ABŞ-də uçuşa hazırlaşan təyyarə alovlandı: Sərnişinlər təxliyə edildi

ABŞ-nin Florida ştatında yerləşən Orlando Beynəlxalq Hava Limanında uçuşa hazırlaşan sərnişin təyyarəsində yanğın hadisəsi baş verib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Delta Hava Yollarına məxsus Airbus A330 tipli təyyarənin mühərriklərindən biri hələlik məlum olmayan səbəbdən alovlanıb. Hadisə, təyyarənin Corciya ştatındakı Hartsfild-Cekson Atlanta Beynəlxalq Hava Limanına istiqamətlənmək üçün qapıdan ayrılmasından dərhal sonra qeydə alınıb.
Təyyarədə olan 282 sərnişin və 12 ekipaj üzvü təcili şəkildə fövqəladə təxliyə slaydlardan istifadə edilməklə təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan və ya həyatını itirən olmayıb. Təyyarənin mühərrikindən qalxan alovlara yanğınsöndürmə xidmətinin operativ müdaxiləsi nəticəsində qısa müddətdə nəzarət altına alınıb.
Təyyarədə yaşanan panika anları sərnişinlərin mobil telefonları vasitəsilə qeydə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb. Hazırda insidentlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Delta Hava Yolları hadisə ilə bağlı açıqlama yayaraq, təxliyə edilmiş sərnişinlərin yaxın zamanda başqa bir reyslə Atlanta şəhərinə göndəriləcəyini bildirib.