“Global Media Group” kiberhücumla bağlı açıqlama yaydı - YENİLƏNİB

“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
1news.az xəbər verir ki, bununla bağlı “Global Media Group” açıqlama yayıb .
Bildirilib ki, kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.
Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.
Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
***
Azərbaycanda bir sıra xəbər saytları kiberhücuma məruz qalıb.
1news.az xəbər verir ki, kiberhücumə məruz qalan saytlar arasında "Report.az"da var.
"Global Media Group" MMC-yə məxsus digər mətbuat orqanlarının saytları kiberhücuma məruz qalıb. Həmçinin Azpolitika.info saytı da kiberhücuma məruz qalıb.
Qeyd olunan mətbu orqanlarına daxil olduqda, ekranda özlərini “Azərbaycan İslam Müqavimət Hərakatı” adlandıran təşkilatın emblemi görünür.