NASA Ay səthinə nüvə reaktoru yerləşdirməyi planlaşdırır – ABŞ ikinci kosmik yarışa hazırlaşır

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Ay səthinə nüvə reaktoru göndərməyi planlaşdırır.
1news.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, NASA yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyi yeni layihə üzərində son hazırlıqları aparır. Layihə çərçivəsində 100 kilovat gücündə nüvə reaktorunun inşası və 2030-cu ilə qədər Ay səthinə göndərilməsi nəzərdə tutulur.
ABŞ-ın Nəqliyyat naziri və NASA-nın müvəqqəti direktoru Şon Daffinin bu həftə reaktor layihəsini rəsmi şəkildə elan edəcəyi gözlənilir.
Adı açıqlanmayan yüksək vəzifəli NASA rəsmisi nəşrə açıqlamasında bildirib ki, bu addım ABŞ-ın ikinci kosmik yarışda üstün mövqe qazanmaq məqsədi daşıyır.
Layihəyə dair sənədlərdə həmçinin qeyd olunur ki, Ayda nüvə reaktoruna sahib olacaq ilk ölkə bu ərazini “qadağan zona” elan etməklə ABŞ-ın fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.