İKTA sədri: Azərbaycanda internetinin orta sürəti 150–200 Mbit/s səviyyəsinə yüksəlib
“Son illər Azərbaycanda rəqəmsal infrastrukturun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr nəticəsində internet şəbəkəsinin keyfiyyəti və ötürmə sürəti nəzərəçarpacaq dərəcədə yüksəlib, orta göstəricilər artıq 150–200 Mbit/s diapazonuna çatıb”.
1news.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı danışıb.
O bildirib ki, son illərdə ölkədə genişzolaqlı internetə çıxış imkanları xeyli genişlənib, ümumi sürət göstəriciləri 8 dəfə artıb, fiber-optik infrastruktur isə 13 dəfə böyüyüb. Onun sözlərinə görə, regionlarda da keyfiyyətli və dayanıqlı internet bağlantısının təmin olunması istiqamətində sistemli işlər davam etdirilir.
N.Mərdanov qeyd edib ki, internetin keyfiyyəti yalnız sürət göstəricisi ilə ölçülmür: gecikmə (latency), bağlantının sabitliyi və eyni vaxtda çoxsaylı cihazların şəbəkəyə qoşulma imkanları da mühüm amillərdir.
O vurğulayıb ki, rəqəmsallaşma prosesinin sürətlənməsi, ev təsərrüfatlarında internetə qoşulan cihazların sayının artması və onlayn xidmətlərə tələbatın yüksəlməsi şəbəkəyə düşən yükü artırır.
“Bu səbəbdən İKTA tərəfindən internet xidmətlərinin keyfiyyətinin tənzimlənməsi, provayderlərin fəaliyyət göstəricilərinin daimi monitorinqi və vətəndaş müraciətlərinə operativ reaksiya mexanizmləri gücləndirilib”, – deyə İdarə Heyətinin sədri əlavə edib.
İKTA rəhbəri sonda vurğulayıb ki, internet xidmətlərinin şəffaf və effektiv təşkili üçün vətəndaşların rəsmi platformalar vasitəsilə müraciət imkanları genişləndirilib və daxil olan şikayətlərin icrası üzərində nəzarət mexanizmləri daha da təkmilləşdirilib.












