“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir! | 1news.az | Xəbərlər
Siyasət

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

12:18 - 28 / 04 / 2024
“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

Son dövrlərdə bütün dünya xalqlarının davamlı inkişaf üçün müəyyən çətinliklər yaradan iqlim dəyişikliyi problemi, eyni zamanda planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir.

Xüsusilə, dördüncü sənaye inqilabının gətirdiyi dəyişikliklər nəticəsində böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə iqlim dəyişikliyi özünü ciddi şəkildə büruzə verir.

Beynəlxalq platformalarda müxtəlif mövzuların müzakirələrini təşkil edən beyin mərkəzlərinin idarəediciləri kifayət qədər gözəl başa düşürlər ki, doğrudan da bu qəbildən olan məsələlərin həllini daha yaxşı, səmərəli təşkil etmək üçün yeganə mexanizm sağlam dialoqun təşviqidir.

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, bu baxımdan belə qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması, bu işin daha da təkmilləşdirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunur. Beləliklə, 1992-ci ildə dünya dövlətləri tərəfindən qəbul olunmuş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasından irəli gələn işlərdə daha fəal tədbirlərin həyata keçirilməsi üçün dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, ekologiya sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər iqlim dəyişikliyi ilə mübarizə naminə davamlı və qeyri-rəsmi dialoq yaradaraq ilk dəfə aprel 2-4-də Almaniyanın Berlin şəhərində “1-ci Petersberq İqlim Dialoqu” çərçivəsində toplanıblar.

Onun sözlərinə görə, bu il aprel 26-da keçirilən növbəti, “15-ci Petersberq İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi.

Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək Prezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası, habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi, Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün şərait yaradacaqdır: “Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq”.

Məzahir Əfəndiyev qeyd edib ki, ümumiyyətlə yaşıl keçid üzrə icra edilən meqa layihələr çərçivəsində Azərbaycanın 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarına nail olması, doqquz elektrik enerjisi stansiyası, 2030-cu ilə qədər isə əlavə 5000 meqavat gücündə 10 günəş, külək enerjisi stansiyalarının istismara verilməsi ilə bağlı qarşıya qoyulmuş hədəflər, imzalanmış beynəlxalq müqavilələr mövcud alternativ enerji ehtiyatlarımızın, eləcə də malik olduğumuz potensialın bariz göstəricidir.

Eyni zamanda, Almaniyaya səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniyanın Federal Kansleri Olaf Şoltsla ikitərəfli və geniş tərkibdə görüşü, hər iki ölkə liderinin birgə mətbuat konfransı keçirməsi ölkəmizin Almaniya, o cümlədən Avropa İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və iqtisadi inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş etdirdi.

“Fəxarətlə deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan bu gün dördüncü sənaye inqilabının baş verdiyi bir dövrdə özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya edir, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.

Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın hər bir platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini diqqətə çatdırır. Bu isə, öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz nümunəsidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Paylaş:
348

Son xəbərlər

İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07
Bütün xəbərlər