Laçında hava limanının açılışı, tarixi Zirvə görüşü - Hansı mesajlar verildi? - Deputatdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Laçında hava limanının açılışı, tarixi Zirvə görüşü - Hansı mesajlar verildi? - Deputatdan ŞƏRH

Qafar Ağayev15:42 - 30 / 05 / 2025
Laçında hava limanının açılışı, tarixi Zirvə görüşü - Hansı mesajlar verildi? - Deputatdan ŞƏRH

Mayın 28-də Azərbaycanın Laçın şəhərində tarixi əhəmiyyət daşıyan mühüm hadisələr baş tutub.

Belə ki, Müstəqillik günündə, şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq hava limanının açılışı oldu.

Açılış mərasimindən sonra isə Laçın şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və ev sahibliyi ilə qardaş ölkələrin liderləri – Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə yüksək səviyyəli Zirvə görüşü keçirilib.

Bəs görəsən Laçında baş tutan bu tarixi hadisələrin əhəmiyyəti nədir? Azərbaycan, Türkiyə Prezidentləri və Pakistan Baş nazirinin iştirakı keçirilən Zirvə görüşündə hansı mesajlar verildi?

Məsələ ilə Milli Məclisin deputatı Cavanşir Feyziyev 1news.az-ın suallarını cavablayıb.

- Azərbaycan Cümhuriyyətinin 107-ci ili—Müstəqillik Günü Laçında beynəlxalq hava limanının açılışı və Azərbaycan, Türkiyə, Pakistan dövlət başçılarının buradakı Zirvə görüşünün əhəmiyyəti nələrdən ibarətdir?

- 28 May xalqımızın həyatında dönüş yaradan bir tarixdir. Tarixdə ilk dəfə milli dövlət müstəqilliyimizin bütün dünyaya bəyan edildiyi bu gün müasir, müstəqil Azərbaycanın hər bir vətəndaşı üçün qürur və şərəf tarixidir. Məhz Müstəqillik Günündə işğaldan azad edilmiş ərazimizdə beynəlxalq hava limanının açılması və üç qardaş dövlət başçısının görüşü praktik əhəmiyyəti ilə yanaşı, həm də rəmzi məna daşıyır. Digər tərəfdən, Laçında istifadəyə verilən beynəlxalq hava limanı bütövlükdə Şərqi Zəngəzur və Qarabağ bölgəsinin ölkənin digər bölgələri, eləcə də dünyanın bir sıra ölkələri ilə hava nəqliyyatı bağlantısını təmin etmək, regionun iqtisadi və turizm potensialından daha səmərəli istifadə olunmasına imkan yaratmaq məqsədi daşıyır. Coğrafi baxımdan Laçın bölgəsi dövlət təhlükəsizliyi baxımından mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Belə bir regionda beynəlxalq hava limanının tikilməsi və istifadəyə verilməsi dövlətimizin geostrateji hədəfləri və təhlükəsizlik siyasəti ilə tamamilə uzlaşır. Belə mühüm tədbirdə Türkiyə, Azərbaycan və Pakistan liderlərinin iştirakı hadisəyə daha böyük təntənə qatır. Qardaş ölkə rəhbərlərinin yeni bərpa edilmiş Laçında bir araya gəlməsi Azərbaycanın artan nüfuzunun dünyaya nümayiş etdirilməsi kimi qiymətləndirilə bilər.

- Azərbaycan, Türkiyə və Pakistan arasındakı bu sıx əlaqələr regional sabitlik və təhlükəsizlik üçün hansı mesajları verir?

- Türkiyə və Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər kimi, bütün bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünü həm sözdə, həm də əməldə dəstəkləmiş dövlətlərdir. Azərbaycan əraziləri işğala məruz qalanda qardaş Türkiyə işğalçı ölkə ilə sərhədlərini bağlamış, Pakistan isə bu günə qədər Ermənistan dövlətini tanımayıb. 44 günlük Vətən müharibəsi zamanı da hər iki ölkə Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyib. Uzun illərin sınağından çıxmış bu dostluq və qardaşlıq münasibətləri hazırda ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini labüd edib. Xüsusilə son illərdə üç ölkə arasında hərbi-texniki əməkdaşlığın güclənməsi həm öz ölkələrimizin, həm də bölgədə yerləşən digər ölkələrin təhlükəsizliyinə ciddi zəmanətdir.
Laçın kimi strateji bir bölgədə beynəlxalq hava limanı kimi vacib bir infrastruktur layihəsinin həyata keçirilməsi də bölgədə strateji təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.

Cavanşir Feyziyev

- Bu tədbir Zəngəzur dəhlizi və daha geniş regional nəqliyyat planlarına necə təsir edə bilər?

- Zəngəzur dəhlizi region ölkələrinin bir-biri ilə nəqliyyat kommunikasiyaları şəbəkəsini genişləndirmək, iqtisadi-ticari və mədəni-humanitar əlaqələrin intensivləşməsini təmin etmək üçün olduqca əhəmiyyətli bir layihədir. Bu dəhliz, ilk növbədə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasına, eləcə də bütün türk coğrafiyasının quru yolları vasitəsilə birləşməsinə şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması bütövlükdə türk geosiyasi regionunun Avrasiya üçün əhəmiyyətini artıracaq, Avrasiya təhlükəsizlik arxitekturasında türk dövlətlərinin rolunu gücləndirəcək və onların qlobal təhlükəsizliyin təmin edilməsinə böyük töhfə vermək potensialını ortaya çıxaracaq.

Paylaş:
650

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər