Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2.5 km qısalır.
Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin nəzərdə tutulan dairəvi və düzbucaqlı suötürücülərin inşası aparılır.
Paralel olaraq ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri də görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir.
Yolda sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun təzyiqlə 14 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsu çayı üzərində 1195 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpünün inşası üzrə ümumilikdə 39.6 % işlərin icrası yekunlaşıb. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün dayaqlarının gövdə hissələrinin inşası icra olunur.
Yolun Ağsu çayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 884 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşıb. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. Tuneldə qazma işləri davam edir. Tuneldə yerinə yetirilən işlər ümumilikdə 33.8% təşkil edir.
Layihənin digər hissələrində də hazırda torpaq işləri icra olunur, yolun hərəkət hissəsi genişləndirilir, yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilir, istinad divarları və suötürücü borular tikilir. Artıq 20 km-ə yaxın hissədə torpaq yatağının inşası başa çatdırılır.
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 21 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzərində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.