Ana dilimizdən bəhs edən film - “SEV(D)A” - VİDEO
Ana dilimizin təbliği, dilimizdən düzgün istifadə qaydaları, öz doğma dilimizdə aydın və səlist şəkildə danışmaq hər bir vətəndaşımızın ən ümdə vəzifələrindən biridir.
1news.az xəbər verir ki, rejissor Azər Yaşarsoyun ərsəyə gətirdiyi “Sev(d)a” qısametrajlı filminin sujet xəttini ana dilimizə hörmət və sevgi təşkil edir.
Fimin qəhrəmanı olan Sevda adlı qız hələ kiçik yaşlarından anası tərəfindən rus dilində oxuyub-yazmağa, danışmağa məcbur edilir. Öz ana dilimizdə gözəl danışmağı bacaran Sevda anasının qorxusundan yalnız nənəsi ilə gizlin azərbaycan dilində danışır.
Orta məktəbi, universiteti rus dilində bitirən Sevda daimi iş tapmaqda çətinlik çəkir. Zamanında anasının ona dediyi “rus dilini bilməklə bütün qapıları gözüyumulu açacaqsan” ifadəsinin əslində kökündən nə qədər yalnış olduğunu Sevda məhz indi dərk edir. İş üçün hara müraciət etsə, ondan ilk olaraq öz doğma ana dilimizdə sərbəst danışmaq tələb olunur. Və məhz bundan sonra filmin qəhrəmanı əsl gerçəkləri anlamağa başlayır. İnsanın bir neçə fərqli dil bilməsi onun digərlərindən üstünlüyü sayılsa da, öz ana dilini bilməyi hər bir şəxsin vətəndaşlıq borcudur. Ana dili, həqiqətən də, hər bir xalqı, milləti yaşadan, onun varlığına əbədi möhür vuran ən böyük milli-mənəvi sərvətdir.
22 dəqiqəlik ekran əsəri tamaşaçıya məhz bunu aşılayır.