Ordubadda “Yaşıl innovasiyalar və ətraf mühitin qorunması” mövzusunda konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ordubadda “Yaşıl innovasiyalar və ətraf mühitin qorunması” mövzusunda konfrans keçirilib - FOTO

11:46 - 26 / 10 / 2024
Ordubadda “Yaşıl innovasiyalar və ətraf mühitin qorunması” mövzusunda konfrans keçirilib - FOTO

Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl innovasiyalar və ətraf mühitin qorunması" mövzusunda konfrans keçirilib.

1news.az xəbər verir ki, Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, bələdiyyələr iştirak ediblər. Konfransda, həmçinin canlı bağlantı vasitəsilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov və COP29 Azəbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin kommunikasiyalar və təlimlər sektorunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Hümbətov məruzəçi qismində çıxış ediblər.

Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca COP29 ilə əlaqədar videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bu il ölkəmizdə keçiriləcək COP29 Konfransının əhəmiyyətindən bəhs edib, beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu vurğulayıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi ilə bağlı dövlət başçısının Sərəncamına toxunan İcra Hakimiyyətinin başçısı yaşıl innovasiyaların və ətraf mühitin qorunmasının müasir dünyada dayanıqlı inkişafın təməlini təşkil edən əsas istiqamətlərdən biri olduğunu qeyd edib, ölkəmizdə qəbul edilən strateji proqramlarda ekoloji problemlərə qarşı mübarizənin prioritet məsələlərdən biri kimi müəyyən edildiyini bildirib. Rəcəb Rəhimli Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında külək elektrik stansiyalarının və günəş enerjisi layihələrinin həyata keçirilməsinin bu istiqamətdə atılmış önəmli addımlardan biri olduğunu nəzərə çatdırıb. Çıxışda, həmçinin yaşıl innovasiyaların inkişafının yalnız texnologiya və dövlət siyasəti ilə məhdudlaşmadığı, məhsuldar əməkdaşlıq üçün özəl sektor və vətəndaş cəmiyyətinin birgə rolunun əhəmiyyəti qeyd edilib.

Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov “İqlim dəyişikliklərinə hüquqi cavab” mövzusunda məruzəsində iqlim dəyişikliklərinin dünyanı narahat edən məsələ olduğunu, dünya ölkələrinin atmosferin zərərli qazlardan azaldılması istiqamətində müxtəlif hüququ öhdəliklər götürdüyünü diqqətə çatdırıb. Yaşıl enerjiyə keçid sahəsində üzv dövlətlərin imzaladıqları beynəlxalq müqavilələrə riayət etməsinin zəruriliyini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev öz çıxışında iqlim dəyişikliyinə təsir edən amillər və COP29-un hədəflərindən bəhs edib. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu vurğulayaraq “2023-2027-ci illər Naxçıvan Muxtar Respublikasının inkişafına dair Dövlət Proqramı”nda bu sahədə prioritet istiqamətlərin müəyyənləşdiyini diqqətə çatdırıb. Çıxışda Muxtar Respublikada bu il 550 hektar sahədə meşəsalma və meşəbərpa işlərinin aparılmasının nəzərdə tutulduğu, artıq 432 hektarda işlərin yekunlaşdığı qeyd edilib.

Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov iqlim dəyişməsində təbii proseslərin gedişinin izahına dair müxtəlif elmi əsaslandırmaları diqqətə çatdıraraq, təbii proseslərin kainatda iqlim dəyişikliyinə təsir edən əsas səbəblərdən olduğunu vurğulayıb. Bu sahədə antropogen amillərin rolunun təsirinin azaldılmasının zəruriliyini nəzərə çatdıran Çingiz İsmayılov ümumi məsələlərə yanaşmada yaşıl düşüncə təfəkkürünün formalaşmasının ən vacib elementlərdən biri olduğunu xüsusi qeyd edib.

COP29 Azəbaycan Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamentinin kommunikasiyalar və təlimlər sektorunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Tural Hümbətov “Beynəlxalq tədbirlərin gənclərin inkişafına töhfəsi” mövzusunda məruzəsində son illərdə həyata keçirilən tədbirlərdə könüllülük hərəkatının əhəmiyyətindən bəhs edərək minlərlə gəncin bu hərəkata qoşularaq öz təcrübəsini artırdığını qeyd edib. O, son 10 il ərzində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə 100 mindən çox gəncin könüllü iştirakçı qismində öz bilik və bacarıqlarını təkmilləşdirdiklərini, beynəlxalq səviyyəli tədbirlərdə komanda rəhbərləri kimi formalaşdıqlarını bildirib.

Yekunda Ordubad Rayon İcra Hakimiyyəti adından məruzəçilərə və konfrans iştirakçılarına minnətdarlıq ifadə olunub.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər