“Avant Group” yayımlanan reportajlara münasibət bildirib
Son günlər bəzi media resurslarında “Avant Group” MTK tərəfindən alıcılara ƏDV-nin geri qaytarılması mövzusu ilə bağlı bir sıra reportajlar yayımlanıb.
Həmin materiallarda səslənən iddiaların araşdırılmadan təqdim olunduğunu bildirən Avant Group yayılan məlumatlara reaksiya verərək rəsmi açıqlama yayıb.
Şirkətdən 1news.az-a bildirilib ki, əlavə dəyər vergisinin qaytarılması prosesi yalnız Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və MTK-nın bu prosesə birbaşa müdaxilə və ya təsir imkanları mövcud deyil. Alıcı ilə DVX arasında aparılan prosedura şirkət tərəf kimi qoşulmur.
Avant Group açıqlamasında həmçinin fəaliyyətinin tam şəkildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qurulduğunu vurğulayır. Şirkət hazırda Avant Park, Avant Vista, Avant Nova və Avenue8 layihələri üzrə tikinti işlərini davam etdirir, daha əvvəl isə “Sosial Mənzil” MTK layihəsini uğurla tamamlayıb. Hazırda MTK-nın payçı sayı 1800 nəfəri keçir.
Açıqlamada qeyd olunur ki, Prezidentin 25 may 2022-ci il tarixli fərmanı ilə təsdiq olunmuş ƏDV-nin qaytarılması mexanizmi üzrə portal yalnız həmin ilin noyabr ayında istifadəyə verildiyi üçün bəzi sakinlər sistemlə bağlı texniki çətinliklərlə üzləşmişdilər.
Şirkət satış proseslərinin rəsmi qaydada – payçı müqavilələri, elektron qaimə-fakturalar və yalnız bank ödənişləri əsasında aparıldığını, 2022–2024-cü illər üzrə vergi hesabatlarının tam şəkildə Dövlət Vergi Xidmətinə təqdim olunduğunu və vergi qanunvericiliyinin pozulması ilə bağlı hər hansı faktın mövcud olmadığını bildirir.
Avant Group yayımlanan reportajlarda səslənmiş rəqəmlərin də həqiqəti əks etdirmədiyini vurğulayır. Konkret olaraq, “400 nəfər” iddiası şişirdilmiş hesab edilir. Faktiki olaraq, hazırda ƏDV-nin geri qaytarılması ilə bağlı çətinlik yaşayan 79 nəfərə şirkət tərəfindən dəstək göstərilir. Şirkət həmçinin bildirir ki, “problemin guya 3 ildir davam etməsi” barədə iddialar da doğru deyil.
Açıqlamaya əsasən, şirkətə daxil olan hər bir müraciət fərdi qaydada araşdırılır, imtinaların səbəbləri təhlil edilir və sakinlərə müvafiq sənədlərin bərpası, arayışların təqdim edilməsi və müraciət prosesinin düzgün aparılması istiqamətində mütəmadi dəstək göstərilir.












