“Ağdamda elə prospektlər salırlar ki, 100 il də orada tıxac olmayacaq” - ŞƏRH

Əvvəllər Qarabağdan danışarkən iki dövrdən söhbət gedirdi: işğaldan əvvəl və işğaldan sonra.
Lakin 2020-ci ilin 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsi onu tarixə qovuşduraraq yeni bölgü yaratdı: topraqlarımızın işğaldan azad edilməsinin əvvəlki və sonrakı dövrü. Qarabağ tarixinin əlfəcini rolunu oynayan bu müharibə illərlə qəlblərdə mürgü döyən arzu və xəyallara da yeni nəfəs verdi. Artıq “Gün o gün olsun ki, növbəti bayramı Qarabağda qeyd edək!” arzusu “Torpaqlarımıza tez qayıdaq!” diləyi ilə əvəz olundu. Çox keçmədi ki, 2022-ci ilin 19 iyulunda hər zikrdə qəlbləri titrədən həmin dilək də həyata keçdi. Bu həm “Böyük Qayıdış”ın, həm də Zəngilana ilk köçün başladığı gün oldu.
Bu tarixi gündə insanların gözləri illər sonra vüsala yetişmək sevinci ilə yanaşı, işğaldan taqətsiz düşən torpaqlara yenidən can verməyə tələsən ürəklərin təşnəliyi ilə də parlayırdı. Bunu duyan və anlayan ölkə başçısı da ilk gündən indiyədək tez-tez işğaldan azad olunmuş ərazilərə gedir, quruculuq işlərinə xüsusi diqqət ayırır.
Elə 1news.az-a açıqlama verən deputat Aqil Abbas da Prezident İlham Əliyevin yenidənqurma işlərinə göstərdiyi diqqəti vurğulayıb:
“Azad olunan ərazilərdə heç bir dənə ev də qalmamışdı. Təkcə Ağdamdan 200 min maşın zibil daşınmalı idi. İndi hər yerdə abadlıq işləri gedir. Laçın, Kəlbəcər, Zəngilan, Füzuli, o cümlədən də Ağdam tikilir. Buraya adamlar da köçməyə başlayır. Möhtərəm prezident Qarabağa tez-tez gedir. Binaların, parkların təməlini qoyur. Bununla yanaşı, Ağdamda hər yeri gəzib baxdı, işləyən müəssisələrdə oldu, yenilərinin açılışını etdi. Ağdamda 3 kənd hazırdır. Şəhərdə isə 60-a yaxın binanın bəzisi tamamlanıb, bəzisinin də 60-70%-i tikilib. Həmçinin uşaq bağçası, məktəb, hotellər, muğam mərkəzi tikilir. Möhtərəm prezident Bakıya getsə də, ürəyi həmişə Qarabağda qalır. Ağdama isə xüsusi diqqət göstərir, oranı çox sevir. Ağdam Qarabağın mərkəzində yerləşir. Pənahəli xanın bir fərmanı var. Bununla bağlı roman da yazmışam. Ağdamı azad zona edib. Kim burada mağaza və s. tiksə, ondan vergi alınmayacaq. Ona görə bura belə böyüyüb ticarət mərkəzinə çevrilmişdi. Ağdamla Füzuli, Ağcabədi və Bərdənin arası 48 km-dir. Ona görə də Ağdama xüsusi bir diqqətlə yanaşır. Özü də müasir, Avropaya uyğun bir şəhər tikir. Ağdamda elə prospektlər salırlar ki, indən belə 100 il də orada tıxac olmayacaq”.
Hazırda ailəsi ilə birlikdə Xankəndidə yaşayan əməkdar jurnalist Afət Telmanqızı isə fəaliyyət göstərdiyi Xankəndi, Ağdərə və Xocalıda aparılan yenidənqurma işlərindən danışıb.
“Artıq 3 aydır ki, Xankəndidəyəm və bir jurnalist kimi burada gördüklərim məni valeh etdi. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri hər bir Azərbaycan vətəndaşı kimi mənim də sevincimə səbəb olur. Bu gün bu torpaqlarda fəaliyyət göstərirəmsə, bu mənim üçün böyük bir şərəf və qürurdur. Nəhayət ki, uzun illər həsrətində olduğumuz torpaqlara geri dönüş etdik. İnsanlar öz doğma torpaqlarına qovuşdu. Bizim də bir zamanlar efirdə səsləndirdiyimiz “Gün o gün olsun, torpaqlarımız işğaldan azad olunsun!” fikirlərimiz gerçək oldu”.
O qeyd edib ki, bir jurnalist və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi burada fəaliyyət göstərmək qürurvericidir.
“Mən deyərdim ki, bu öz həyatımda, tərcümeyi-halımda böyük bir şanlı səhifə oldu. Xankəndiyə gəldiyim gündən hər gün, hər saat yenilənən bir şəhər görürük. Prezident İlham Əliyev isə Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub. Xankəndidə Zəfər parkının təməlqoyma mərasimində, “Bulud” hotelinin və Xankəndi tikiş fabrikinin açılışında iştirak etdi. Burada ayrı-ayrı müəssisələr fəaliyyət göstərir. Eyni zamanda quruculuq işləri də görülür. Yaşayış kompleksləri bərpa və təmir edilir, yenidən qurulur.
Təkcə Xankəndini deməzdim, eyni zamanda Xocalı və Ağdarədə də görülən işlər çoxdur. Bilirsiniz ki, Xocalı da önəmli strateji mövqeyə malik olan bir ərazidir. Həm hava limanının, həm də mülki əhəmiyyətli avtomobil yollarının fəaliyyət göstərməsi Xocalını nəqliyyat qovşağı və logistika mərkəzi kimi əhəmiyyətli edir. Bu həm də Ağdam, Xankəndi və Şuşa şəhərlərinin yaxınlığında yerləşən Xocalının da regional mərkəz kimi davamlı sürətdə inkişaf etməsinə təkan verir. Xocalıda da yaşayış komplekləri, evlər əsaslı şəkildə təmir olunur. Orta məktəb, uşaq bağçası artıq fəaliyyət göstərir. Xocalının özünə, eləcə də, Ballıca kəndinə də köç davam edir. Burada kəndin infrastrukturu yenidən qurulur. Bir sözlə burada həyat yenidən canlanır. Quruculuq işləri hazırda da davam etməkdədir. Möhtəşəm günlərə şahidlik edirik”.
Xatırladaq ki, Dövlət Başçısı 18 fevralda Ağdamda, ötən gün isə Xankəndi şəhərində görülən işlərlə yaxından tanış olub.
Müəllif: Ayşən İsmayılova
Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.