Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir”

12:12 - 14 / 10 / 2024
Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir”

“Bu gün Azərbaycan dünyanın nüfuzlu, Cənubi Qafqaz regionunun isə lider dövlətidir.

Ötən dövr ərzində ölkəmiz böyük inkişaf yolu keçərək tarixi nailiyyətlər qazanıb. Bu nailiyyətlərin qazanmasında Lider amili başlıca rol oynayır. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev də məhz dövlətə və xalqa zəfərlər qazandıran Liderdir”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib. 21 il öncə-15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. 2003-cü ilin oktyabrın bu günə qədər keçilən yol inkişaf və tərəqqi baxımından zəngindir. Bu uğura nail olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət də müstəsna əhəmiyyət kəsb edir. Belə ki, Cənubi Qafqaz regionunda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu, o deməkdir ki, çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər hər zaman Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. Bu prosesdə ölkəmizə qarşı çıxan, onu zəiflətməyə çalışan qüvvələr olsa da dövlətimizin başçısının qətiyyətli siyasəti ilə bütün belə planları dəf olundu. Əksinə, Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Millət vəkilinin sözlərinə görə, bu dövrdə uğurlu enerji siyasəti də Azərbaycana iqtisadi və siyasi divident qazandırıb. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi ilə yanaşı, Avropanın Azərbaycanın təbii qazına da ciddi ehtiyac duyuldu. Artıq Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələri reallığa çevrilib. Bununla da, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başlayıb. Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi də çox böyük tarixi hadisə oldu. Bütün bunlar gələcəkdə Orta Dəhlizin ölkəmiz üçün siyasi önəmini də əhəmiyyətli dərəcədə artırır.

Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin 21 illik fəaliyyətinin zirvəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Liderliyinin təntənəsidir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu. Nəticə isə göz qabağındadır. Ermənistanın qeyri-konstruktiv, təxribatçı mövqeyi onun kapitulyasiyası ilə nəticələndi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, bu tarixi Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Ötən il sentyabrında isə qəhrəman ordumuzun 23 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi.

“Beləliklə, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da qüdrətlənəcək, dünyada nüfuzunu daha da artıracaq. COP29 kimi dünyanın ən mötəbər təşkilatının Bakıda keçirilməsi də dövlətimizin gücünü, şəxsən Prezidentimizin beynəlxalq müstəvidə nüfuzlu və qətiyyətli LİDER olduğunu təsdiqləyir. Noyabr ayında dünya ölkələrinin liderləri, onminlərə əcnəbi qonaq Azərbaycana səfər edərək güclü və qüdrətli Azərbaycanın inamlı inkişafının şahidi olacaq. Azərbaycan xalqı bu tarixi nailiyyətlərin və zəfərlərin müəllifi olan cənab İlham Əliyev kimi Lideri ilə hər zaman qürur duyur”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər