STM dövlət qurumlarının stasionar və qaynar xətlərinin fəaliyyəti ilə bağlı monitorinq apartdı - NƏTİCƏLƏR
Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib.
STM-dən 1news.az-a bildirilib ki, monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.
Dövlət orqanlarının (qurumlarının) stasionar və qaynar xətləri üzrə ümumi nəticələr
Qeyd edilib ki, STM tərəfindən keçirilmiş rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən 39 dövlət orqanına (qurumuna) məxsus 80 stasionar və qaynar xəttə günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1500-ə yaxın zəng edilib. Ümumi nəticələrə əsasən, zənglərin 66.3%-nə və ya 963 zəngə cavab verilib, 33.7%-nə və ya 489 zəngə cavab verilməyib.
Dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinə edilmiş ümumi zənglərin 44.4%-nə (332 zəng) cavab verilib, 55.6%-nə (416 zəng) cavab verilməyib. Qaynar xətlər üzrə ümumi zənglərin 89.6%-nə (631 zəng) cavab verilib, 10.4%-nə (73 zəng) cavab verilməyib. Dövlət orqanlarının stasionar nömrələrinə edilən zənglərin cavablandırılması üzrə orta müddət 17 saniyə, qaynar xətlər üzrə 1 dəqiqə 22 saniyə olub.
Dövlət orqanları üzrə zənglərə cavab verənlərin ümumilikdə 13.5%-i və ya 130 nəfəri kişi, 86.5%-i və 834 nəfəri qadın olub. Stasionar nömrələr üzrə zənglərə cavab verənlərin 12.3%-i və ya 41 nəfəri kişi, 87.7%-i və ya 292 nəfəri qadın olub. Qaynar xətlər üzrə zənglərə cavab verənlərin 14.1%-i və ya 89 nəfəri kişi, 85.9%-i və ya 542 nəfəri qadın olub.
Yerli icra hakimiyyəti orqanlarının stasionar və qaynar xətləri üzrə ümumi nəticələr
Məlumata görə, monitorinq əsnasında 77 icra hakimiyyətinə məxsus 134 stasionar və qaynar xəttə günün birinci və ikinci yarısında ümumilikdə 2000 zəng edilib.
İcra hakimiyyətləri orqanlarının stasionar və qaynar xətləri üzrə ümumilikdə zənglərin 53.5%-nə cavab verilib, 46.5%-nə cavab verilməyib. Başqa sözlə, hər iki kommunikasiya xətti üzrə 964 zəngə cavab verilib, 839 zəngə cavab verilməyib.
Stasionar əlaqə vasitələrinə edilmiş 913 zəngə (52.6%) cavab verilib, 824 zəngə (47.4%) cavab verilməyib.
Qaynar xətlərə (ümumilikdə 9 qaynar xətdən yalnız 3-ü işləyir) edilmiş ümumi zənglərin 77.3%-nə cavab verilib, 22.7%-nə cavab verilməyib. Ümumilikdə, qaynar xətlər üzrə 51 cavab verilmiş, 15 cavab verilməmiş zəng qeydə alınıb.
Yerli icra hakimiyyətlərinin stasionar nömrələrinə edilən zənglərin cavablandırılmasında orta müddət 15 saniyə, qaynar xətlər üzrə 18 saniyə olub.
İcra hakimiyyətləri orqanları üzrə zənglərə cavab verənlərin ümumilikdə 71.3%-i və ya 687 nəfəri kişilər, 28.7%-i və ya 276 nəfəri qadınlar olub. Stasionar nömrələr üzrə zənglərə cavab verənlərin 74.1%-i və ya 676 nəfəri kişilər, 25.9%-i və ya 236 nəfəri qadınlar olub. Qaynar xətlər üzrə zənglərə cavab verənlərin 21.6%-i və ya 11 nəfəri kişilərdən, 78.4%-i və ya 40 nəfəri qadınlardan ibarət olub.
Ali dövlət hakimiyyəti orqanlarının stasionar və qaynar xətləri üzrə zənglərə cavab vermə göstəriciləri
STM-in məlumatında bildirilib ki, dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətləri üzrə monitorinqin nəticələrinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hər iki kommunikasiya xətti monitorinq müddətində operativ fəaliyyət göstərib. Stasionar nömrələr üzrə zənglərin 95.5%-nə cavab verilib, 4.5%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 15 saniyə, günün ikinci yarısında 11 saniyə təşkil edib.
Qaynar xəttə edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 13 saniyə, günün ikinci yarısında 9 saniyə təşkil edib.
Azərbaycan Respublikasının Milli Məclisinin stasionar nömrəsinə (qaynar xətti yoxdur) günün birinci və ikinci yarısında edilən zənglərin mütləq əksəriyyətinə və ya 90.9%-nə cavab verilib, 9.1%-nə cavab verilməyib.
Zənglərin cavablandırılmasında orta müddət günün birinci yarısında 10 saniyə, günün ikinci yarısında 8 saniyə olub.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun stasionar əlaqə vasitəsinə edilən zənglərin 18.2%-nə cavab verilib, 81.8%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 23 saniyə, günün ikinci yarısında 18 saniyə qeydə alınıb.
Qaynar xətt üzrə zənglərin 31.8%-nə cavab verilib, 68.2%-nə cavab verilməyib. Zənglərin cavablandırılması üzrə orta müddət günün birinci yarısında 6 dəqiqə 2 saniyə, günün ikinci yarısında 4 dəqiqə 14 saniyə olub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin stasionar əlaqə vasitəsinə günün birinci və ikinci yarısında edilən zənglərin mütləq əksəriyyətinə, yəni 86.4%-nə cavab verilib, 13.6%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 7 saniyə, günün ikinci yarısında 8 saniyə olub.
Qaynar xəttə edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 26 saniyə, günün ikinci yarısında 10 saniyə olub.
Qeyd edək ki, dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib. Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb. Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.
Nəzərə çatdıraq ki, dövlət qurumları (orqanları) və yerli icra hakimiyyəti orqanları üzrə monitorinqin nəticələri ayrı-ayrılıqda qarşıdakı dövrdə geniş ictimaiyyətə təqdim ediləcək.