Azərbaycan və Türkiyə iqtisadi tərəfdaşlığın prioritet istiqamətlərini nəzərdən keçirib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Hulusi Akar, Mehmet Muş, Feyzi Berdibek və Kayseri Böyükşəhər bələdiyyəsinin sədri Memduh Büyükkılıçla görüşüb.
1news.az bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə dövlət başçılarının birgə səyləri ilə qardaş və dost ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyi və müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu, enerji əməkdaşlığı və birgə reallaşdırılan layihələrin hər iki ölkənin iqtisadiyyatına, eləcə də regional inkişafa əhəmiyyətli töhfələr verdiyi qeyd edilib. Türk şirkətlərinin ölkəmizdə müxtəlif sahələr üzrə aktiv fəaliyyət göstərdiyi, işğaldan azad olunmuş ərazilərimizdə bir sıra infrastruktur layihələrində iştirakı diqqətə çatdırılıb.
"Tərəflər işbirliyinin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildiriblər. Birgə layihələrin perspektivləri və iqtisadi tərəfdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib", - məlumatda qeyd edilib.

