Fərqli Qətər: Dohadan kənarda nələr gizlənir? - FOTO
Son 3 ildə Qətər azərbaycanlı turistlər üçün ən cəlbedici istiqamətlər siyahısına inamla daxil olub - Kazunion Touroperator Azerbaijan by Rustar şirkətinin AZAL ilə birgə açdığı birbaşa reys, yüksək xidmət səviyyəsi, təhlükəsizlik və komfort ölkəni həm qısamüddətli səfərlər, həm də tam məzuniyyət üçün populyar seçimə çevirib.
Bu gün Qətər çimərlik istirahətini, mədəni kəşfləri və Şərq ekzotikasını bir səyahətdə birləşdirmək istəyənlər üçün ideal istiqamətdir. Bununla belə, əgər sizə elə gəlirsə ki, Qətər yalnız Dohanın göydələnlərindən, muzeylərindən və ticarət mərkəzlərindən ibarətdir, yanılırsınız. Bu şəhərin hüdudlarından kənarda xeyli maraqlı yerlər gizlənib. Paytaxtın ritmindən uzaqda sizi daha autentik, daha sakit, zəngin təbiətə və tarixə malik tamamilə fərqli bir Qətər gözləyir. Bu məqalədə sizə Qətərin niyə təkcə Dohadan ibarət olmadığı və ölkənin həqiqətən müxtəlifliyi və qeyri-adilikləri ilə tanış olmaq üçün hansı şəhərləri, kurortları və guşələri marşrutunuza daxil etməyin lazım olduğu barədə danışacağıq.
ƏL-XOR
Əl-Xor - Qətərin şimalında yerləşən şəhərdir. Əvvəllər balıqçıların yaşayış məskəni və mirvari çıxarma mərkəzi olan bu şəhər hazırda aktiv şəkildə inkişaf edir. Dohadan çox da uzaqda yerləşməyən Əl-Xor neft-qaz sənayesinin mühüm qovşağıdır. Yaxınlıqda yerləşən Ras-Laffan sənaye mərkəzi və “North Oil” şirkəti şəhərdə nəzərəçarpacaq sənaye izləri buraxsa da, bunun arxasında zəngin təbiət gizlənir.
Şəhərin ətrafında qədim Əyn-Xlitan quyusu, Əl-Xor qüllələri, Əl-Təkir manqrov meşələri, “Purple” (Bin-Qannam) adası, Əl-Fərkiya çimərliyi, Əl-Xor parkı və zooparkı, həmçinin 2022-ci ildə Qətərdə keçirilmiş futbol üzrə Dünya Çempionatının açılış oyununun baş tutduğu “Əl-Bayt” stadionu yerləşir.
DUHAN
Duhan - Qətərin qərbində yerləşən sənaye şəhəridir. Ərazidə neft kəşf edildikdən sonra məşhurlaşmış, ziyarətlər və fotoçəkilişlər üçün məhdudlaşdırılmışdır, lakin şəhərin ətrafı səyahət həvəskarları üçün əsl tapıntıdır. Buranın mənzərəli təbiət landşafı, unikal incəsənət obyektləri və görməli yerləri göz oxşayır.
Yaxınlıqda yerləşən ziyarət edilməli yerlərin bəziləri bunlardır: Duhan çimərliyi - Ərəb körfəzinə gözəl mənzərə açılan, təmiz qumlu sakit məkan; Zikrit – qədim Qətərin memarlığını və mədəniyyətini təcəssüm etdirən tarixi yaşayış məskəni, keçmişin nəfəsinin hiss olunduğu məkan; Riçard Serranın “East-West/West-East” instalyasiyası - monumental formaları heyranlıq doğuran müasir incəsənət obyekti; “Film City” - tematik kino sənayesi parkı, çəkilişlərin atmosferinə qərq olmaq və canlı fotolar çəkmək üçün ideal məkan.
