Ramiz Mehdiyev barədə hər kəsə bəlli həqiqət, və ya yaşatdığını yaşamadan ölməzsən
2012-2013-cü ililər Azərbaycan üçün həm daxildə, həm də xaricdə siyasi aktivliyin pik həddə olduğu dövr idi. 2013-cü ildə prezident seçkiləri keçiriləcəkdi və bu fon müxtəlif siyasi qrupların mövqelərini gücləndirmək cəhdlərini artırırdı.
Təkcə Rusiyadan deyil, Qərbdən də ölkəmizə saysız-hesabsız hücumlar olurdu, “facebook” söyüşçül gənclərin (xüsusən NİDA Gənclər Hərəkatı) tribunası çevrilmişdi, hakimiyyəti müdafiə edən şəxslər ən ağır təhqir və təhdidlərə məruz qalırdı. Uzaq keçmiş olmadığına görə siyasi mövqeyimizə görə hansı hücumlara məruz qaldığımızı çoxları xatırlayar.
Daha sonra həmin gənclərin çoxu səhvini anladı, xaricdən qrant aldıqları məlum oldu, bəziləri siyasi arenadan getdi, bir neçəsi cinsiyyətini dəyişdi, bəziləri xarici ölkələrə köçdü, bəziləri hələ də siyasi fəaliyyətlərini davam etdirirlər. Onlarla müxalifətin ən radikal tribunlarında debata çıxan biri və hər zaman demokratik müstəvidə sağlam diskussiyanın tərəfdarı olduğuma görə heç vaxt söyüş və təhqir dili ilə danışmadım. Çünki hər kəs sosial mediada öz ailə tərbiyəsini geniş kütləyə çatdırır.
Bütün bunların fonunda 2012-ci ilin sonlarında Azərbaycanda Milyarderlər İttifaqı - rəsmi adıyla Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) yarandı.
Qurumun üzvləri arasında Rusiyada yaşayan varlı azərbaycanlılar - biznesmenlər, oliqarxlar, ictimai xadimlər və s. vardı. Üzdə görünən məqsəd “Rusiyadakı azərbaycanlıların maraqlarını qorumaq”, onların birləşməsi və diasporun koordinasiyası idi.
Əsl məqsəd isə Rusiyada yaşayan varlı azərbaycanlıları (milyarderləri) bir çətir altında birləşdirərək Azərbaycanın daxili siyasətinə təsir etmək və hakimiyyəti zorla ələ keçirmək idi.
“Milyarderlər İttifaqı”nın 2013-cü il seçkiləri ərəfəsində qurulması heç də təsadüfi deyildi. Niyyət aydın idi: Rusiyada yaşayan milyarderlər maddi yardım göstərəcək, Azərbaycan daxilindəki müxalif qüvvələr də hakimiyyətə siyasi təzyiq edəcək və hakimiyyəti ələ keçirəcək.
“Milyarderlər İttifaqı” qısa müddət ərzində mətbuatda ifşa olunduğuna və Rusiyanın planı olduğu üzə çıxdıqdan sonra özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıraraq yeni libasa büründü və yeni təşkilat yarandı.
Bu qurum 2013-cü il prezident seçkiləri ərəfəsində müxalifət partiya və təşkilatlarını bir araya gətirmək üçün formalaşdırılmış geniş koalisiya idi. Milli Şuranın tərkibində olan əsas siyasi partiyalar isə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası idi. İlk sədri isə Milyarderlər İttifaqının parlayan ulduzu Rüstəm İbrahimbəyov oldu. Daha sonra o siyasətdən getdiyini açıqladı və Milli Şuranın sədri Cəmil Həsənli seçildi, parlayan simaları isə Əli Kərimli və Gültəkin Hacıbəyli oldu.
Elə bu 2 şəxsin son günlər Ramiz Mehdiyev ilə əlaqələrinin ortaya çıxması da təsadüfi deyil. Universitetdə adi müəllim olan Gültəkin Hacıbəylinin siyasətdə parlaması birbaşa Mehdiyevin hakimiyyətdə at oynatdığı dövrə təsadüf edir. Qərb Universitetində müəllim işləyən Hacıbəyli cəmi 27 yaşında ölkənin ən ali tribunasına - Milli Məclisə deputat seçilir. Bu baxımdan onun siyasi karyerasını 3 mərhələyə bölə bilərik:
- Mehdiyevin xeyir-duası ilə Milli Məclisin deputatı olduğu 2000-2010-cu illər
- Mehdiyevin diktəsi ilə müxalifətdə at oynatdığı illər (2013-2019)
- Mehdiyevdən sonrakı durğunluq dövrü - Blogerlik etdiyi dövrlər (2019-2025)
Müsahibəsində Ramiz Mehdiyevi “kristal” şəxs adlandıran Hacıbəyli bunun qarşılığını da artıqlaması ilə alıb. Bu günlərdə mediada yayımlanan xəbərdə sübut olundu ki, Mehdiyev ona Bakının mərkəzində 179 və 178 kvadrat metrlik 2 ev hədiyyə edib, eyni zamanda 2 dəfə də mandat sahibi olub. Sadiqlik o qədər güclü olub, daha sonra müxalifətə keçib, yenə də ona “işləyib”.
Elə 2019-cu ildən sonra (Mehdiyevin işdən çıxdığı dövr) Milli Şuranın heç bir aksiya və mitinq keçirmədiyi də bir daha onu sübut edir ki, bu qüvvələrin hərəkətverici qüvvəsi məhz Gültəkin Hacıbəyli olub. Hakimiyyətə gəlmək üçün rəngdən rəngə bürünən, şeytanla belə əməkdaşlığa hazır olan Əli Kərimli elə bu yolla hakimiyyəti zorla ələ keçirməyə çalışıb. Bu günlərdə də bütün bunlar ifşa olundu.
2025-ci ilə ilahi ədalətin təntənəsi ili də deyə bilərik. Bəlkə də Allah Ramiz Mehdiyevə 87 il ömrü ona görə verdi ki, etdiyi bütün cinayətlər və xəyanətlər üzə çıxsın. Həqiqətən də heç kim yaşatdığını yaşamadan bu dünyadan köçməzmiş…
Müəllif: Hacibey Heyderli












