“McLaren”dən dubl, Ferstappen xalsız qaldı!

Formula 1 çempionatı Şimali Amerikadakı bir yarışdan sonra Avropaya qayıdaraq mövsümün bu hissəsini Avstriya Qran Prisi ilə davam etdirdi.
1news.az xəbər verir ki, yarış Red Bull şirkətinə məxsus Şpilberqdəki trasda baş tutdu. Komandalar iki həftəlik fasilədən sonra bu mərhələyə yenilənmiş bolidlər və təkmilləşdirilmiş komponentlərlə gəldilər.
Cümə və şənbə günləri keçirilən məşqlərdə “McLaren” komandasının üstünlüyü nəzərə çarpdı. Sıralanma turunda da Lando Norris və Oskar Piastri ön sıraları ələ keçirdilər. “Ferrari” isə yeni altlıqla güclü təsir bağışladı və ilk iki cərgəyə düşməyi bacardı. Sıralanma turunun sürprizləri isə “Racing Bulls” pilotu Liam Louson və “Sauber”dən Qabriel Bortoletodan gəldi – hər ikisi şəxsi karyeralarında ən yaxşı nəticələrini əldə etdilər.
Yarışın startı texniki səbəblərlə təxirə salındı. “Williams” sürücüsü Karlos Saynsın maşınında baş verən yanğın start prosedurunu pozdu və ispaniyalı pilot yarışa qatıla bilmədi. Yenidən başlanan yarışda ilk döngələrdə bəzi mövqe dəyişiklikləri yaşansa da, əsas hadisə 3-cü döngədə baş verdi: “Mercedes”dən gənc Andrea Kimi Antonelli Maks Ferstappenlə toqquşdu və hər iki pilot üçün yarış vaxtından əvvəl başa çatdı.
Yarışın qalan hissəsində “McLaren” sürücüləri tempə nəzarət etdilər. Lando Norris pit-stop strategiyası və düzgün müdafiə ilə komanda yoldaşı Piastriyə üstünlük qazandı və mövsümdə üçüncü, karyerasında isə yeddinci qələbəsini əldə etdi. Piastri ikinci olaraq komandasına ardıcıl ikinci dublu yaşatdı. “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq mövsümdə dördüncü dəfə podiuma yüksəldi.
“Mercedes” sürücüləri bu dəfə arxa sıralarda qalıblar – Corc Rasl beşinci, Lyuis Hemilton isə dördüncü olsa da, hələ də “Ferrari”də podiumsuzluq seriyasını qıra bilməyib. Liam Louson altıncı yeri tutaraq karyerasında ən yüksək nəticəni göstərdi. Onu təcrübəli Fernando Alonso izlədi. Alonso finişə qədər “Aston Martin”in yetirməsi Bortoletonun təzyiqlərinə davam gətirərək yerini qorudu. Bortoleto isə ilk dəfə xallar qazanmağı bacardı. İlk onu “Sauber”dən Niko Hülkenberq və “Haas”dan Esteban Okon tamamladılar.
Qeyd edək ki, bu yarışda “Red Bull” komandası uzun illərdən sonra – 77 yarışlıq seriyadan sonra – ilk dəfə xalsız qaldı.
Çempionat cədvəlində fərqlər azalmağa davam edir. Oskar Piastrinin komanda yoldaşı Norris üzərində fərqi 15 xala enib. Ferstappen isə liderdən artıq 61 xal geridədir. Mühəndislər Kubokunda “McLaren” üstünlüyünü qoruyur, ikinci yerə yüksələn “Ferrari” isə “Mercedes”i cəmi bir xal qabaqlayır.
Mövsüm növbəti mərhələdə Silverstounda davam edəcək. Qeyd edək ki, Formula 1 tarixində ilk yarış da 75 il əvvəl məhz bu trasda baş tutub.