Bir evin iki nəfərə satılması: Bunun qarşısı necə alına bilər? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir evin iki nəfərə satılması: Bunun qarşısı necə alına bilər? - ŞƏRH

Oksana Orucova17:38 - Bu gün
Bir evin iki nəfərə satılması: Bunun qarşısı necə alına bilər? - ŞƏRH

Azərbaycanda daşınmaz əmlak bazarında, xüsusilə torpaq sahələrinin alqı-satqısı zamanı hüquqi sənədlərin olmaması, qeyri-rəsmi dövriyyə və nəzarətsiz satış halları son illər daha da aktuallaşıb.

Paytaxt və ətraf ərazilərdə çıxarışsız torpaqların sayının çoxluğu, bəzi hallarda isə bu ərazilərin qanunsuz şəkildə dövriyyəyə daxil edilməsi vətəndaşların ciddi maliyyə itkiləri ilə üzləşməsinə səbəb olur.

Bu sahədə hüquqi maarifləndirmənin yetərli olmaması, eləcə də bəzi alıcıların sənədləşmə prosesinə diqqətsiz yanaşması fırıldaqçılıq hallarının artmasına şərait yaradır.

Nəticədə eyni torpaq sahəsinin, mənzilin bir neçə şəxsə satılması, sənədsiz əmlakların dövriyyəsi və uzunmüddətli məhkəmə çəkişmələri kimi problemlər geniş yayılıb.

Bu barədə 1news.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, mövcud qanunvericiliyə görə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin çıxarışı olmalı və təyinatı yaşayış məntəqələri torpaqları kimi göstərilməlidir.

“Hazırda Bakı və Abşeron ərazisində çoxsaylı çıxarışsız torpaq sahələri mövcuddur. Bu torpaqların sənədlərinin olmaması və hasarlanmaması səbəbindən bəzən üçüncü şəxslər tərəfindən qanunsuz şəkildə digər insanlara satılması halları baş verir.

Torpaq sahəsi olan şəxslər ərazilərini mütləq hasarlamalı, giriş qapısı qoymalı və sənədlərini qaydasında saxlamalıdırlar. Əks halda, həmin torpaqlar sahiblərinin xəbəri olmadan satışa çıxarıla bilər.

Torpaq almaq istəyən vətəndaşlar isə mütləq çıxarışı və digər hüquqi sənədləri tələb etməli, həmçinin sənədlərdə göstərilən koordinatlarla real ərazinin uyğunluğunu yoxlamalıdırlar. Sənədsiz torpaqlarda aldanma ehtimalı daha yüksəkdir”.

Elnur Fərzəliyev

Məsələ ilə bağlı hüquqi qiymət verən Vəkillər Kollegiyasının üzvü Elcan Həsənli isə bildirib ki, əmlakın və ya torpaq sahəsinin bir neçə şəxsə satılması əsasən sənədləşmə ilə bağlı problemlərdən qaynaqlanır.

“Əgər əmlakın reyestrdən çıxarışı və dövlət qeydiyyatı varsa, belə halların baş verməsi demək olar ki, mümkün deyil. Bu cür hallar daha çox çıxarış olmadıqda və yalnız bələdiyyə sənədləri ilə satış aparıldıqda ortaya çıxır.

Dövlət qeydiyyatı olmadıqda eyni əmlakın bir neçə şəxsə satılması mümkündür ki, bu da hüquqi baxımdan dələduzluq sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, bu əməli törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Məsuliyyət isə mənimsənilən əmlakın həcmindən asılı olaraq dəyişir.

Bu cür halların qarşısının alınması istiqamətində dövlət tərəfindən müəyyən addımlar atılıb. Xüsusilə mənzil tikinti kooperativləri dövründə geniş yayılan problemlərin qarşısını almaq üçün qabaqcadan qeydiyyat və ƏDV-nin geri qaytarılması mexanizmləri tətbiq olunub.

Nəticədə, əvvəlki illərlə müqayisədə bu kimi hallar əhəmiyyətli dərəcədə azalıb. Lakin buna baxmayaraq, belə əməlləri törədən şəxslər dələduzluq cinayəti törətmiş hesab olunur və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilirlər”.

Elcan Həsənli
Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər