Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRH
Torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir.
Azad olunmuş ərazilərimizdə görülən işlər bütün sahələri əhatə edir. Standartlara uyğun yollar, müasir yaşayış kompleksləri, təhsil müəssisələri, hava limanları, istehsalat müəssisələri inşa edilir.
Prezident İlham Əliyev sentyarbın 19-da Ağdam sənaye parkında Prezident həmçinin Ağdamda Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun, Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun, Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun, Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun və müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak açılışında iştirak edib.
Bəs görəsən açılışı olan bu müəssisələr hansı əhəmiyyətə malikdir? Ağdamda Sənaye Parkında istifadəyə verilən obyektlər Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Ağdam Qarabağın sənaye mərkəzidir və Ağdamda Sənaye Parkında artıq kifayət qədər ixrac imkanları olan məhsulların istehsalına başlanılacaq.
“Bu, bütövlükdə Qarabağın iqtisadi potensialının reallaşması baxımından vacibdir. Nəticə etibarilə Qarabağ artıq yalnız daxili tələbin ödənilməsinə deyil, həm də Azərbaycanın ixrac imkanlarının artırılmasına töhfəsini verəcək. Nəzərə alsaq ki, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının növbəti mərhələdə 10 faizini formalaşdırmaq imkanına malik olacaq. Yəni, bu o deməkdir ki, yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun yaratdığı iqtisadiyyatın ümumi həcmi 10 milyard manatdan artıq olacaq. Təbii ki, bu, dəyər ifadəsində yeni ixrac imkanları deməkdir, məhsulların, xüsusən də qeyri-neft sektoru üzrə məhsulların ixrac imkanlarının genişləndirilməsi anlamına gəlir. Daha çox məhsulların istehsalı həm daxili tələbin ödənilməsində, həm də idxalın azalmasında Ağdamda olan müəssisələrin rolunun artırılması Azərbaycan üçün bu kontekstdən ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Ona görə də Qarabağın bərpa, yenidənqurma prosesi ilə yanaşı, həm də Qarabağda iqtisadiyyatın formalaşması və inteqrasiyası prosesi intensiv şəkildə həyata keçirilir. Bütün bunların fonunda biz artıq Qarabağda yaranan yeni dəyərin, Azərbaycan iqtisadiyyatının, Azərbaycanın qeyri-neft ixrac potensialına töhfəsini hiss çox yaxın zamanlarda müşahidə edə biləcəyik" – deyə V.Bayramov əlavə edib.