Atalıq məzuniyyəti: Azərbaycanlı atalar bu imkandan istifadə edəcəklərmi? – Paytaxt sakinləri ilə VİDEOSORĞU | 1news.az | Xəbərlər
1news TV

Atalıq məzuniyyəti: Azərbaycanlı atalar bu imkandan istifadə edəcəklərmi? – Paytaxt sakinləri ilə VİDEOSORĞU

11:42 - Bu gün
Atalıq məzuniyyəti: Azərbaycanlı atalar bu imkandan istifadə edəcəklərmi? – Paytaxt sakinləri ilə VİDEOSORĞU

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri kimi gündəmdə qalmaqdadır.

Bu dəyişikliklərə əsasən, atalar övladının dünyaya gəlməsi ilə əlaqədar 14 günlük ödənişli məzuniyyət hüququ əldə ediblər.

Qeyd etmək lazımdır ki, belə təcrübə əvvəllər də mövcud idi, lakin həmin dövrdə bu məzuniyyət müddəti ödənişsiz idi. Yeni qaydalara görə bu hüquqdan istifadə etmək üçün vətəndaşın tibb müəssisəsindən müvafiq arayış təqdim etməsi kifayətdir.

Bu məzuniyyət həm doğuşdan əvvəlki, həm də sonrakı dövrü əhatə edə bilər ki, bu da atalara ən mühüm, məsuliyyətli və həyəcanlı dövrdə həyat yoldaşlarına lazımi dəstək olmaq və vaxtlarını körpələrinə həsr etməyə imkan verir.

Bu yeniliyin müxtəlif nəslin nümayəndələri tərəfindən necə qarşılanması və müasir ataların iş mühitini ev qayğıları ilə əvəz etməyə həqiqətən hazır olub-olmaması bizə çox maraqlı gəldi.

Sosial şəbəkələrdə qadınlar arasında apardığımız sorğu göstərdi ki, bir çoxunun həyat yoldaşları belə bir dəyişikliklər olmadan da öz hesablarına məzuniyyət götürərək ailələrinə köməklik ediblər. Respondentlərin sözlərinə görə, kişilər həm körpənin qayğısına qalmaqda, həm də ev işlərində fəal iştirak ediblər.

Beləliklə, müxtəlif yaş qruplarından olan şəhər sakinlərinin və ələxsus kişilərin fikirlərini öyrənmək üçün paytaxt küçələrində sorğu keçirdik.

Onların əksəriyyəti bu təşəbbüsü müsbət qarşıladı, bəziləri isə yalnız belə bir məzuniyyətin əvvəllər ödənişsiz olmasına təəssüf etdiklərini bildirdilər.

Yaşlı nəslin nümayəndələri - nənə və babalar isə öz gənclik illərini nostalji ilə xatırlayaraq qeyd etdilər ki, onların ailələrində qarşılıqlı yardım həmişə təbii bir hal olmuşdur və heç bir maddi stimulla bağlı olmamışdır.

Göründüyü kimi, ailələrimizdə qarşılıqlı dəstək ənənələri hər zaman yaşayıb, lakin indi ödənişli məzuniyyətin tətbiqi ilə yaxınlara dayaq olmaq daha asan və xoş olacaq.

Faiqə Məmmədova

Video: Nadir İbrahimli

Paylaş:
159

Son xəbərlər

Bütün xəbərlər