“Prezidentin bu fikri elmə ideoloji və mənəvi ölçü gətirir” – Deputatdan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Prezidentin bu fikri elmə ideoloji və mənəvi ölçü gətirir” – Deputatdan ŞƏRH

Qafar Ağayev17:08 - Bu gün
“Prezidentin bu fikri elmə ideoloji və mənəvi ölçü gətirir” – Deputatdan ŞƏRH

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə etdiyi çıxış həm elmi inkişaf strategiyasının, həm də milli kimlik və mədəni özünüdərkin elmi əsaslar üzərində qorunmasının proqram sənədi kimi qiymətləndirilməlidir".

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin nitqi elmin yalnız texnoloji tərəqqi və iqtisadi yüksəliş üçün deyil, milli dəyərlərin, dilin və tarixi yaddaşın qorunması üçün də əvəzsiz vasitə olduğunu nümayiş etdirdi. Cənab Prezident bir daha təsdiqlədi ki, Azərbaycanda həyata keçirilən bütün siyasətin ideoloji təməlində milli kimlik dayanır və bu kimliyin əsas daşıyıcıları olan dil, mədəniyyət, elm və mənəviyyat bir-birindən ayrılmaz dəyərlər sistemidir.

Şahin Seyidzadənin sözlərinə görə, dövlət başçısının çıxışı milli elmi fikrin ideoloji mahiyyətini açır, Azərbaycan elminin həm maddi, həm də mənəvi tərəqqidə oynadığı mühüm rolu təsdiqləyir.

O qeyd edib ki, Prezident İlham Əliyev vurğuladı ki, AMEA-nın tarix, ədəbiyyat, dilçilik və mədəniyyət institutları xalqın mənəvi dirçəlişində mühüm missiya daşıyır. Bu, Ulu Öndər Heydər Əliyevin elmə və mədəniyyətə dair strateji xəttinin müasir mərhələdə davamıdır.

Deputat qeyd edib ki, Prezidentin “Elm milli dəyərlərin qorunmasında ən güclü sipərdir. Elmimiz tariximizi, dilimizi, mədəniyyətimizi qoruyur və gələcək nəsillərə ötürür”. fikri elmə ideoloji və mənəvi ölçü gətirir. AMEA-nın son illərdə həyata keçirdiyi layihələr – “Azərbaycan tarixi” çoxcildliyinin yeni nəşri, klassik irsin müasir tədqiqat metodları ilə işlənməsi, arxeoloji və etnoqrafik ekspedisiyaların təşkili elmin bu istiqamətdəki fəaliyyətinin bariz göstəricisidir. Prezident bu təşəbbüsləri yüksək qiymətləndirərək, milli kimliyimizin elmi əsaslarının qorunmasını dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirdi.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev nitqində Azərbaycan dilinin dövlətçilik və elm sistemindəki əhəmiyyətini xüsusi vurğuladı.

"Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin təməlidir. Bu yanaşma həm siyasi, həm də elmi baxımdan dərin məna daşıyır. Prezidentin təşəbbüsü ilə “Azərbaycan dili və ədəbiyyatı günü”nün təsis olunması, terminoloji sistemin təkmilləşdirilməsi, dilin süni intellekt texnologiyalarına inteqrasiyası istiqamətində verilən tapşırıqlar milli kimliyin texnoloji müstəvidə qorunmasına xidmət edir".

Deputatın fikrincə, Prezidentin “Elm və ideologiya bir-birini tamamlayan iki əsas sütundur. Elm ideologiyanı möhkəmləndirir, ideologiya isə elmin cəmiyyətə təsirini artırır”. fikri bu siyasətin mahiyyətini açır. Elm ideologiyanı möhkəmləndirir, ideologiya isə elmin cəmiyyətə təsirini artırır. Bu, Azərbaycan modelinin uğur sirridir – ölkəmizin elmi və mənəvi dəyərlərinin vəhdəti onu regionda aparıcı mərkəzə çevirib.

Şahin Seyidzadə həmçinin qeyd edib ki, Prezidentin çıxışında gənc nəslin elmə cəlb olunması məsələsinə xüsusi diqqət yetirilməsi gələcək üçün strateji çağırışdır. Cənab Prezidentin “Gənclər elmin aparıcı qüvvəsinə çevrilməlidirlər”. fikri elmin gələcəyi ilə milli kimliyin davamlılığını birləşdirən yanaşmadır. Bu istiqamətdə həyata keçirilən “Gənc Alimlər və Tədqiqatçılar Proqramı”, elmi təqaüdlər, xaricdə təhsil təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında elmi irsin qorunmasına, arxivlərin rəqəmsallaşdırılmasına, milli elmi bazanın müasirləşdirilməsinə də xüsusi önəm verib. “Keçmişin elmi nailiyyətlərinin gələcək nəsillərə ötürülməsi həm varislik prinsipinin, həm də milli məsuliyyətin ifadəsidir”. Bu, Azərbaycanın elmini qlobal səviyyədə rəqabətə çıxaran mühüm addımdır.

Sonda Şahin Seyidzadə bildirib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı Azərbaycan elminin və milli kimliyinin gələcək inkişaf yolunu müəyyən edən konseptual sənəd kimi tarixə düşəcək.

“Cənab Prezidentin “Elm bizim milli varlığımızın, dilimizin və dövlətçiliyimizin ayrılmaz hissəsidir”. fikri bu konsepsiyanın mahiyyətini tam ifadə edir. Elm, dil və milli dəyərlərin vəhdəti ölkəmizin gələcək nəsillər üçün daha güclü, müstəqil və intellektual bir Azərbaycan qurmaq məqsədinə xidmət edir”.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər