“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” - Təhsildən yayınma və erkən nikahlar - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” - Təhsildən yayınma və erkən nikahlar - ŞƏRH

Ayşən Salehli10:00 - 29 / 05 / 2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” - Təhsildən yayınma və erkən nikahlar - ŞƏRH

“Məktəb istəyəni ərə, ər istəyəni isə məktəbə göndərəndə cəmiyyət dağılır”.

İnqilabi-satirik şеirimizin banisi və bayraqdarı olan Mirzə Ələkbər Sabirin böyük uzaqgörənliklə dilə gətirdiyi bu fikir ölümündən bir əsr sonra belə öz dərinliyi ilə insanları düşünməyə vadar edir. Çünki dəyişən aylara, illər və qərinələrə baxmayaraq, Azərbaycan cəmiyyəti cəhalət qoxusu verən düşüncələrdən xilas ola bilməyib. Hələ də qız uşaqlarının təhsildən uzaqlaşdırılması, erkən nikaha cəlb edilməsi, öldürülməsi və ya uşaq yaşda ana olması kimi hallara rast gəlirik. Sabirin sağlığında satira qırmancı ilə dönə-dönə tənqid etdiyi bu problemlərin qançırı indi də cəmiyyətimizin bağrından qopmayıb.

Ən son baş verən cinayət - Mirzə Ələkbərin şərəfinə Sabirabad adlandırılan bölgəmizdə 16 yaşlı qızın erkən nikaha cəlb olunması və daha sonra öldürülərək Kür çayına atılması elə şairin bu bəhri-təvili kimi acı bir ironiyadır:

Qıza lazımdır əgər bilmək:
o da ev işi, paltar tikişi,
köhnə yumaq, yun daramaq, don yamamaq,
səhnü səranı süpürüb,
kasəni, qabı üfürüb,

küftə, kələm dolması, mət halvası, ət bozbaşı,
ya lobyalı aş, bir dəxi təndir lavaşı
eyləməyindəndir ibarət.

Bəs bu ironiyaların qəhqəhəsi nə vaxt dinəcək? Cəhalətin nəfəsini kəsmək üçün hansı addımlar atılmalıdır? Qızların erkən nikah yerinə təhsilə cəlb edilməsi üçün həyata keçirilməli olan öhdəliklər hansılardır?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova erkən nikah və təhsilin bir-birinə bağlı məsələlər olduğunu qeyd edib:

“Təhsillə bağlı danışırıq və deyirik ki, təhsil almaq lazımdır. Amma ilk növbədə təhsildəki proqramların nə qədər ağır olduğuna baxaq. Mənim nəvələrim də oxuyur və demək olar, hər ay imtahan verirlər. Bu da uşaqları çox yükləyir və uşaqların, xüsusən də qızların gücü çatmayanda valideynləri deyir ki, səndən oxuyan olmayacaq, ərə get. Beləcə də təsirlər başlayır. Mən düşünürəm ki, təhsil proqramları yüngülləşdirilməlidir”.

M.Zeynalova regionlarda görülməli olan işlərdən də söz açıb:

“İkinci vacib məsələ regionlarda orta və ixtisas təhsili mərkəzləri açılmalıdır. Çünki valideynlər həm iqtisadi, həm təhlükəsizlik, həm də nəzarət baxımından qızlarını kənar yerə buraxmırlar. Ona görə də regionlarda ixtisas təhsili üzrə kolleclər çoxalmalıdır. Hansı rayonlarda kollec və universitetlər varsa, orada qızların oxumağa meyili çoxdur və valideynlər onları təhsilə yönləndirirlər. Bu 2 faktora diqqəti artırmaq lazımdır”.

O, sonda cəmiyyəti və aidiyyəti qurumları bu məsələlərdə susmamağa səsləyib:

“Ümumiyyətlə, erkən nikah məsələsində ictimaiyyətin rolu böyükdür. İnsanlar vaxtında məlumat verməklə bu problemin qarşısını ala bilərlər. İlk növbədə rayonlarda bu sahədə çalışan qeyri-hökumət təşkilatlarının fəaliyyətini gücləndirmək lazımdır. Bundan əlavə, ictimaiyyətin özünün bu məsələdə dözümsüzlüyü qüvvətləndirilməlidir. Baş verən faciələr daha çox diqqətə çatdırılmalıdır ki, digər valideynlər üçün də görk olsun. Onlar da görsünlər ki, erkən nikah heç də xoşbəxtlik gətirmir. Əksər vaxtlarda ya boşanma olur, ya da həmin şəxs cinayətin qurbanına çevrilir.

Cinayət məsuliyyəti məsələsi də var. Cinayətlərdə təkcə valideynlər yox, qarşı tərəf və susqun qalan şəxslər də məsuliyyətə cəlb edilməlidirlər. Məsələn, yerli icra hakimiyyəti və yaxud bələdiyyələr bu cür məsələlərdən mütləq şəkildə xəbərdar olurlar. Əgər hansısa bir hadisə baş veribsə, həmin rayonun məsul şəxsləri də birmənalı şəkildə cavabdeh olmalıdırlar”.

1news.az-a açıqlama verən sosioloq Lalə Mehralı isə müşahidə olunan problemlərin həllində təhsilin önəmini vurğulayıb:

“Əgər bir cəmiyyətdə qızlar zorakılıq görürsə, zorla evləndirilirsə, təhsildən uzaqlaşdırılırsa, bu, o deməkdir ki, onların müdafiəsi üçün yazılan o qanunlar əhəmiyyətsizdir, sadəcə kağız üzərindədir. Təhsilli qızlar bu cəmiyyətin gələcəyidir, onlardan qorxmayın. Savadlı qızlar güclü gələcək, savadlı nəsil deməkdir. Qızlarınıza bədəni ilə öyünməyi yox, ağılları, bilikləri, zəkaları və şəxsiyyətləri ilə var olmağı öyrədin. Arzularını həyata keçirən təhsilli, qərarlı, zəkalı qızlarla dünya daha da gözəlləşəcək. Etiraf etmək lazımdır ki, ölkəmizdə qızların təhsilinə, ziyasına olan diqqət bir çox müsəlman ölkəsində yoxdur. Bizim üçün normal olan haqlar başqa bir ölkədə qızların ancaq arzusu, xəyalıdır.

Dünyada təhsildən yayındırılan, məktəbə göndərilməyən qızların aqibəti bəllidir – ya nikah, ya istismar. UNİCEF dünyada uşaq nikahlarının getdikcə sayının azaldığını, lakin bu azalmanın arzuolunan səviyyədə olmadığını deyir və hesab edir ki, dünyada uşaq nikahlarının tamamilə aradan qaldırılması üçün daha 300 il gözləmək lazım gələcək. Təsəvvür edirsiniz? Qızlar hələ 300 il dözməlidir. Bu gün dünyada 15-19 yaş arasında olan hər 4 qızdan 1-i təhsil ala bilmir. Dünyada hər il 18 yaşına çatmamış 12 milyon uşaq və yeniyetmə qız uşaq gəlin olur, hər il 50-60 milyon qız uşağının 130 milyonu məktəbə getmir, 20 yaşınadək hər 10 gənc qızdan biri cinsi zorakılığa məruz qalır, hər gün 150 min, bir saat ərzində 6 mindən çox doğulmamış körpə qız olduğuna görə qətlə yetirilir”.

Sosioloq selektiv abort, boşanma kimi vacib məsələlərə də toxunub:

“Təsəvvür edin ki, Azərbaycanda hər il 15-17 yaş arasında 1000 məktəbli qız aborta gedir. Azərbaycan selektiv abortda (qız uşaqlarının ana bətnində qətl edilməsi) dünyada birinci yerdədir, boşanmalara görə liderik. Biz qızımızı döyə-döyə ərə veririk, sonra boşanır deyə “ah-vah” edirik. İlk elçisinə “hə” deyib ərə veririk, sabah qətlə yetiriləndə məzarını mərmərdən düzəltdiririk. Biz qızımızı təhsildən yayındırırıq, boşananda əlində sənətinin olmamasına görə heyifsilənirik. Qızlar oxumalıdır, təhsil almalı, sonra evlənməlidir. Amma oxumağı uzadıb 30 yaşına qədər subay qalmaları da normal deyil. Bu da demoqrafik problemlərə səbəb olur. Qızıl ortanı həmişə tapmaq və qorumaq olur”.

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər