DİM: Telefon aşkarlanan 9 nəfər imtahandan xaric edilib
Bu gün Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanında 9 nəfər mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
1news.az DİM-ə istinadən xəbər verir ki, qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.
Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.












