Bu günkü Azərbaycan özünə qarşı hörmətli və bərabərhüquqlu münasibət tələb etmək hüququna tam şəkildə malikdir

Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Gülsən Paşayeva 1news.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Son dövrlər Rusiyadan Azərbaycana qarşı səslənən tənqidi və qərəzli bəyanatların artdığını müşahidə edirik. Bu fonda ölkəmizə qarşı məqsədli informasiya kampaniyasının aparıldığını demək olarmı?
– Bəli, bu istiqamətdə müəyyən əlamətlər açıq şəkildə görünür. Bir neçə mühüm məqama toxunmaq istərdim.
İlk növbədə, Azərbaycanın müstəqil və çoxşaxəli balanslaşdırılmış xarici siyasəti uzun illərdir ki, bəzi aparıcı beynəlxalq aktorların narazılığına səbəb olub. Bu aktorlar, bir qayda olaraq, digər ölkələrin milli maraqlarını nəzərə almadan siyasət yürütməyə vərdiş ediblər. Lakin unutmamalıdırlar ki, bu günkü Azərbaycan özünün suveren və bərabərhüquqlu mövqeyini tam şəkildə təsdiqləmiş bir dövlətdir və qarşılıqlı hörmətə əsaslanan münasibətlər tələb etmək hüququna malikdir.
İkincisi, ölkəmizin xarici informasiya təzyiqlərinə qarşı zəngin və uğurlu təcrübəsi var. Xüsusilə, erməni təbliğat maşınına, onu dəstəkləyən geniş diaspor şəbəkəsi və müxtəlif lobbi qruplarına qarşı illərlə aparılmış prinsipial mübarizə bu sahədə topladığımız təcrübənin bariz nümunəsidir.
Üçüncüsü, Rusiyadan gələn addımlara gəldikdə isə, doğrudan da, son zamanlar həm regional, həm də federal səviyyədə bəzi rəsmi şəxslərin Azərbaycana qarşı qeyri-dost yanaşmaları müşahidə olunmaqdadır. Bu isə Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin ruhuna və məzmununa ziddir.
Burada bir məsələni xüsusi qeyd etməliyəm: yaranmış gərginliyin təşəbbüskarı Azərbaycan deyil. Ölkəmiz sadəcə Rusiya tərəfindən atılan addımlara adekvat cavab verir. Bu, istər Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Azərbaycan hərbi təyyarəsinin vurulması, istərsə də iki azərbaycanlının Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində həlak olması ilə bağlı hadisələrdə öz əksini tapır.
– Xankəndidə İvan Ayvazovskinin abidəsinin sökülməsi fonunda başlayan anti-Azərbaycan kampaniyasına münasibətiniz necədir?
– Bu məsələnin süni şəkildə siyasiləşdirilməsi ciddi təəssüf doğurur. Məsələnin mahiyyətinə bələd olan hər kəsə yaxşı məlumdur ki, 2021-ci ildə rusiyalı sülhməramlıların dəstəyi ilə Xankəndidə etnik erməni olan, lakin regionla heç bir tarixi və mədəni bağlılığı olmayan İvan Ayvazovskinin abidəsinin ucaldılması açıq şəkildə erməni separatizminə dəstək kimi qəbul edilmişdi. Bu səbəbdən də 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərindən sonra həmin abidənin – işğal dövründə formalaşmış qeyri-qanuni rejimin simvollarından birinin – sökülməsi sadəcə vaxt məsələsi idi.
Bununla yanaşı, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda “rus mədəniyyətinin ləğv olunması” ilə bağlı səsləndirdiyi fikirlər də əsassız və qəbuledilməzdir. Azərbaycanda rus mədəniyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Hazırda ölkəmizdə Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir, rus bölmələri ilə tədris aparan orta məktəblər mövcuddur, həmçinin rusdilli KİV-lər sərbəst şəkildə fəaliyyət göstərir.
– TASS dövlət agentliyinin abidənin sökülməsi ilə bağlı məlumatında Xankəndi əvəzinə “Stepanakert” adından istifadə etməsi də Azərbaycanda haqlı narazılığa səbəb oldu. Bu barədə nə düşünürsünüz?
– Azərbaycanda bu hal ölkəmizin ərazi bütövlüyünə qarşı açıq hörmətsizlik nümunəsi kimi dəyərləndirildi və tam haqlı olaraq ciddi etiraz doğurdu.
Eyni zamanda, bu faktı daha geniş regional kontekstdə də təhlil etmək lazımdır. Məlumdur ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın təsiri altında olan siyasi qüvvələr – o cümlədən bu ölkədəki nüfuzlu erməni diasporasının nümayəndələri – aktivləşiblər.
Təsadüfi deyil ki, son günlər Rusiyanın dövlət qurumu olan “Rossotrudniçestvo”nun rəsmi saytında Rusiya Dövlət Dumasının deputatı Alyona Arşinovanın rəhbərlik etdiyi QHT tərəfindən Ermənistana – artıq mövcud olmayan “Dağlıq Qarabağ”dan olan məcburi köçkünlərə – yeni humanitar yardım partiyasının göndərilməsi ilə bağlı məlumat dərc olunub.
Gözləmək olar ki, Ermənistan parlamentinə seçkilər yaxınlaşdıqca, regionda sülh prosesinin pozulmasında maraqlı olan xarici aktorların təsiri artacaq. Bu qüvvələr ənənəvi vasitəçilərin iştirakı olmadan Ermənistan və Azərbaycan arasında əldə olunmuş birbaşa razılaşmaların reallaşmasına mane olmağa çalışacaqlar. Mümkündür ki, onlar Ermənistandakı revanşist dairələrə arxalanaraq separatizm kartından yenidən istifadə etməyə cəhd göstərəcəklər.
Lakin əminliklə deyə bilərəm ki, Azərbaycan dövləti istənilən inkişaf ssenarisinə tam şəkildə hazırdır.