İslam Səfərli küçəsində “Piyada inqilabı”: Müvəqqəti narahatlıqlar uzunmüddətli rahatlığa çevrilir - VİDEOREPORTAJ
Paytaxtda Fəvvarələr Meydanı ilə Qış Parkını birləşdirəcək vahid piyada məkanının yaradılması istiqamətində genişmiqyaslı işlər davam edir.
Qabaqcıl dünya təcrübəsinə əsaslanan layihə çərçivəsində İslam Səfərli küçəsi mərhələli şəkildə tam piyada zonasına çevrilir.
Şəhərin yeni siması ilə bağlı paytaxt sakinlərinin fikrini öyrənmək qərarına gəldik.
Bir çox sakin işlərin həddindən artıq uzun çəkməsini qeyd edib, bəziləri isə yenidənqurmanın ayrı-ayrı hissələr üzrə aparılmasını arzu etdiklərini bildiriblər. Bununla belə, ümumilikdə şəhər sakinləri vurğulayırlar ki, ərazinin abadlaşdırılması istirahət və rahat hərəkət üçün çox yaxşı şərait yaradır. Eyni zamanda sakinlərin əsas istəyi fövqəladə hallar zamanı xüsusi texnikanın maneəsiz hərəkətinin təmin olunmasıdır.
Biz də öz növbəmizdə bu məsələ ilə bağlı aidiyyəti quruma - Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik.
“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Bakıda piyada zonalarının yaradılması və genişmiqyaslı abadlıq işləri davam etdirilir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri paytaxt sakinləri və qonaqları tərəfindən ən çox ziyarət olunan ərazilərdən olan İslam Səfərli küçəsini əhatə edir. Hazırda küçənin piyada yönümlü formata çevrilməsi istiqamətində intensiv işlər aparılır”, - deyə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Bizə təqdim olunan məlumatda, həmçinin qeyd olunur ki, küçə boyunca mövcud kommunikasiya xətləri tam şəkildə yenilənib. Davam edən abadlıq işləri çərçivəsində İslam Səfərli küçəsində piyada zonası yaradılır: ərazinin böyük hissəsində beton örtük döşənib, yaşıllaşdırma üçün xüsusi sahələr hazırlanıb və işıqlandırma dirəklərinin quraşdırılmasına başlanılıb.
“Müəyyən bir hissədə daş örtüyün döşənməsi artıq başa çatdırılıb. Ayrı-ayrı zonalarda oturacaqlar quraşdırılıb, ümumi görünüş isə mərhələli şəkildə müasir piyada məkanlarının standartlarına uyğunlaşdırılır. Bu işlər uzunluğu bir kilometri keçən ərazini əhatə edir”, - məlumatda qeyd olunur.
Bakı Şəhər İcra Hakimiyyətində, həmçinin bildirilib ki, sözügedən layihə təkcə şəhərin estetik görünüşünün yaxşılaşdırılmasına deyil, eyni zamanda piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına xidmət edir.
Bu mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzoyevi də fikirlərini öyrənmək üçün dinlədik.
Ekspertin sözlərinə görə, İslam Səfərli küçəsinin yenidən qurulmasının əsas məqsədi Qış Parkı ilə Fəvvarələr Meydanı arasında birləşdirici həlqə yaratmaqdır. İslam Səfərli küçəsi doqquz digər küçə ilə kəsişir: Mirzəağa Əliyev, Dilara Əliyeva, Bəşir Səfəroğlu, Molla Vəli Vidadi, Süleyman Tağızadə, Nizami və Lev Tolstoy küçələri.
“Bu küçələrlə nəqliyyat əlaqəsi saxlanılacaq, lakin piyada üstünlüyü təmin ediləcək. Kəsişmələrdə sürücüləri sürəti azaltmağa məcbur edəcək qaldırılmış piyada keçidləri salınacaq. Gözlənilir ki, nəqliyyatın ən sıx axını tranzit funksiyası daşıdığı üçün Lev Tolstoy küçəsində qalacaq, lakin orada da üstünlük piyadalara veriləcək. Fövqəladə hallar zamanı isə xüsusi təyinatlı nəqliyyat vasitələri zərurət yarandıqda bu küçədən maneəsiz keçə biləcək”, - deyə R. Ağamirzoyev bildirib.
Nəqliyyat üzrə ekspert əlavə edib ki, oxşar sxem hazırda Fəvvarələr Meydanında və Nizami küçəsində də tətbiq olunur. “Fövqəladə hal” anlayışının özü operativ xidmətlərin hadisə yerinə mümkün qədər tez çatmasını təmin edən xüsusi hərəkət rejimini nəzərdə tutur.
“Vacib hesab etdiyim bir məqam da budur: əgər piyada zonası yaradırıq və ərazilərin əlaqəliliyindən danışırıqsa, Qış Parkının hər iki tərəfində yerləşən küçələrdə işıqforla tənzimlənən yerüstü piyada keçidləri qurulmalıdır. Bu, insanların İslam Səfərli küçəsi istiqamətində və geriyə -Füzuli küçəsinə doğru eyni səviyyədə, yeraltı və ya yerüstü keçidlərdən istifadə etmədən rahat hərəkət etməsinə imkan verər”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Biz də öz növbəmizdə ümid edirik ki, qarşıdakı dəyişikliklər Bakını daha da gözəlləşdirəcək. Tarixi küçələrin müasir piyada məkanlarına çevrilməsi şəhər həyatının keyfiyyətinə mühüm sərmayədir. İşlərin miqyası ilə bağlı müvəqqəti narahatlıqlara baxmayaraq, yenilənmiş ərazi təhlükəsizlik, əlçatanlıq və estetik dəyərlərin vəhdət təşkil etdiyi, dünyanın ən gözəl şəhərlərindən birinə layiq sevimli gəzinti marşrutuna çevriləcək.
Müəllif: Faiqə Məmmədova
FOTO - VİDEO: Nadir İbrahimli



















