İxtisas seçimində diqqət olunmalı məqamlar – Seçimi abituriyent, valideyn, yoxsa ekspert etməlidir? | 1news.az | Xəbərlər
Cəmiyyət

İxtisas seçimində diqqət olunmalı məqamlar – Seçimi abituriyent, valideyn, yoxsa ekspert etməlidir?

Ayşən Salehli15:53 - Bu gün
İxtisas seçimində diqqət olunmalı məqamlar – Seçimi abituriyent, valideyn, yoxsa ekspert etməlidir?

Azərbaycan təhsil sistemi daha bir imtahandan ürəyitəlatümlü, “əliçərəkəli”, yan-yörəsi qohum-əqrabalı çıxaraq yeni tədris ilinə qucaq açmağı bacardı.

İndi isə qarşıda ixtisas seçimi mərhələsi dayanır. Abituriyentlərin qarşısında dağ kimi dayanan bu öhdəlik heç də həmişə uğurla nəticələnmir. Nəmlənən gözlər, boğulan səslər, qısnanan arzularla bu dağın yamacında ilişib qalan gənc qəlblərə sakit ürəklə baxmaq qeyri-mümkün olur. Bəs ixtisas seçimindən doğan məyusluqların qarşısını almağın yolları nələrdir? Gənclər ixtisas seçərkən nələrə diqqət etməlidirlər? Abituriyentlərə və onların valideynlərinə nələr tövsiyə olunur?

Suallarla bağlı 1news.az-a danışan təhsil eksperti Kamran Əsədov ixtisas seçiminin abituriyentlərin gələcək həyatı, sosial mövqeyi, iqtisadi rifahı və fərdi inkişafını müəyyən edən ən həlledici qərarlardan biri olduğunu qeyd edib:

“Təəssüf ki, bu qərar ölkəmizdə çox vaxt elmi əsaslarla deyil, emosional və ya kommersiya meyarları ilə verilir. Hazırda Azərbaycanda ixtisas seçimi prosesi sadəcə texniki bir əməliyyata çevrilib: bal yazılır, vakant yerlər açılır, sonra isə abituriyentlər, çox zaman valideynlərin təsiri altında, seçimi tamamlayır”.

O, pul müqabilində ixtisas seçimi ilə məşğul olan insanlardan da danışıb:

“Ixtisas seçimi zamanı diqqət yetirilməli əsas amil abituriyentin maraqları, bacarıqları və gələcək əmək bazarının real tələbləridir. Təəssüf ki, bu istiqamətlər üzrə nə sistemli məlumatlandırma aparılır, nə də peşəkar yönləndirmə mövcuddur. Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalları, vakansiya cədvəlləri və keçid balları ilə bağlı statistik bilgilər yetərli deyil. Elm və Təhsil Nazirliyi isə ixtisaslar, əmək bazarının perspektivləri, işəgötürənlərin tələbləri və trendlər barədə maarifləndirmə aparmaq əvəzinə, bu prosesi tamamilə DİM-in üzərinə atıb. Halbuki bu, təhsil strategiyasının və əmək bazarının koordinasiyasını tələb edən strateji məsələdir.

Bu boşluğun nəticəsi olaraq minlərlə abituriyent peşəkar məsləhət əvəzinə sosial şəbəkələrdə “ixtisas seçim paketi” təklif edən şəxslərin təsiri altına düşür. Hazırda bir çox “təlimçi”, “ekspert”, “mentor” ixtisas seçimi üçün 50-200 manat arası məbləğ tələb edir. Problem təkcə məbləğdə deyil. Bu şəxslərin heç bir pedaqoji və psixoloji hazırlığı, real təhsil təcrübəsi və əmək bazarı bilikləri yoxdur. Onların verdiyi tövsiyələr sadəcə keçmiş illərin bal cədvəllərinə əsaslanır və nəticədə abituriyent ya öz bacarığına uyğun olmayan, ya da əmək bazarında dəyəri olmayan ixtisaslara yönləndirilir. Belə “xidmətlər” həm valideynləri istismar edir, həm də gələcəkdə bu gənclərin peşəkar həyatında məyusluq doğurur”.

Ekspert valideynlərə də tövsiyə verməyi unutmadı:

“Valideynlərə burada əsas tövsiyə – övladlarının yerinə qərar verməmələridir. Valideynlər, xüsusilə aşağı bal toplayan abituriyentlərdə, ixtisas “qapmaq” üçün istənilən yola baş vururlar. Lakin unutmaq olmaz ki, əmək bazarında sadəcə diplom deyil, bilik, bacarıq və motivasiya həlledicidir. Yalnız keçid balına əsaslanaraq verilmiş qərarlar bir çox hallarda məzun olduqdan sonra işsiz gənclərin artmasına səbəb olur. Abituriyentin potensialı, maraqları və gələcək inkişaf imkanları əsas meyar olmalıdır. Valideynlər bu mərhələdə yalnız müşahidəçi və dəstəkçi olmalı, qərarı isə abituriyentin özünə buraxmalıdırlar”.

K. Əsədov dünya təcrübələrindən nümunələr göstərərək fikirlərinə davam edib:

“Müsbət nümunə kimi bəzi özəl universitetlər və texniki yönümlü ali məktəblər ixtisaslarla bağlı təqdimatlar, maarifləndirici seminarlar və tələbələrlə görüşlər təşkil edirlər. Lakin bu təşəbbüslər lokal xarakter daşıyır və ölkə üzrə geniş əhatəlilikdən uzaqdır. Nə Elm və Təhsil Nazirliyinin, nə də DİM-in bu sahədə strateji informativ platforması, peşəyönümünə dair psixoloji testlər, interaktiv resursları və ya mobil tətbiqləri yoxdur. Məsələn, bir çox Avropa ölkələrində – xüsusilə Finlandiya, Almaniya və Hollandiyada – abituriyentlər ixtisas seçməzdən əvvəl psixoloji testlər, maraq xəritələri və əmək bazarı analizlərinə əsaslanan avtomatlaşdırılmış sistemlərdən keçirlər. Bu sistemlər onları həm bacarıqlarına uyğun yönləndirir, həm də gələcək peşənin əmək bazarındakı dəyəri barədə məlumatlandırır.

Nə dəyişməlidir? Birincisi, Elm və Təhsil Nazirliyi ixtisas seçimini təkcə imtahan nəticəsinə əsaslanan texniki mərhələ kimi deyil, təhsil və məşğulluq strategiyasının əsas hissəsi kimi qəbul etməli, bu istiqamətdə milli strategiya hazırlamalıdır. İkincisi, abituriyentlər üçün interaktiv, dövlət dəstəyi ilə işləyən peşəyönümlü platformalar yaradılmalı, burada real əmək bazarı statistikası, məzunların iş tapma səviyyəsi, orta əməkhaqqı və peşə riskləri açıq şəkildə göstərilməlidir. Üçüncüsü, ixtisas seçimi prosesi ictimai və şəffaf şəkildə tənzimlənməli, pullu məsləhət xidmətlərinə nəzarət mexanizmləri qurulmalıdır. Bu gün abituriyentlərin gələcəyi “təcrübəsiz ekspertlər”in əlinə buraxılıb və bu, həm maddi, həm də mənəvi baxımdan cəmiyyətə ciddi ziyan vurur.

Son 5 ildə təəssüf ki, təhsildə bir çox qərarlar müəllim olmayan şəxslərin əlində cəmləşib. Müəllimlərin təcrübəsi, məktəb həyatını dərindən bilmək, real pedaqoji düşüncə bu proseslərdə nəzərə alınmır. İxtisas seçimi məsələsində də müəllimlər sadəcə müşahidəçi kimi qalır, halbuki onlar şagirdin bacarığını illərlə müşahidə edən yeganə peşəkar tərəfdir. Bu sistem dəyişməzsə, biz hər il eyni problemi yaşayacağıq – yüksək balla işsiz qalanlar, aşağı balla heç bir marağı olmayan ixtisasa yönələnlər və nəticədə peşəsinə hörmət etməyən, işindən məmnun olmayan bir nəsil yetişəcək”.

