Milli Müdafiə Nazirliyi: C130 tipli hərbi yük təyyarəsinin qalıqları olan əraziyə baxış keçirilir - FOTO
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Azərbaycandan Türkiyəyə uçan C130 tipli hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğradığını açıqlayıb.
1news.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında yayılan məlumatda deyilir:
“Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan C130 tipli hərbi yük təyyarəmiz Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğramışdır. Axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılıb”.
Nazirlik şəhid olan hərbçilərin adlarını açıqladı
Hadisə nəticəsində şəhid olan hərbçilərin adları Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən açıqlanıb.
Nazirliyin paylaşdığı siyahıya əsasən, qəzada şəhid olan 20 hərbi qulluqçunun adları aşağıdakılardır:
Hərbi pilot polkovnik leytenant Gökhən Korkmaz, hərbi pilot mayor Serdar Uslu,
Hərbi pilot mayor Nihat İlgen,hərbi pilot leytenant Cüneyt Kandemir, təyyarə texniki leytenant Emre Mercan, təyyarə texniki baş çavuş Nuri Özcan, təyyarə texniki baş çavuş Ümit İnce, təyyarə texniki baş çavuş Hamdi Armağan Kaplan, təyyarə texniki baş çavuş Burak Özkan, təyyarə texniki baş çavuş İlker Aykut, təyyarə texniki baş çavuş Akın Karakuş, təyyarə texniki baş çavuş Emrah Kuran, təyyarə texniki baş çavuş Ramazan Yağız, təyyarə texniki çavuş Emre Altıok, təyyarə texniki çavuş Berkay Karaca, təyyarə texniki çavuş Burak İbbiği, təyyarə texniki çavuş İlhan Ongan, aviasiya təminat kiçik çavuşu Ahmet Yasir Kuyucu, hərbi nəqliyyat üzrə ixtisaslı çavuş Cem Dolapcı, hərbi nəqliyyat üzrə ixtisaslı çavuş Emre Sayın.
Təyyarənin qalıqlarına çatılıb
Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib ki, qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqlarına çatılıb.
Nazirliyin açıqlamasında qeyd olunur:
“Gürcüstan axtarış-xilasetmə qrupları saat 17:00-da təyyarənin qalıqlarına çatmışdır. Qalıqların yerləşdiyi ərazi qəza araşdırma (kaza kırım) qrupumuzun təhlili üçün təhlükəsizlik altına alınmışdır. Qəza araşdırma komandamız hadisə yerinə yola düşüb. Təyyarənin qəzaya uğrama səbəbi ərazidə aparılacaq ətraflı araşdırma nəticəsində müəyyən ediləcək.”
Nazirliyin məlumatına görə, təyyarənin qəzaya düşmə səbəbi hadisə yerində aparılacaq texniki araşdırmalardan sonra müəyyən ediləcək.
Axtarış-xilasetmə işləri davam edir
Milli Müdafiə Nazirliyinin bildirdiyinə görə, təyyarə Gürcüstan–Azərbaycan sərhədindən təxminən 5 kilometr məsafədə, Kaxeti bölgəsində qəzaya uğrayıb.
Hadisə ilə əlaqədar əraziyə çoxsaylı axtarış və xilasetmə qrupları cəlb olunub.
Gürcüstanın daxili işlər naziri Geka Geladzenin rəhbərliyi ilə aparılan əməliyyat Siqnaxi ərazisinə aid dağlıq ərazidə həyata keçirilir.
Nazirliyə tabe olan qüvvələr geniş ərazidə təhlükəsizlik kordonu qurub. Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürən avtomobillər göndərilib.
Axtarış-xilasetmə işlərinə Gürcüstan ordusunun hərbçiləri də qoşulub. Təhlükəsizlik məqsədilə hadisə yerinə yalnız vəzifəli şəxslərin daxil olmasına icazə verilir.
Jurnalistlərə isə təyyarənin qalıqlarından təxminən 250 metr məsafədə fəaliyyət göstərməyə şərait yaradılıb.
Qalıqlar üzərində araşdırmalara başlanılıb
Türkiyə Milli Müdafiə Nazirliyinin son açıqlamasında qeyd edilir:
“Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqları üzərində axtarış-xilasetmə və qəza araşdırma qrupunun işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə saat 06:30-da başlanılmışdır”.















