“Bir qadının xatirələri”: Bakıda rəssam Ayla Əsgərovanın sərgisi açılıb - FOTO
Bakıda yerləşən “NARJIH Gallery”də rəssam Ayla Əsgərovanın “Bir qadının xatirələri” adlı fərdi sərgisi açılıb.
Ayla Əsgərova 2007-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. 11 yaşında İngiltərədə məktəbə qəbul olunub, 3 il sonra isə ABŞ-ın Pensilvaniya ştatında yerləşən “Grier School” məktəbinə keçib və hazırda orada təhsilini davam etdirir. Daha əvvəl ekoloji problemlərin həllinə yönəlmiş bir neçə layihənin təşəbbüskarı olan Aylanın hazırda Bakıda qadınlara həsr olunmuş sərgisi keçirilir.
Sərgidə nümayiş olunan əsərlər qonaqları qadın xatirələrinin mürəkkəb və təsirli dünyasına qərq edir. Sərginin məqsədi təkcə qadınların minilliklər boyu formalaşmış kollektiv yaddaşının yaratdığı unikal və möhkəm bağları vurğulamaq deyil, həm də hər bir qadını gələcək nəsillərə ötürmək istədiyi dəyərlər haqqında düşünməyə sövq etməkdir.
Qonaqları salamlayan Ayla qeyd edib ki, bu layihə onun tarix boyu qadınların bir-birini necə dəstəklədiyi, həmçinin onların xatirə və təcrübələrinin nəsildən-nəslə ötürülərək dəyərlərimizi necə formalaşdırdığı haqqında uzun-uzadı düşüncələrinin nəticəsidir.
“Bir dəfə dərs gününün sonunda, darıxdırıcı ingilis dili dərsində Şekspirin “Heç nədən hay-küy” əsərini oxuyaraq onun kimə maraqlı ola biləcəyi barədə düşünürdüm. Amma bu pyesdə bir şey diqqətimi cəlb etdi - bu da əsərin əsas personajı olan iki xanımın münasibətləri idi. Şekspirin əsərləri qadın personajlar arasında bacılıq və dəstək ruhunun ön plana çıxarılması ilə tanınır. Xanım qəhrəmana şər ataraq xəyanətdə ittiham edəndə atası, nişanlısı və başqaları ondan üz döndərirlər. Lakin, əmisi qızı Beatriçe onun günahsızlığına inanaraq tərəfini tutur və şərəfi uğrunda mübarizə aparır - bu, kraliça Yelizaveta dövründə qadın həmrəyliyinin nadir təsviridir. Pyesin bu qədər sadə mahiyyətini dərk edərək, nəhayət ki, hamımızın bir-birinə bacı münasibəti bəslədiyi qızlar pansionunda təhsil almağın gözəlliyini başa düşdüm. Bununla da, bir vaxtlar mənə çox darıxdırıcı və cansıxıcı görünən bir şey dərhal tamam başqa məna kəsb etməyə başladı.
Yadımdadır, 11 yaşında ikən internat məktəbində təhsil almaq üçün tamamilə fərqli, soyuq ingilis mentalitetinin hakim olduğu yad bir ölkəyə getməli oldum. Bu, həyəcan və qeyri-müəyyənliklə dolu çətin bir dövr idi. Lakin ilk rəfiqəmlə tanışlığım uyğunlaşmağıma çox kömək oldu. Onun dostluğu məni bu yeni və qorxulu dünyada suyun üzərində saxlayan lövbər oldu.
Sonradan başqa məktəbə, qızlar pansionuna keçəndə ətrafımda qızların sayı çoxaldı və bununla da mənə qarşı hörmət və dəstək də artdı. Hamımız həqiqətən bacı kimi idik. Biz hər şeyi - geyimi, kosmetikanı, zinət əşyalarını və ən əsası duyğu və sevinclərimizi bir-birilə paylaşırdıq. Bu, hər birimizin sevinc və dəstək tapa biləcəyi bir cəmiyyət idi.
Fərqli ölkəyə - ABŞ-yə köçdükdən sonra yenidən qızlar pansionuna düşdüm. Yeni mühitə və mədəniyyətə uyğunlaşmaq asan deyildi, amma bu dəfə də ətrafımdakı qızlar mənə dəstək oldu. Çətin vaxtlarda yaranan bu əlaqələr mənə qadın həmrəyliyinin nə qədər əhəmiyyətli olduğunu və həyatımıza nə qədər təsir edə biləcəyini sübut etdi”, - Ayla bildirib.
Gənc rəssamın sözlərinə görə, onun reaksiyaları və hissləri əcdadı olan qadınların yaşadıqlarını əks etdirir, çünki o, əcdadlarının kollektiv yaddaşının məhsulu olan kitabdır: “Onların duyğuları və emosiyaları nəsildən-nəslə ötürülərək mənə gəlib çatıb, dünya haqqında təsəvvürümü formalaşdırıb. Başa düşürəm ki, xatırladıqlarım və yaşadıqlarım gələcək nəsillərə ötürüləcək. Əcdadlarımın xatirələri mənim həyat xəmirimi yoğurduğu kimi mənim xatirələrim və hekayələrim də onların daxili aləminin bir hissəsinə çevriləcək.
Mən nəfəs aldıqca, mənim rəngarəng və bəzəkli ağacım da mənimlə birlikdə nəfəs alır. Bu ağacın hər budağı nəslimdəki bir qadına məxsusdur, onun hər yarpağı isə onların həyatının nəticəsidir.
Məhz bu dərketmə məni “Bir qadının xatirələri” sərgisini təşkil etməyə ruhlandırdı. Bu sərgi hər bir qadının özü ilə daşıdığı xatirələri və onların anadan qıza necə ötürüldüyünü araşdırır. Bunu etməklə, qadın həmrəyliyinin gücünü və gözəlliyini, həmçinin hamımızı birləşdirən qırılmaz bağı göstərmək istəyirəm.
İstəyirəm ki, sərginin qonaqları öz kökləri, onların özəlliyi və keçdiyi yol barədə düşünsünlər. Sizi öz keçmişiniz və gələcək nəslə nə ötürəcəyiniz haqqında düşünməyə sövq etmək istəyirəm”.
Qeyd edək ki, sərgi xeyriyyə xarakterlidir. Rəsm əsərlərinin satışından əldə olunacaq vəsait uşaqlara kömək məqsədilə "Azərbaycan Uşaqları" İctimai Birliyinin fonduna ianə ediləcək.
Sərgi avqustun 8-dən 11-dək (12:00 – 18:00) davam edəcək. Giriş pulsuzdur.
Ünvan: NARJIH Gallery, İçərişəhər, Böyük Qala 16.