Ardıcıl hərbi-siyasi tədbirlər dayanıqlı sülhün təmin olunmasına hesablanıb
Bu gün qloballaşan dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar və bundan irəli gələrək dünya siyasi arxitekturasının yenilənməsi fonunda Azərbaycan yeni dönəmə artıq tam müstəqil, suveren, demokratik inkişafa əsaslanan hüquqi dövlət kimi daxil olur.
Əlbəttə ki, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçib. 2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi. 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan qonşu Ermənistanın silahlı qüvvələri məhv olunmaqla, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı.
İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.
Keçən müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirirdi.
Lakin, Azərbaycanın humanist yanaşması, sülh çağırışlarına məhəl qoymayan Ermənistan və onun havadarları regionda gərginliyi saxlamaq, sülh gündəliyinə zərbə vurmaq məqsədilə Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri vasitəsilə bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməyə davam etdilər. Son 4 ildə törədilən hərbi təxribatlar nəticəsində hərbçilərimiz qəhrəmancasına vuruşaraq şəhid oldular, 300 yaxın mülki şəxs isə mina terrorunun qurbanı oldu.
2023-cü ilin 19 sentyabr tarixinə qədər davamlı sülhün əldə olunması üçün aparılan diplomatik danışıqların yekununda Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev müdrik Azərbaycan xalqının haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi Konstitusiyasını rəhbər tutaraq, bir günlük lokal xarakterli antiterror əməliyyatının həyata keçirilməsinə dair qərar verməklə insan tələfatına son qoydu, eyni zamanda ölkəmizin suverenliyini tam təmin etdi.
Cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağ ərazisində qeyri-qanuni məskunlaşmış, müxtəlif mənbələrdən maliyyələşən silahlı birləşmələr məhv edildi, erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Beləliklə, 2020-ci ildə yazılmağa başlanan Zəfər tariximiz hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə taclandı.
Bu gün Cənubi Qafqazda artıq yeni reallıqlar mövcuddur. Regionda sülh danışıqları yeni mərhələyə qədəm qoyub. Ölkəmizin malik olduğu iqtisadi potensial, Qarabağda sürətlə aparılan yenidənqurma işləri, icra olunan infrastruktur layihələri, habelə Cənubi Qafqazda inkişafa, sülh və əmin-amanlığa yönəlmiş fəaliyyət, o cümlədən mina çirklənməsinə qarşı mübarizə beynəlxalq ictimaiyyətin də normallaşma prosesinə olan marağını daha da artırır.
Xüsusilə, Azərbaycanın 2026-cı ildə ən böyük qlobal platformalardan olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bir dönəmdə Ermənistan üzərində qlobal ictimaiyyətin də təzyiqi olacaqdır.
Qeyd edim ki, bu gün doğma Qarabağımızda həyata keçirilən quruculuq işləri, insanların və bütövlükdə regionun təhlükəsizliyinə hesablanmış addımlar 2026-cı ildə Cənubi Qafqazda yeni sülh modelinin nümayiş olunması üçün Azərbaycana əlavə imkanlar yaradacaqdır.
Heç şübhəsiz, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu platformadan da məharətlə istifadə edərək, BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycanın qədəm qoyduğu yeni dövrdə müəyyən etdiyi yeni hədəflərini ortaya qoymaqla, xalqımızın yalnız sülh və əmin-amanlığın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı