Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı - FOTO

Qafar Ağayev14:47 - Bu gün
Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı - FOTO

Türkiyə mədəni irsin davamlı şəkildə qorunması və əsl sahibinə qaytarılması istiqamətində apardığı uzunmüddətli səylərinə daha bir mühüm uğur əlavə etdi.

1news.az xəbər verir ki, Roma imperatoru Mark Avreliyə məxsus bürünc heykəl, 65 ildən sonra, ABŞ-ın aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində, Burdur vilayətindəki qədim Boubon şəhərindən oğurlandığı yerdən Türkiyəyə qaytarıldı. Heykəl illərlə ABŞ-ın Ohayo ştatındakı Klivlend İncəsənət Muzeyində nümayiş etdirilirdi.

Bu uğurlu geri dönüş, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Manhattan Prokurorluğu və ABŞ Daxili Təhlükəsizlik İstintaq İdarəsinin birgə səyləri nəticəsində mümkün olub.

II–III əsrlərə aid olan bu heykəl, Roma imperatorunun filosof obrazında təsvir olunması baxımından antik sənət tarixində nadir nümunələrdən hesab olunur. Anadolu ərazisində tapılmış ən dəyərli bürünc əsərlərdən biri kimi qiymətləndirilən heykəl, 1960-cı illərdə Burdurun Gölhisar rayonunda yerləşən Boubon şəhərindən qeyri-qanuni yollarla qazılaraq ölkədən çıxarılmışdı.

Zamanla bir neçə əlin dəyişən bu sənət nümunəsi sonda Klivlend İncəsənət Muzeyinin kolleksiyasına daxil olmuşdu. Uzun sürən hüquqi və diplomatik mübarizənin nəticəsi olaraq ABŞ-dan Türkiyəyə qaytarılan heykəl yaxın günlərdə Ankarada keçiriləcək xüsusi sərgidə ictimaiyyətə təqdim olunacaq.

Mark Avreliyə aid bürünc heykəlin əsl mənşəyi ilk dəfə olaraq Türkiyənin ilk qadın arxeoloqu, professor Jalə İnan tərəfindən üzə çıxarılmışdı. Onun araşdırmaları, 2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Manhattan Prokurorluğu və Daxili Təhlükəsizlik İstintaq İdarəsi (HSI) arasında birgə istintaqın başlanmasına zəmin yaratdı.

Bu beynəlxalq əməkdaşlıq nəticəsində Boubon mənşəli çoxsaylı artefakt – o cümlədən Roma imperatorları Lusius Verus, Septimius Severus və Karakallanın heykəl və büstləri də Türkiyəyə qaytarıldı. Aparılan illərlə davam edən elmi analizlər, arxiv sənədləri və hadisələrin canlı şahidlərinin ifadələri nəticəsində Mark Avreliyə aid heykəlin Boubon şəhərində yerləşən Sebasteion adlı monumental tikiliyə məxsus olduğu təsdiqləndi.

Bu elmi sübutlara əsaslanan Manhattan Prokurorluğu və ABŞ Daxili Təhlükəsizlik İstintaq İdarəsi Türkiyənin iddiasını əsaslı sayaraq, heykəlin Klivlend İncəsənət Muzeyindən müsadirə olunmasına qərar verdilər

Klivlend İncəsənət Muzeyi heykəlin Boubon şəhəri ilə əlaqələndirilməsinə dair qərardan apellyasiya şikayəti versə və məhkəməyə müraciət etsə də, Türkiyə öz iddiasını elmi sübutlarla əsaslandırmaq üçün analizlərin aparılmasına razılıq verdi. Bu məqsədlə 2024-cü ilin may ayında Türkiyə Mədəniyyət Nazirliyinin mütəxəssislərinin nəzarəti altında heykəlin ayağının silikon qəlibi götürüldü və qədim Boubon şəhərində tapılmış postamentlərlə tam uyğunluğu sənədləşdirildi. Eyni zamanda torpaq və qurğuşun-karbon nümunələri də son dərəcə diqqətlə toplandı.

Almaniyada yerləşən Curt Engelhorn Arxeometriya Mərkəzinin laboratoriyalarında professor Ernst Pernickanın rəhbərliyi ilə aparılan analizlər nəticəsində heykəlin Boubon şəhərindəki Sebasteion tikilisində yerləşdiyi qəti şəkildə təsdiqləndi. Bundan əlavə, heykəlin içərisindən götürülmüş torpaq nümunəsinin kimyəvi tərkibi və stronsium izotop göstəriciləri Boubon şəhərinə aid üç ayrı torpaq nümunəsi ilə və Burdur Arxeologiya Muzeyində saxlanılan və Boubon mənşəli olduğu qeyd edilən “Valerianus” heykəlinin içindən götürülmüş torpaq nümunəsi ilə demək olar ki, tam üst-üstə düşürdü.

Aparılan bu əhatəli elmi araşdırmalardan sonra Klivlend İncəsənət Muzeyi heykəllə bağlı hüquqi mübarizədən geri çəkilərək onun Türkiyəyə qaytarılmasına razılıq verdi.

Rəsmi açıqlamalar

Klivlend İncəsənət Muzeyi verdiyi rəsmi açıqlamada bildirdi:

“Muzey, heykəllə bağlı məsələlərin elmi əsaslarla həllinə aparan əməkdaşlığa görə Türkiyə rəsmilərinə və Manhattan Prokurorluğuna təşəkkürünü bildirir. Bu yeni araşdırmalar olmasaydı, heykəlin həmin ərazidə yerləşdiyini əminliklə müəyyən etmək mümkün olmazdı.”

Bu qərar həm muzey prinsiplərinə sadiqliyin, həm də mədəni irsin öz doğma torpağına qaytarılmasının vacibliyini əks etdirən konstruktiv yanaşma kimi qiymətləndirilir.

Manhattan Prokuroru Elvin Bragg bu beynəlxalq əməkdaşlığın dəyərini xüsusi vurğuladı. Onun sözlərinə görə, araşdırma çərçivəsində saysız şahid ifadələri alınıb və ətraflı məhkəmə-tibbi analizlər aparılıb ki, nəticədə heykəlin Boubon şəhərindən oğurlandığı dəqiq sübut olunub. O, muzeyin qərarını alqışlayaraq, mədəni irsin mənsub olduğu coğrafiyaya qaytarılmasının əhəmiyyətini bir daha vurğulayıb.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy isə bu əhəmiyyətli geri dönüşü sosial media hesabında “tarixi nailiyyət” kimi dəyərləndirib.

Nazir paylaşımında bildirib ki, Manhattan Prokurorluğu və ABŞ Daxili Təhlükəsizlik İstintaq İdarəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu proses, sadəcə bir artefaktın qaytarılmasından daha böyük mənaya malikdir – bu, diplomatiya, hüquq və elmin birgə gücü ilə əldə olunmuş tarixi uğurdur.

Baxmayaraq ki, proses ilkin mərhələdə bir sıra çətinliklərlə müşayiət olunurdu, yekunda qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda başa çatması gələcək əməkdaşlıqlar üçün sağlam zəmin yaratdı.

Bu nümunəvi hadisə eyni zamanda, mənşə ölkələri, istintaq orqanları və muzeylər arasında gələcək əməkdaşlıqlar üçün dəyərli bir presedent yaradır. Mədəni irs məsələlərinin şəffaf və sübuta əsaslanan dialoq vasitəsilə həllinin mümkünlüyünü nümayiş etdirən model kimi qiymətləndirilə bilər.

Türkiyənin mədəni irsi üçün qlobal hədəfi

Mark Avreliyə aid heykəlin Türkiyəyə qaytarılması yalnız mədəni qələbə deyil, həm də beynəlxalq hüquq, elm və diplomatiyanın birgə uğurudur. Eyni zamanda, bu hadisə Türkiyənin qədim əsərlərin qanunsuz ticarətinə qarşı mübarizəsində ən önəmli mərhələlərdən biridir.

Ölkə xaricə qaçaqmalçılıq yolu ilə çıxarılmış bütün mədəni irs nümunələrinin geri qaytarılması istiqamətində səylərini qətiyyətlə davam etdirir. Bu repatriasiya işləri, Türkiyənin zəngin mədəni irsinin qorunması və davamlı idarə olunmasına yönəlmiş geniş miqyaslı strategiyasının tərkib hissəsidir.

“Gələcək üçün İrs Layihəsi” çərçivəsində, mövsümdən asılı olmayaraq ölkə boyunca aparılan qazıntılar və bərpa işləri davam etdirilir. Türkiyə, 2026-cı ilə qədər arxeoloji tədqiqatların sayını 800-ə çatdırmağı hədəfləyir.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər