Deputat: Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir

Qafar Ağayev15:49 - Bu gün
Deputat: Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir

“Ermənistan regionda sülhün tərəfdarıdırsa, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Rəsmi İrəvan sözdə sülh tərəfdarı olduğunu bəyan etsə də, bu istiqamətdə praktiki addımlar atmır”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sülh prosesi ilə bağlı mövcud mənzərəni şərh edib, dövlətimizin mövqeyini bir daha diqqətə çatdırıb.

"Bundan sonra Ermənistanın baş naziri sülh üçün hansısa “təkliflərlə” çıxış etdi. Əslində, bütün bunlar erməni tərəfinin bu mövzuda spekulyasiyanı davam etdirməsidir. İlk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır. Çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Doğrudur, Ermənistanın hakimiyyət orqanları bu faktın guya Azərbaycana qarşı ərazi iddiası anlamına gəlmədiyini deyir. Lakin təkcə bir fakt – 1998-ci ildə Robert Köçəryanın Ermənistanın prezidenti seçilməsi üçün bu ölkənin parlamentinin “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” haqqında qəbul etdiyi sənədə istinad edilməsi rəsmi İrəvanın “əsaslandırmalarını” ifşa edir. Yəni, belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də, Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir".

Millət vəkilinin sözlərinə görə, erməni tərəfinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortya qoyduğu son yanaşma da suallar doğurur.

"Minsk qrupunun ləğvi üçün heç bir şərt ola bilməz. Çünki faktiki olaraq 44 günlük Vətən müharibəsindən sonra belə bir təsisat fəaliyyət göstərmir. ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı. Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi.

Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış etməkdən, bir birinin təkrarı olan bəyanatlar səsləndirçəkdən başqa heç bir iş görməyiblər. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub. Artıq bu məsələlər geridə qalıb. Çünki Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Belə olan halda, Ermənistanın Minsk qrupu lə bağlı hansısa spekulyası qəbulolunmazdır".

O, bildirib ki, digər bir narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir.

"Məlumdur ki, Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Amma Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Yəni, Azərbaycanın bütün şərtləri yerinə yetirilməlidir. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər