Yalçın Rəfiyev: “Kənd Təsərrüfatının İqlimə Uyğunlaşması Üçün Təcili Tədbirlər Görülməlidir”
“Kənd təsərrüfatı sektorlarının iqlim dəyişikliyinə uyğunlaşmasına kömək üçün təcili tədbirlər görülməlidir”.
1news.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş müzakirəçi Yalçın Rəfiyev COP29 Prezidentliyinin mətbuat konfransında çıxış edərkən bildirib.
O, qeyd edib ki, fermerlərin iqlim dəyişikliyinə uyğunlaşması üçün Bakı-Harmoniya İqlim Təşəbbüsü layihəsini başladıb.
“Bu təşəbbüsün məqsədi fermerlərə davamlılıq yaratmaq üçün lazımi alətlər təmin etməkdir. Bakı-Harmoniya İqlim Təşəbbüsü həmçinin fermerlərin gəlir əldə etməsinə dəstək olmaq məqsədilə maliyyə institutları ilə əməkdaşlıqda əlçatan təlimatlar hazırlayacaq.
Əvvəlki COP-lar artıq metanla bağlı irəliləyişlər əldə edib. COP26-nın qlobal metan öhdəliyi artıq Azərbaycan da daxil olmaqla təxminən 160 ölkəni əhatə edir. Bu öhdəliyi yerinə yetirmək üçün biz metan emissiyalarının əsas mənbələrinə, o cümlədən qalıq yanacaqlara, kənd təsərrüfatına və üzvi tullantılara diqqət yetirməliyik,” - deyə o vurğulayıb.