Niderlandda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Niderlandda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

11:28 - Bu gün
Niderlandda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Niderlanddakı Səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar bədii-musiqili xatirə gecəsi təşkil olunub.

Bu barədə 1news.az-a səfirlikdən məlumat verilib.

Tədbirdə diplomatik korpusun, Niderland ictimaiyyətinin, bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək, Anım Gününün xalqımızın müasir tarixindəki xüsusi yerindən bəhs edib. Diplomat qeyd edib ki, bu əlamətdar gün Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əbədiyaşar xatirəsinə ehtiramın, xalqımızın qəhrəmanlıq irsinə sədaqətinin parlaq təcəssümüdür. Ermənistanın 30 illik hərbi təcavüzünün ağır nəticələri barədə danışan diplomat Azərbaycanın bu işğal ilə heç vaxt barışmadığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbəni yaxınlaşdırmaq üçün bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanların səfərbər edildiyini deyib. Diplomat 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımızın iradə və birliyini əks etdirən dəmir yumruq ətrafında birləşərək şanlı Qələbə tarixi yazdığını, bunun milli qürurumuzun, mübariz iradəmizin və əzmkarlığımızın təcəssümü olduğunu bildirib. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyinin tam təmin olunduğunu, Azərbaycanın beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdiyini və regionda yeni reallıq yaratdığını, bu tarixi qələbələrin fonunda 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. Diplomat çıxışında, habelə Vaşinqton sammitinin tarixi nəticələri, azad olunmuş ərazilərimizdə gedən bərpa və yenidənqurma işləri və “Böyük Qayıdış” siyasətinin uğurlu icrası barədə məlumat verib. Çıxışının sonunda şəhidlərimizin əziz xatirəsinin bütün xalqımız tərəfindən sonsuz minnətdarlıqla yad edildiyini deyib, qazilərimizə şəfa diləyib.

Tədbirdə çıxış edən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elsevər Məmmədov Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin qəhrəmanlığının hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını bildirib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bu müqəddəs mübarizədə göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu deyib. Avropada yaşayan soydaşlar olaraq, bu haqq və ədalət mübarizəsində daim dövlətimizin və xalqımızın yanında olduqlarını, haqq səsimizin duyurulması istiqamətində ardıcıl fəaliyyət göstərdiklərini, şəhidlərimizin xatirəsini ehtiramla andıqlarını vurğulayıb.

Tədbir çərçivəsində nümayiş etdirilən Anım Gününə, Prezident İlham Əliyevin fikirlərinə, 44 günlük Vətən müharibəsinə və şəhidlik zirvəsinə ucalan qəhrəmanlara həsr olunmuş videoçarxlar, eləcə də Niderlandda yaşayan Azərbaycanlı və türk musiqiçilərinin canlı ifasında səslənən Azərbaycan, Türkiyə və dünya bəstəkarlarının əsərlərindən ibarət bədii-musiqli proqram mərasimin emosional təsirini daha da gücləndirərək iştirakçılara unudulmaz anlar yaşadıb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər