Heyvan sağlamlığı üçün dezinfeksiya olunan ərazilər açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Heyvan sağlamlığı üçün dezinfeksiya olunan ərazilər açıqlanıb

Qafar Ağayev09:38 - Bu gün
Heyvan sağlamlığı üçün dezinfeksiya olunan ərazilər açıqlanıb

AXA ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində kompleks tədbirlərini davam etdirir.

1news.az xəbər verir ki, həyata keçirilən profilaktik tədbirlər çərçivəsində AXA əməkdaşları tərəfindən ümumilikdə 10 067 970 kv.m2 ərazidə dezinfeksiya tədbirləri həyata keçirilib.

Heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərinin həyata keçirilməsi heyvan sağlamlığının qorunması, məhsuldarlığın artırılması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsərrüfatlarda heyvanların saxlanıldığı tikililər, tikili ətrafı ərazilər, avadanlıqlar və inventarlar qanunvericiliyə uyğun olaraq mütəmadi dezinfeksiya olunmalıdır. Dezinfeksiya tədbirləri bakteriya, virus, göbələk və parazit kimi patogenlərin məhv edilməsinə şərait yaradır.

Müntəzəm dezinfeksiya tədbirləri eyni zamanda zoonoz xəstəliklərin qarşısını almağa və təsərrüfatlarda biotəhlükəsizlik tədbirlərini gücləndirməyə kömək edir. Həyata keçirilən tədbirlər fermerlər üçün iqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Belə ki, davamlı tədbirlər müalicə xərcləri, heyvan tələfatı və məhsul itkilərini minimuma endirir.

Nəticədə, heyvandarlıq fermalarında dezinfeksiya tədbirləri planlı, mütəmadi və müvafiq standartlara uyğun həyata keçirilməli, bu yolla həm heyvanların sağlamlığı qorunmalı, həm də dayanıqlı və təhlükəsiz heyvandarlıq məhsulları istehsal edilməlidir.

AXA fermerlərin nəzərinə çatdırır ki, dezinfeksiya tədbirləri yalnız təlimata uygun olaraq baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əks təqdirdə məhlulun düzgün hazırlanmaması və tətbiqi heyvan tələfatına səbəb ola bilər. Bununla bağlı heyvan sahibləri AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon idarələrinə müraciət etməsi tövsiyə olunur.

Qeyd edək ki, vətəndaşların müraciəti əsasında aparılan dezinfeksiya tədbirləri baytarlıq xidmətlərinin tariflərinə uyğun tənzimlənir.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər