin gələcəyini yalnız Prezident İlham Əliyevlə bağlayır. Heç bir şübhə yoxdur ki, fevral ayının 7-də keçiriləcək Prezident seçkilərində də gənclərimiz yüksək fəallıq nümayiş etdirərək, öz mövqelərini birmənalı şəkildə təsdiqləyəcəklər”.