MƏDİNƏT-ƏŞ-ŞƏMAL
Mədinət-Əş-Şəmal - Qətərin ən şimal şəhəridir. Şəhərin əsası 1970-ci illərdə qoyulmuşdur. Bu gün ölkənin ən sakit və az məskunlaşmış bölgələrindən biridir, ətrafında tərk edilmiş balıqçı kəndləri və insanların il boyu sakitlikdən həzz almaq və dənizdə çimmək üçün gəldiyi çimərliklər var. Burada təmiz suyun və sakit atmosferin harmoniyası olan Fuveyrit, Şəmal, Maruna, Ras-Matbax və Əl-Qaria çimərliklərini ziyarət etmək tövsiyə olunur, Fuveyrit çimərliyində isə yazda bissi tısbağaları yumurtadan çıxır, ona görə də aprel ayından iyul ayına qədər ərazi onların qorunması üçün bağlı olur.
ƏR-RUVAYS
Ər-Ruvays - Mədinət-Əş-Şəmalın şərqində yerləşən, sakit atmosferi və mənzərəli yerləri ilə tanınan kiçik sahil şəhərciyidir. Burada səyahətçiləri rahatlığın və dəniz romantikasının nadir ahəngi gözləyir: keçmiş polis məntəqəsinin binasında Ərəb körfəzinə mənzərə açılan və əla qəhvəsi ilə tanınan “Arsan Café” fəaliyyət göstərir, onun bir neçə addımlığında isə şəffaf dayaz suyu olan sakit çimərlik yerləşir.
ABU-ZALUF
Abu-Zaluf Mədinət əş-Şəmalın qərbində yerləşir və faktiki olaraq onun davamıdır. Qətərin şimalında yerləşən, ən rahat və yaşıl parklardan biri sayəsində diqqəti cəlb edən bu sakit sahilyanı kənd ailəvi istirahət və xoş gəzintilər üçün ideal məkandır.
Yaşıllığa qərq olmuş bu parkda uşaqlar üçün oyun zonaları, piknik meydançaları və təhlükəsiz dayaz sulu çimərliyə çıxış yerləşir. Amma bu da hələ son deyil. Regionun ən gözəl günbatımlarından birinə mənzərə də məhz burada açılır: dənizin üzərində qürub edən günəşin şəfəqləri Abu-Zalufu xəyallarda canlandırdığımız kadra çevirir.
MESAYİD
Mesayid – XX əsrin ortalarında “Qatar Petroleum” tanker terminalının əsasının qoyulduğu Qətərin strateji əhəmiyyətli neft-qaz şəhəridir. Yaxınlıqda yerləşən Silayn çimərliyi su idmanı, səhra safarisi və mənzərəli gün batımı həvəskarları arasında məşhurdur. Xor Əl-Adayid (Daxili dəniz) və onu əhatə edən təpələr, hərəkət edən qumun qeyri-adi səslər çıxardığı “oxuyan qum təpələri” fenomeni ilə tanınır.
ƏL-VƏKRƏ
Əl-Vəkrə - Dohadan cənubda yerləşən, ənənəvi atmosferi və müasir infrastrukturu harmonik şəkildə birləşdirən tarixi sahil şəhəridir. Burada yerləşən ən diqqətçəkən məkan köhnə “Souq Al Wakrah” bazarıdır. Bazar dar küçələri, ənənəvi memarlığı, sənətkarlıq məhsullarının və ədviyyatların satıldığı mağazaları, həmçinin köhnə şəhərin sahilboyu ərazilərində yerləşən kafeləri ilə fərqlənir. Əl-Vəkrənin sahil xətti dəniz dalğalarının sakitlik gətirən səsi fonunda rahat gəzintilər üçün ideal məkandır, bazarın yanında isə geniş çimərlik yerləşir.
Qətər müxtəlifliyi ilə təəccübləndirməyi bacarır. Bu ölkə aktiv və passiv istirahət imkanları, şəhərləri və təbiəti, tanışlığı və gözlənilməzliyi ilə seçilir. Burada çimərlik və səhra safarisi sevənlər, incəsənət və memarlıq həvəskarları, ailəvi səyahət və təkbaşına istirahət aşiqləri üçün hər şey var. Hansı marşrutu seçmək isə artıq sizdən asılıdır!
Reklam hüququnda












