Oman şirkəti ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub

İqtisadiyyat Nazirliyində Omanın “Suhail Bahwan Group Holding” şirkətinin nümayəndələri ilə keçirilən görüşdə birgə investisiya layihələri və potensial əməkdaşlıq perspektivləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Omanın "Suhail Bahwan Group Holding” şirkətinin nümayəndələri ilə görüşüb.
Oman şirkətinin təmsilçilərinə ölkəmizdə qeyri-neft iqtisadiyyatının prioritetləri və xarici sərmayələrin qoyuluşu üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib, bu sahədə dövlət-özəl tərəfdaşlığının önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanda əlavə dəyər yaradan istehsalın qurulmasına dövlət tərəfindən göstərilən dəstək tədbirləri, eləcə də istehsal olunan məhsulun xarici bazarlara ixracı üçün nəqliyyat-logistika infrastrukturu xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün ölkəmizin cəlbediciliyini artırır.
Tərəflər birgə investisiya layihələri, o cümlədən potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Oman Sultanlığının ən iri holdinqlərindən olan “Suhail Bahwan Group Holding” Körfəz Ölkələri, Şimali Afrika və Cənubi Asiyada fəaliyyət göstərən 30-dan çox şirkətə sahibdir. Holdinq kimya sənayesi, səhiyyə, enerji, logistika, mühəndislik, infrastruktur, informasiya texnologiyaları və telekommunikasiya kimi sektorlarda fəaliyyət göstərir.