O, sonda sosial çağırış edərək fikirlərini belə tamamlayıb:

“Ixtisas seçimi – sadəcə ərizə doldurmaq deyil. Bu, bir ölkənin gələcəyinə verilən strateji qərardır. Bu qərarı pul qarşılığında, savadsız şəkildə və informasiyasız mühitdə formalaşdırmaq təkcə bir ailənin yox, bütöv bir cəmiyyətin gələcəyini risk altına atmaq deməkdir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə mövzuya bir qədər fərqli aspektdən yanaşdı:

“Ixtisas seçimini pul qarşılığında həyata keçirmək olar. Amma baxır necə və hansı şərtlərlə. Birincisi, ixtisas seçimi təkcə toplanan bala görə ötənilki keçid ballarını müqayisə edib 15 xananın doldurulması və abituriyenti 15-20 dəqiqəyə “başından etmək” deyil. Çox təəssüf ki, hazırda adlarını “ekspert” qoyan və TikTok başda olmaqla öz xidmətini sosial şəbəkələr vasitəsilə təqdim edənlərin bir çoxu məsələyə yalnız bu rakursdan baxır. Onlar üçün 10-15 günlük bu müddət konkret “bazar mövsümü” anlamındadır və bundan kənara çıxmır. Xüsusən də ilboyu repetitorluqla məşğul olan şəxslərin kütləvi şəkildə bu prosesə axın etməsi yolverilməzdir. Ixtisas seçimi sözsüz ki, beyin məhsulu kimi pullu xidmət olaraq da dəyərləndirilə bilər. Amma necə? Bu proses təkcə keçid ballarına əsaslanıb xanadoldurma prinsipindən kənara çıxmalıdır. Ixtisas seçimi həm də doğru-düzgün karyera bələdçiliyi, karyera məsləhətçisi funksiyası daşımalıdır. Seçimə təqdim olunan ixtisasın abituriyentin gələcək hədəflərinə uyğunluğu, onun xarakterik və digər göstəriciləri ilə balansı hesablanmalıdır. Daha sonra isə həmin ixtisasın əmək bazarındakı gələcək dəyərləndirilməsi aparılmalı və hər bir detal abituriyentin ixtiyarına verilməlidir. Belə olan təqdirdə, təbii ki, ixtisas seçimini ödəniş əsasında etmək o qədər də problemli sayılmaz”.

E. Nuri öz təcrübələrini bölüşərək əslində görülməli olan işlərdən bəhs edib:

“Sizə böyük məmnuniyyətlə öz ixtisas seçimi təcrübəmi deyim: biz yuxarıda adını çəkdiyimiz şəxslər kimi abituriyenti qətiyyən 15-20 dəqiqəyə yola salmırıq. Əksinə, onlarla bir neçə mərhələdə bu prosesi həyata keçiririk. Birincisi, mütləq şəkildə abituriyent və onun valideyni ilə bir saatlıq konsultasiya aparırıq. Daha sonra həm həmin konsultasiya, həm də abituriyent üçün xüsusi hazırladığımız suallara lazımi cavabları aldıqdan sonra abituriyent üçün təkliflər paketi hazırlayırıq. Həmin təkliflər paketi ixtisasların dəyərləndirilməsi və əmək bazarının incələnməsinə xidmət edir. Məhz bundan sonra ixtisas seçimini, kodlaşdırmanı aparırıq. Hələ bu da hamısı deyil – prosesin tam sonunda abituriyent tələbə adını qazandıqdan sonra onun üçün karyera bələdçi paketi hazırlayıram. Düşünürəm ki, buna faydalı xidmət demək olar. 15-20 dəqiqə qarşılığında ixtisas seçimi edənlər isə sadəcə puldan başqa heç nə düşünməyənlərdir. Valideynləri və abituriyentləri bu həssas zamanda onlara qarşı daha diqqətli olmağa çağırıram”.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər